ABŞ Rusiyaya qarşı yeni ''sanksiya'' siyahısı hazırayıb

ABŞ Rusiyaya qarşı yeni ''sanksiya'' siyahısı hazırayıb

30-01-2018 15:51 / Bu xəbər 2675 dəfə oxundu

Sanksiya təbiq edilməsi mümkün olan 210 nəfərin adı açıqlanıb 

ABŞ Maliyyə Nazirliyi Konqressə Rusiyanın yüksək vəzifəli məmurları və oliqarxlarına qarşı sanksiya tətbiq edilməsi üçün müraciət edib. 

Siyahı Rusiyanın ABŞ-da 2016-cl ildə keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlıdır. 

Siyahıda ümumilikdə 210 nəfərin adı var. Bunlardan 114 nəfəri yüksək vəzifəli dövlət məmuru və 96 nəfər kapitalı 1 milyard dollardan artıq olan oliqarxdır. 

Siyahıda kimlər var 

Siyahıya Rusiyanın prezident administrasiyasının 33 əməkdaşı, o cümlədən administrasiyanın rəhbəri Anton Vayno, prezidentin mətbuat katibi Dmitri Peskov, Administrasiyanın rəhbərinin birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenko, prezidentin müşavirləri Sergey Qlazyev, Sergey Qriqorov, German Klimenko, Anton Kobyakov, Aleksandra Levitskaya, Vladimir Tolstoy, Veniamin Yakovlev, insan haqları üzrə prezident şurasının rəhbəri Mixail Fedotov, prezidentin köməkçiləri Larisa Brıçeva, Vladislav Surkov, İqor Levitin, Vladimir Kojin, Yuriy Uşakov, Andrey Fursenko, İqor Şeqolevin adı var.  

Sanksiya tətbiq ediləcəyi mümkün şəxslərin siyahısına Rusiya nazirlər Kabinetinin demək olar ki, bütün üzvləri daxil ediliblər – baş nazir Dmitri Medvedev, baş nazirin birinci müavini İqor Şuvalov, hökumətin apparat rəhbəri Sergey Prixodko, baş nazirin müavinləri Aleksandr Xloponin, Vitaliy Mutko, Arkadiy Dvrokoviç, Olqa Qolodets, Dmitri Kozak, Dmitri Roqozin.

Bundan başqa siyahıda bütün nazirlərin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun, maliyyə naziri Anton Siluanovun, iqtisadi inkişaf naziri Maksim Oreşkinin, rabitə naziri Nikolay Nikiforovun, ədliyyə naziri Aleksandr Konovalovun adları var.  Rusiyada yüksək çinli şəxslərdən siyahıya Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin, baş prokuror Yuriy Çayka, Moskvanın meri Sergey Sobyanin, Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenko, istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, təhlükəsizlik şurasının katibi Nikolay Patruşev, onun müavini Rəşid Nurqalıyev, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov, Rusiya silahlı qüvvələrinin Baş Qərargahının rəisi Valeriy Gerasimov, gömrük xidmətinin rəhbəri Vladimir Bulavin daxil ediliblər. 

Dövlətion nəzarət etdiyi şirklətlərin rəhbərləri Aleksey Miller (Qazprom), İqor Seçin (Rosneft), German Qref (Sberbank), Oleq Belozerov (Rusiya dəmir yolları), Vitaliy Savelyev (Aeroflot), Andrey Akimov (Qazpormbank), Andrey Kostin (bank VTB), Aleksey Lixaçev (Rosatom), oliqarxlar Roman Abramoviç, Oleq Deripaska, Süleyman Kərimov, Yelena Baturina, Mixail Fridman, Vahid Ələkbərov, Petr Aven, Vladimimir Potanin, Əlişir Usmanov, Yevgeniy Kasperskiy, Aleksandr Mamut, Andrey Melniçenko, və digərlərinin adları da siyahıda yer alıb. 

Bununla yanaşı ABŞ administrasiyası qeyd edib ki, siyahıda adları çəkilən şəxslərə dərhal sanksiya tətbiq ediməyəcək. 

Yeni sanksiyalar Putinə maneə olmayacaq

Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ-ın sanksiyalarının Vladimir Putinin martda prezident seçilməsinə maneə yaratmayacağı qənaətindədir.

Meydan TV-yə danışan deputat bildirib ki, sanksiyalar siyahısı bu insanların özlərini Amerikaya qarşı düşmən münasibət sərgilədiyini, amma gedib orda fayda görmək istədiklərini ortaya qoyur:

"Həmin məmurların və oliqarxların adlarının sanksiya siyahısına daxil edilməsi o deməkdir ki, bundan sonra onlar Amerikadan faydalana bilməyəcək. Yəni sanksiya Rusiyanın yalnız Ukrayna siyasətinə bağlı deyil, ümumiyyətlə, Rusiya özünü Amerikaya qarşı düşmən dövlət kimi aparır. Vaşinqton da məsələni konkret qoyur: düşmənsənsə, bunun zərərini görəcəksən”.

Rasim Musabəyov

R.Musabəyov qeyd edib ki, həmin adamların bir çoxlarının ABŞ-da pulları, mülkləri var, uşaqları, xanımları orda yaşayır. 

"Ona görə Vaşinqton deyir ki, həm bizə qarşı təbliğat aparırsan, həm də burda rahat istirahət edib faydalanırsan. Daha olmayacaq. Sanksiyaların mahiyyəti bundan ibarətdir. Eyni zamanda, Amerika sanksiya siyahısı ilə Avropaya mesaj verir ki, bu insanlardan uzaq olun, hər bir halda bir çox banklar, iş adamları siyahıya daxil olanlardan məsafə tutacaqlar”.

"Azərbaycanın məmur-oliqarxları bu sanksiyalardan nəticə çıxaracaqmı” sualına Rasim Musabəyovun cavabı qısa oldu: "Azərbaycan hökuməti Amerikaya qarşı meydan oxuyur?!”

Vaşinqton bu qərarı ilə kifayətlənməyəcək

Siyasi icmalçı Hikmət Hacızadə hesab edir ki, Rusiya üçün vəziyyət ağırlaşmaqda davam edəcək, xüsusilə Putinin ətrafında olanların, onun pullarını saxlayanların müflisləşməsi gözlənilir.

Hikmət Hacızadə bildirib ki, Vaşinqton bu qərarı ilə kifayətlənməyəcək, növbəti sanksiya dalğaları da mümkündür. 

Onun fikrincə, məqsəd Rusiyanı dünyadan təcrid etməkdir, bu ölkənin bank sistemini dünya bank sistemindən istifadə etməyə, eksport əməliyyatlarına imkan verilməyəcək: "Demokratiyanın qəribə xüsusiyyətləri var. Ləng və gec tərpənirlər, sən avtoritarlıq edirsən, görürsən ki, onlar susurlar, amma gözlənilmədən qərar qəbul olunur”.

Hikmət Hacızadə, foto: Cahangir Yusif

Hikmət Hacızadə sanksiyaların martda keçiriləcək prezident seçkilərinə təsir etməyəcəyini ehtimal edir: "Əfsuslar ki, bütün rıçaqlar hazırkı prezident Putinin əlindədir. Ruslar ona pərəstiş edir. Belə bir ehkam yaradıblar: hamı ruslara qarşı düşməndir, Olimpiyada yarışlarına qəsdən buraxmadılar, Qərb bizim təbii sərvətlərimizi aparmaq üçün bunları edir. Halbuki, sərvətlərini öz məmurları qarət edib qərbə daşıyır”.

Siyasi icmalçı düşünür ki, Putinin özünə yox, ətrafına sanksiyaların tətbiqi ondan narazılığı gücləndirə bilər. Bu barədə yazırlar, amma qəti fikir yürütmək çətindir:

"Diktaturalar çox qəribə sistemlərdir. Stalin hər həftə ətrafından bir nəfəri gülləyirdi, heç kim də narazılıq etmirdi. Bəli, Putindən narazılıq olacaq, sadəcə, həmin adamlar elə onun hesabına həmin milyonları, sərvəti toplayıblar, özləri zəhmət çəkib qazanmayıblar. Elə sanksiya siyahısının fəlsəfəsi də budur: Putinə görə qazananlar”.

Hikmət Hacızadə Azərbaycan məmurlarının sanksiyalardan nəticə çıxaracağı barədə danışmaqda çətinlik çəkir: "Mən istərdim ki, çıxartsınlar, amma nəsə deməyə çətinlik çəkirəm”.///meydan.tv