Üç əlili olan ailənin sosial yardımı kəsilib

Üç əlili olan ailənin sosial yardımı kəsilib

15-01-2018 00:58 / Bu xəbər 1845 dəfə oxundu

Üç üzvü əlil olan Osmanovlar ailəsi gözlərini dikdikləri sosial müavinətdən də uzaq düşüblər. 

Ailə 2015-ci ildən aldığı 470 manatlıq sosial yardımın hesabına yaşayıb, ehtiyaclarını ödəyib. Xəstəlik və sıxıntı içində yaşayan Osmanovların 2017-ci ilin dekabrından yardımı da kəsilib.

"Mənim 3 ildir aldığım pulu niyə kəsiblər, bilmirəm. Məndə heç bir dəyişiklik olmayıb. Nə işləyirəm, nə də imkanın yaxşılaşıb. Yeri gəlsə, daha da pisləşib. Uşaqlarım böyüyüb, məktəbə gedir. Bizdə də əlil bir nəfər deyil. İki körpə uşaqdır, ikisi də əlil”, - deyir Firdovsi Osmanov.

Sosial Müdafiə Fondunun yaşadığı Binəqədi, eləcə də qeydiyyatda olduğu Sumqayıt şöbələrindən Firdovsi Osmanova deyiblər ki, ona yardımın düşür. Özü elektron qaydada müraciət etdikdə isə cavab mənfi olur. 

"İndi kompüterlə müraciət etməliyik. Adam da görmürsən ki, soruşasan niyə belədir?”

Osmanovlara gələn cavabda bir ailənin sosial yardım almaq hüququndan məhrum olmasının iki halı göstərilib:

- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;
- ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduqda.

Osmanovların kommunal ödənişlərə 1000 manata yaxın borcu yığılıb. Firdovsi Osmanov hər ay verilən sosial yardımdan 50 manat ayırıb borclarını ödədiyini deyir. İndi isə əlacsız qalıb.

"Mehriban xanım danışır ki, Gürcüstana qaz veririk. Rövnəq Abdullayev deyir ki, humanistlik edirik. Amma mən qazpulunu verə bilmirəm. Mən yaşaya bilmirəm. Səlim Müslümova müraciət edirəm, gərək özünü yandırasan ki, baxsınlar? Mətbuat katibi məni tanıyır, müavinləri tanıyır, 4-5 müavininin qəbulunda olmuşam”, -deyə Firdovsi Osmanov gileylənir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən şikayətçinin işinin araşdırılacağı söylənildi.

"İndi lap pisdir səhhəti, ağrıları var. Elə bilirəm bunun da vaxtında az qalıb. Bunu da itirəcəm”, - Nübar Osmanova ağrısını dilə gətirir.

İndi ailənin yeganə gəlir mənbəyi 44 yaşlı birinci qrup əlil Ülviyyənin və anasının aldığı pensiyadır. Onunla da borc-xərc edib birtəhər yaşamağa çalışırlar.

Çəkilişdən sonra Firdovsi Osmanov Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinə çağırılıb. Ona növbəti həftə sosial yardımla bağlı kömək olunacağı deyilib.