Əfqan Muxtarlının şikayəti təmin olunmadı

Əfqan Muxtarlının şikayəti təmin olunmadı

23-10-2017 18:39 / Bu xəbər 2076 dəfə oxundu

Oktyabrın 23-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılmasından verilən şikayətə baxılıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum icazəsi alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Beynəlxalq Təşkilatlar jurnalistin dərhal azad olunmasını tələb edib və onu siyasi məhbus sayıb.