“1000 bərəkət, halal nemət”dən qanunsuz reklam çarxı - VİDEO

“1000 bərəkət, halal nemət”dən qanunsuz reklam çarxı - VİDEO

19-07-2018 14:46 / Bu xəbər 2253 dəfə oxundu

"Səhliyalı” şirkəti "1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasaların halal ətdən hazırlandığını nümayiş etdirmək üçün insan psixikasına mənfi təsir edən reklam çarxı hazırlayıb. 

Bu barədə AzEuroNews.com saytı məlumat yayıb.

Məlumatına görə, jurnalistlərin qarşısında heyvan kəsimi prosesi açıq şəkildə həyata keçirilib və mediada, sosial şəbəkələrdə yayımlanıb. 

Heyvan kəsimi xüsusi avadanlıqla icra olunur və onun başının "bismillah” deyərək necə kəsildiyi görüntülənir. Hətta kadrlar o dərəcədə insana mənfi təsir edir ki, şirkətin nümayəndəsi əvvəlcədən psixikası və ürəyi zəif olanlara baxmamağa xəbərdarlıq edir.

Kəsim anı heyvanın başı xüsusi qurğuya salınır və yalnız qan sıçrayarkən fon verilir. Bu da həm qanun pozuntusu, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən vəhşilik kimi qiymətləndirilib.

Şirkət nümayəndəsi özü belə psixikası zəif olanları bu səhnəyə baxmamağa çağırdığı halda, "Səhliyalı” hansı məntiqlə belə reklam çarxı hazırlayıb?!

Mövzu sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib. Videoya istehza ilə şərh yazanlardan biri - Rəşad Məmmədəliyev heyvanı kəsimi ilə bağlı yazıb ki, nə olsun, bəs sonrakı proseslər necədir: "Ətlərin saxlanma şəraiti, onların hazırlanma şəraiti, bax bunları çəkin göstərin görək”.

Digər şərh yazan heyvanın yaşlı olduğunu və buynuzlarının çölə çıxmasından bunu bildiyini yazıb: "Həqiqətən də, "Səhliyalı” şirkəti qoca və südsüz inəklərin ətindən kolbasa və sosiska məhsullarına vurur. Bunu özləri də vaxtilə mətbuata təsdiqləyiblər. Yəni istehlakçıların aldığı bu firmaya aid kolbasa-sosiskalar cavan heyvan ətindən deyil, bizə qoca ət yedizdirilir. Üstəlik, əsasən bu məhsulları kasıb ailələr övladlarına alırlar".

Video kadrlara yüzlərlə şərh gəlib və şirkətə inamsızlıq ifadə olunub, bu vəhşi kadrların göstərilməsinə irad bildirilib. Ən çox səslənən fikirlərdən biri isə budur ki, istənilən halda bir canlının nümayişkaranə şəkildə öldürülməsi bir çox insanlara, uşaqlara pis təsir edə bilər. 

"Ən azından videoya (13+) qoyula bilərdi. Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi kolbasa firmaları arasında "Səhliyalı”nın adı yoxdur. Hətta az əvvəl rəsmi "Yeni Azərbaycan” yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. "Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var", - izləyicilər yazıb. 

Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə ziddir.

Mövzu ilə əlaqədar AzEuroNews.com "Səhliyalı” ilə əlaqə saxlamağa çalışıb, amma video kadrlara münasibət bildirilməyib. 

Marketinq üzrə reklam mütəxəssisi Afət Yaqubova Arqument.Az-a bildirib ki, texnologiya yaxşı olsa da, heyvan kəsiminin bu şəkildə ictimailəşdirilməsi normal deyil: "Məmnuniyyətlə deyə bilərəm ki, halal qaydalarına uyğun kəsilməsi texnikası sevindirici olsa da, bunun ictimaiyyətə bu formada yayılması məqsədəuyğun deyil. Bu, süjet reklam deyil, tanıtım süjetidir. Verilişin ortasında xüsusi xəbərdarlıqla keçilib, altyazı ilə də xəbərdarlıq verilməsi belə onu ürəyi zəif insanların, uşaqların görməsinin qarşısını almır. Heyvanları küçələrdə deyil, xüsusi kəsimxanalarda kəsirlər ki, insanların gözündən uzaq olsun". 

"Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun 11.1. maddəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Burada "fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən" ifadəsi xüsusi diqqət çəkir", - ekspert bildirib.