''Üç kəndin əhalisi zibilə qarışmış sudan istifadə edir''

''Üç kəndin əhalisi zibilə qarışmış sudan istifadə edir''

13-12-2018 02:05 / Bu xəbər 1070 dəfə oxundu

Göyçay sakinləri: ''Axırda bu qədər kəndin camaatı zəhərlənəcək, ondan sonra bir tədbir görəcəklər?''

Şıx dərəsi adlanan ərazi nə az, nə də çox, düz 4 kəndin örüş sahəsinə aparan yoldur. 

Göyçayın Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərinin maldarları heyvanlarını buradan keçirib onlar üçün ayrılmış örüş sahələrinə aparırlar: "Göyçay Rayon İcra Hakimiyyəti bizim örüş sahələrimizə gedən yolu və örüş sahələrimizin bir hissəsini zibillik poliqonuna çevirib. Deyirik, şikayət edirik də, veclərinə deyil. Baxın, bu gördüyünüz zibilxana nə az, nə çox, düz iki kilometrə qədər uzanır”.

Göyçayın Qarabaqqal kəndinin sakini İslam Şıxəliyev belə deyir. Bildirir ki, 2018 buranın zibilxanaya çevrilməsinin üçüncü ilidir: "Bu qədər kəndin sakini heyvanını buradan keçirib otlağa aparır. İnsanların heyvanları zibil yeməkdən tələf olur. Bir düşünün, həmin heyvanın südündən qatıq, süzmə, pendir düzəldir bu camaat. Hər saniyə heyvana nəzarət etmək mümkün deyil. Birini qaytarırsan, ikincisi girib nəsə yeyir. Olmaz belə. Əməlli-başlı antisanitariyadır”.


Zibilliyin yaxınlığında məcburi köçkünlər də yaşayır. Onlar da heyvandarlıqla məşğuldurlar. Elmin Heydərov deyir ki, təkcə son yarım ildə 3 heyvanları şpris udub, tələf olub: "Məcbur qalıb, qapalı saxlayırıq. Onda da heyvandarlıq olmur axı bunun adı. Mal-heyvan gərək otlaya. Biz nə qədər ota pul verməliyik? Bu boyda fermanın heyvanlarını necə qapalı saxlayaq?”


E.Heydərov deyir ki, hələ indi buraların havası yaxşıdır. Yayda, ümumiyyətlə, iydən durmaq mümkün olmur: "Zibili hər gecə yandırırlar. Qapqara tüstüsü yayılır kəndlərə, eləcə də bizim yaşadığımız yerə. Göz-gözü görmür. Bundan əlavə, dağlardan axan sular zibillikdən keçib arxlara dolur. Həmin zir-zibilə qarışmış sudan aşağıdakı 3 kəndin əhalisi istifadə edir, içir. Axırda bu qədər kəndin camaatı zəhərlənəcək, ondan sonra bir tədbir görəcəklər? Necə olacaq?”

İ.Şıxaliyev deyir ki, problemdən bütün rayon xəbərdardır. Çəkib internetə də qoyublar. Ancaq bir təsiri olmayıb: "Heç veclərinə də deyil. Bu zibilliyə qarışmış sudan içir camaat. Həm insanlar, həm də heyvanlar. İnanın, içindən uşaq bezi, zir-zibil, hər şey çıxır. Mal-heyvan zibilxanada eşələnir. Sonra biz onun südünü sağır, qatıq, pendir edirik. Millət bununla qidalanır, zir-zibillə”.


Elmin Heydərov deyir ki, buradakı zibillər bütün Göyçaya aiddir. O bildirir ki, heç bir rayonda belə biabırçılıq yoxdur: "Heç olmasa, vaxtlı-vaxtında baxsınlar, basdırsınlar nə bilim, nəsə etsinlər. Olmaz axı belə. Dağdan gələn suların önündə, örüş sahələrinə gedən yolda zibillik salmaq nə dərəcədə doğrudur? Elə ki, hava qaralır, zibil maşınları ard-arda düzülür. Dəfələrlə burada vəhşi heyvanların leşlərinə də rast gəlmişəm. Hamısının da ağzı qapqara olur. Gecələr bu əraziyə 100-dən çox vəhşi gəlir. Bu, təbiətə hərtərəfli ziyan vurmaq deməkdir. Onlar da təbiətin bu cür korlanmasından əziyyət çəkirlər, zəhərlənir, qırılırlar.

Sakinlər bildirirlər ki, bu dəqiqə buradakı hava təmiz sayılır. Ancaq bir balaca günəş çıxan kimi üfunətdən dayanmaq mümkün olmur: "Görürsünüz də hələ indi iydən durmaq mümkün deyil. Biz buna təmiz hava deyirik. Görün günəş çıxanda nə olur də buralar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, tezliklə yaranan problem aradan qalxacaq: "Bəli, orada elə bir vəziyyət yaranıb. Sakinlər də bildirib, biz də ərazidə olmuşuq. Tezliklə həmin zibillər basdırılacaq və problem aradan qalxacaq”.