Adamlar dəyişir havalar kimi - Əlisəmid Kür

Adamlar dəyişir havalar kimi - Əlisəmid Kür

27-12-2018 15:19 / Bu xəbər 3032 dəfə oxundu

Arqument.Az Əlisəmid Kürün şerini təqdim edir:

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!

Əlisəmid Kür