"Üç kənd köçmək təhlükəsi ilə üz-üzə qalıb" - Lerik sakinləri

25-12-2018 14:21 / Bu xəbər 2296 dəfə oxundu

Üç kəndin sakinləri Prezident Administrasiyasına gəlməyi planlaşdırırlar

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri etiraza başlayıblar.

Bu barədə Arqument.Az-a rayon sakinləri məlumat veriblər. 

Onlar bildiriblər ki, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur. Belə ki, bu gün bütün texnika əraziyə gətirilib və sakinlər ərazidən uzaqlaşdırılır. 

Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, "Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olduqlarını, etirazlarını bildirdiklərini deyiblər. Sözügedən kəndlərdə 1500-dən çox sakin yaşayır. 

Onların sözlərinə görə, bu kəndlərin istifadə etdiyi "Şüpək" meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq. 

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov və Qorxmaz Hüseynov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.
 
"Prezidentə yazmışıq ki, siz dəfələrlə məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıq vermisiniz. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir "dost şəbəkəsi" birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?"
 
Biləvər kənd sakini İbrət Azadov "arqument.az”-a deyib ki, ərazidən köçmək məcburiyyətindədirlər: "Biz məcburuq ki, bu ərazidən köçək. Bundan sonra bu kəndlərdə yaşayış olmayacaq. İcra başçısı bizimlə şəxsi dava aparır. Biz 17 milyonluq yolun normal çəkilmədiyini ictimailəşdirdik. O da dedi ki, sizin suyu zorla da olsa, apararıq", - Biləvər kənd sakini İbrət Azadov deyib. 

Şivlə kənd sakini İslam Ağayev deyib ki, yaxın günlərdə yenidən Prezident Adminstrasiyasına gələcəklər.
 
Sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir. 
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bir müddət əvvəl Meydan TV-yə açıqlamasında bidirmişdi ki, su dövlətə məxsudur: "Su dövlətindir, kimə istəsə satar. Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”.

Xatırlatma
 
Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin istifadə etdiyi "Şüpək" meşə massivindəki suyun aparılmasına 2018-ci ilin yazında qərar verilib. Bununla bağlı dəfələrlə sakinlər şikayət edib, Prezident Adminstrasiyası, "Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üz tutublar. 
 
İcra Hakimiyyəti və "Azərsu" ASC bu suyun layihə əsasında aparıldığını bildirib. Rəsmi qurumlar deyiblər ki, prezident bir neçə kəndin su ilə təchiz olunması ilə bağlı 1 milyon manat vəsait ayırıb. 
 
Sakinlər isə bildiriblər ki, həmin kəndlərə (Şingədulan, Ləman, Zenoni, Durğan) su aparmaq üçün bir neçə su hövzəsi və mənbə var, amma icra başçısı və Qorxmaz Hüseynov məhz onların istifadə etdiyi bulağı aparmaqda israrlıdırlar.