ABŞ hakimiyyəti Kemal Öksüzü ittiham edir

ABŞ hakimiyyəti Kemal Öksüzü ittiham edir

31-08-2018 17:55 / Bu xəbər 6187 dəfə oxundu

Türkiyə-Amerika lobbi qrupunun keçmiş rəhbəri Kemal Öksüz ABŞ hüquq-mühafizə orqanlarının sorğusu əsasında ötən gün Yerevanda saxlanılıb.

Texasda Türkiyə-Amerika Assosiasiyası Şurasının keçmiş rəhbəri Kemal (Kevin) Öksüz Azərbaycanın Dostları Assambleyasını (AFAZ) da idarə edib.

2013-cü ildə amerikalı konqresmenlərdən ibarət böyük qrupun Azərbaycana səfərinin maliyyələşdirilmsi barədə məlumatlar yayıldıqdan sonra bu iki təşkilat hakimiyyətin diqqətini çəkib.

2015-ci ildə "The Washington Post" qəzeti yazıb ki, bütün xərcləri gizli şəkildə SOCAR Dövlət Neft Şirkəti maliyyələşdirib. Bununla da Amerika qanunları və Konqresin etik normaları pozulub.

SOCAR-ın maliyyələşdirdiyini gizlətmək üçün bildirilib ki, səfərin təşkilinə K.Öksüzün rəhbərlik etdiyi qurumlar 750 min dollar ayırıblar.

Nümayəndələr Palatasının Etika Komitəsi araşdırmaya başlayanda K.Öksüz ifadə verməkdən imtina edərək gizlənib.

Rəsmi Yerevanın məlumatına görə, K.Öksüz biznes qurmaq və şirkət yaratmaq məqsədilə Yerevana gəlib. Avqustun 23-də ABŞ onun həbsi üçün beynəlxalq order verib. K.Öksüz Etika Komitəsini aldatdığına görə barəsində axtarış elan edilib. Avqustun 29-da Yerevanda saxlanılıb.

Polis K.Öksüzün ilkin dindirilməsi haqda video yayıb. O etiraf edir ki, ABŞ rəsmi şəxslərinin Azərbaycana səfərini SOCAR maliyyələşdirib və nümayəndə heyətinin üzvləri üçün bahalı hədiyyələr alıb.

"Bəlkə, bu, korrupsiyadır, mən bilmirəm", - K.Öksüz bildirib.

"Azadlıq" radiosu yazır ki, türk K.Öksüzün Azərbaycan və Türkiyə ilə gərgin münasibətləri olan Ermənistana niyə getməsinin səbəbləri məlum deyil.