''1 milyon insan metroda havasızlıqdan boğulandan sonra problemi həll edəcəklər?''

''1 milyon insan metroda havasızlıqdan boğulandan sonra problemi həll edəcəklər?''

14-11-2018 17:32 / Bu xəbər 1507 dəfə oxundu

Milli Məclis 2019-cu ilin dövlət büdcəsi layihəsini I oxunuşda təsdiqlədi

"Güzəştli ipoteka təkcə dövlət qulluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir”.

Bunu Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.

O, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün siğınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması barədə də təkliflər verib.

Jalə Əliyeva

J.Əliyeva büdcədən kino yaradıcılığına ayrılan vəsaitin az olduğunu deyərək, artırılmasını məqsədəuyğun sayıb. O vurğulayıb ki, bütün məsələlərin həllini sadəcə dövlətdən gözləmək olmaz: "İş adamları və özəl şirkətlər bu məsələdə aktiv olmalıdır. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsində sponsorluq məsələsinə toxunub. Dövlət özəl sektora kifayət qədər gözəl şərait yaradır. Özəl müəssisələr də bu məsələlərdə dövlətə yardımçı olmalıdır”.

Büdcədə səhiyyə xərcləri 1 milyard manatı keçib

Deputat Rəşad Mahmudov bildirib ki, müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib.

Rəşad Mahmudov

O qeyd edib ki, bununla da səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq 4.2 faiz təşkil edib: İcbari tibbi sığortanın 2019-cu ildən tətbiqinə isə 224 milyon manat vəsait nəzərdə tutulub.

Bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat subvensiya ayrıldığını deyən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, əsas məsələ hara nə qədər ayrılması deyil, səmərəli istifadəsidir:

Arif Rəhimzadə

"Dotasiya elə bir şeydir ki, ayrılır, neynirsən elə. Heç onun hesabatı da yoxdur. Amma subvensiya konkret layihələrlə əlaqədardır. Bu baxımdan subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın”.

Komitə sədri dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəlməsini də təklif edib.

İsrafçılığa yol verməsək, problemləri həll etmiş olarıq

Deputatı Fazil Mustafa bildirib ki, büdcə vəsaitlərinin sərf edilməsi zamanı uşaq pulu, şəhidlərin "qan pulu”, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı yaratdığı problemlərin həlli yolları tapılmalıdır.

"Valyuta ehtiyatlarımız 46 milyard dollardan yuxarıdır. Bu vəsaitlərin doğru xəcrlənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, problemləri həll etmiş olarıq. Ailələrin 63 faizində atanın, nə də ananın rəsmi gəliri var. Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz”.

Fazil Mustafa

Bakı metrosunu tənqid edən deputat deyib ki, insanlar havalanma problemindən əziyyət çəkirlər: "1 milyon insan metroda havasızlıqdan boğulandan sonra problemi həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır”.

Fazil Mustafa tıxac probleminə də toxunub. O deyib ki, avtobusların, avtomobillərin sayının çox olmasına görə, küçələrdə hərəkət etmək mümkün deyil:

"Burada olan deputatlar, hökumət üzvləri də tıxaclardan şikayətlənirlər. Azərbaycanda isə metro tikintisinə maliyyə ayrılmır. Neçə ildir ki, "Papanin”də yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Əhali illərdir Bakıxanovdan şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır”.

Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb:

"Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar”.

Hadı Rəcəbli

Deputat əlilliyin qeydə alınması ilə bağlı başqa bir paradoksun ortaya çıxdığını qeyd edib: "Bu da son aylar vaxtından əvvəl güzəştli pensiyanı sənədləşdirmək istəyən I qrup əlillərinin xeyli çoxalmasına gətirib çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu sahədə olan uyğunsuzluqları aradan qaldırmaq üçün çox ciddi, əsaslı tədbirlər görməlidir. Düşünürəm ki, bunun nəticəsində həmin sahədə bəzi neqativ hallar aradan qalxacaq”.

2019-cu ilin büdcə layihəsi 1-ci oxunuşda qəbul edildi

Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İki gündür davam edən müzakirələrdə deputatlar bir sıra təkliflər veriblər.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.///Meydan.tv