Ağdamın icra başçısı: Teylor mənim adımdan 35 min manat alıb

Ağdamın icra başçısı: Teylor mənim adımdan 35 min manat alıb

08-12-2017 21:26 / Bu xəbər 2729 dəfə oxundu

Raqub Məmmədov məhkəmədə ifadə verdi

Sabiq prezident Ayaz Mütəllibov mətbuat katibi kimi çalışmış, dələduzluqda ittiham edilən Teylor İbrahimovun cinayət işinin istintaqı zamanı Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov da ifadə verib.

R.Məmmədov istintaq zamanı ifadəsində 2014-cü ildən icra başçısı vəzifəsində işlədiyini deyib:

"Mən Teyloru sayt rəhbəri kimi tanımışam. Sonradan eşitdim ki, Teylor Ağdam sakinlərini aldadıb, onlara icra başçısı tərəfindən müəyyən vəzifələrə təyin etdirəcəyi haqda vədlər verib, adamlardan müxtəlif məbləğdə pullar alıb”.

İcra başçısı iş üzrə zərərçəkmiş İsmayıl Məmmədovun T.İbrahimovla birlikdə onun yanına gəldiyini deyib. "Teylor İbrahimov Ağdamın Güllücə kənd sakini İsmayıl Məmmədovla birlikdə rayon icra hakimiyyətinə gəlmişdi. Teylor İsmayılı anasının qohumu kimi təqdim etdi. Məndən xahiş elədi ki, İsmayılı İmamqulubəyli qəsəbə nümayəndəliyində bir işlə təmin edim. Mən də fikirləşib, İsmayıla dedim ki, onun üçün bir iş taparam. Bir müddət sonra İsmayıl yenə gəldi, məndən iş haqda soruşdu, dedim ki, hələlik rayonda ona münasib vakant yer yoxdur. Amma kimsə təqaüdə çıxsa, onun yerinə təyin edilə bilər. Sonra eşitdim ki, Teylor ondan mənim adımla müəyyən miqdarda pul alıb. İcra hakimiyyətinin binası qarşısında İsmayılı yanıma çağırıb, ətrafdakıların da eşidəcəyi tonda ondan soruşdum: "Teylor Fətiş oğluna vəzifəyə təyin olunmaq üçün pul vermisən”? İsmayıl cavab verdi ki, "xeyr”. Xəbərdarlıq elədim ki, əgər sən Teylora və ya başqasına bu məqsədlə pul vermisənsə, heç bir vəzifəyə təyin olunmayacaqsan. T.İbrahimovun Ağdamın Üçoğlan kənd sakini Rafil Hətəmovdan da Su-kanal İdarəsinə rəis təyin etdirmək adı ilə pul aldığını eşitmişəm. Həmin ərəfədə T.İbrahimov saytında Ağdam rayon Su-kanal İdarəsinin rəisi Vüqar Qəhrəmanov haqda xoşagəlməz məlumatlar yayıb. Teylor məndən onu Su-kanal İdarəsinə rəis təyin etməyi xahiş edib. Mən isə ona telefonla dedim ki, həmin idarəyə "Azərsu” rəhbərliyi tərəfindən rəis təyin edilib. Həmin ərəfədə Rafil Hətəmovu icra hakimiyyətinin həyətində qəbul etmişəm. Rafil mənə dedi ki, Su-kanal İdarəsinə rəis təyin olunmaq üçün Teylor ondan 35 min manat pul alıb. Deyib ki, həmin pulu icra başçısına vermişəm. Məsələyə aydınlıq gətirmək üçün dərhal Rafilin yanında Teylora zəng edib soruşdum ki, Rafili niyə aldatmısan? Pulunu səndən geri almaq üçün Bakıya gəlir. Rafilə də məsləhət gördüm ki, hüquq-mühafizə orqanlarına müraciət eləsin, qanuni yolla Teylordan pulunu tələb eləsin. Sonra Teylor mənə zəng eləyib dedi ki, ondan pulu vəzifəyə təyin etdirmək üçün yox, borc alıb. Mənə də yalvarıb xahiş elədi ki, Rafilə deyim, on günə pulunu qaytaracaq. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətim pisləşib. Teylor haqqında Ağdam Rayon Prokurorluğuna məlumat vermişəm”.

T.İbrahimovun məhkəməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. 

Təqsirləndirilən T.İbrahimov icra başçısının məhkəmədə də dindirilməsini istəyirdi. O, məhkəmədə bu haqda vəsatət qaldırıb. Zərərçəkmiş şəxslər də məhkəmədə icra başçısının dindirilməsini istəyirdilər. 

T.İbrahimov dələduzluqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.///meydan.tv