Afaq Məsud ''Orfoqrafiya lüğəti''ni tənqid etdi

Afaq Məsud ''Orfoqrafiya lüğəti''ni tənqid etdi

24-02-2017 13:40 / Bu xəbər 1590 dəfə oxundu

Yeni sözlük hazırlanır

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud hazırda istifadədə olan "Orfoqrafiya lüğəti"nin pis durumda olduğunu və bu kitabın indiki vəziyyətə niyə salındığını anlamadığını bildirib.

Yazar "Report"a müsahibəsində deyib ki, bu gün dövriyyədə olan orfoqrafiya lüğətinin mövcud vəziyyəti qənaətbəxs deyil:

"Onun status məsələsi ilə bağlı hər hansı fikir yürütmək əhəmiyyətini itirib. Orfoqrafiya lüğəti milli ədəbi dilin tərkibinə daxil olan sözlərin düzgün yazılışını bildirən ali dil vəsaitidir, dilin ana kitabıdır. Burada isə vəziyyət tamam ayrı cürdür və mən dövlət dilinin anası, yəni ilkin fundamenti və aynası hesab edilən bu kitabın hansı səbəbdən belə hala salındığını anlaya bilmirəm. İlk növbədə,  sözlərin düzgün yazılışını bildirməli olan bu kitab minlərlə yazılışı səhv, yaxud mənası qüsurlu sözlərlə doludur: «bakal», «baletçi», «əyriqılça», əyriqılçalıq», «epidemiyalaşmaq», «fotoqraflama», «ekssentriklilik», «büdrəgən», «büdrəgənlik, «arxitektor-dendroloq» və sair. Eləcə də kitabda, dil vəsaitində işlədilməsi yolverilməz olan «eşşəkqabırğa”, «anqutboğaz», «araqlama», «asfaltsifət», «arvadoğlu», «eşşəkqulağı», «badımcanburun», «çezmək», «çezdirmə», çezdirtmə», «cananlıqedən», «cananlıqetmə», «cananolma» və s. bu kimi yüzlərlə küçə və ara sözləri, onların hər birinin hallandırmaları yer alır ki, bunların da belə bir formatlı lüğətə hansı məqsədlə salındığının mənası anlaşılmır".

Afaq Məsud kitabda məişətdə, sosial həyatda işlədilməyən, istifadə edilməyən minlərlə terminlərə, dərman və kimyəvi element adlarına, onların lüzumsuz hallandırmalarına rast gəlindiyini də vurğulayıb:

"Məsələnin digər absurd tərəfi budur ki, Azərbaycan sözlərinin düzgün yazılışını bildirməli olan bu kitaba qəti aidiyyatı olmayan bu terminlərin, hətta özlərinin də çoxunun yazılışı bu səhv verilib: «qasteroloq», «qamma-fraza», «aximiya», «akredititassiya», «qamma-radiassiya», «qamma-«fakoliz», «fazmetr», «fakoanafilaksiya», «feldeger», «fanerozey», «fasilitatoluq», "beüz» və s. Bəzən, ümumiyyətlə, mövcud olmayan, uydurma terminlərə rast gəlinir və bunun nədən ötrü edildiyinin səbəbi anlaşılmır. Lüğətin digər qüsuru, sanki səhifələrini artırmaq xatirinə minlərlə lüzümsuz sözlər və söz hallandırılmaları ilə süni şəkildə doldurulmasıdır: «fırçatutan», «fırçavarı», «fırçavarılıq, «fırçayabənzərlik», «fırçayaoxşarlıq», «fırçaşəkillilik», «çəngələbənzər», «çəngələbənzərlik», «çəngələoxşarlıq», «çəngəlvarılıq», çəngəlşəkillilik», «boruyaçıxan», «boruyaçıxma» və sair və ilaxır. Lüğətdə yer alan sözlərin böyük əksəriyyəti, sonuna mütləq şəkildə artırılan həmin bu lüzumsuz «oxşar»-larla, «bənzər»-lərlə, «şəkilli» lərlə, «varı»larla təkrarlana-təkrarlana, uzana-uzana gedir. Lüğətdən çıxarılan bu sayaq sözlərin çoxu Tərcümə Mərkəzinin təsnifat üzrə hazırladığı cədvəlin «Lüzumsuz sözlər və söz hallandırmaları» sütununa daxil edilib. Hətta Afrika ölkələrinin qəbilə adlarından, onların çalğı və əmək alətlərindən, ölkələrində bitən ekzotik bitkilərdən və toxumlardan tutmuş, dünyada mövcud olmayan xalqların və bitkilərin adlarınacan, adam adları, içki və şəhər adları, xarici maşın adları, əcnəbi aktyorların, kino-filmlərin, teatr, roman qəhrəmanlarının, orta əsrlərin siyasi hərəkatlarının və partiyalarının adlarınacan, Rusiyanın, hansısa uzaq vilayətində ara rus sözlərindən qondarılmış market, dükan, vulkanizassiyaadlarınacan, nə istəsəniz tapa bilərsiz. Adam, şəhər, kənd, qəsəbə və ölkə adlarının, hansısa ölkələrin musiqi, mahnı, rəqs adlarının orfoqrafiya lüğətində yerləşdirilməsi, təbii ki, ciddi nöqsandır və bu sözlər, kiçik hərflə verildiyinə görə təsnifatın «Yazılışı qüsurlu sözlər» sütununa yerləşdirilib".

Mərkəz sədri lüğətdə dilimizdə işlənməyən, istifadə olunmayan minlərlə qəliz ərəb, fars, rus və digər əcnəbi sözlər, yaxud, bir neçə sözdən düzəldilmiş, cümlə uzunluğunda qurama sözlərin  dolu olduğunu deyib:

"Məsələn, «başmaqseyrinəçıxma», «diqqətəşayanolma», «dilənçipayıvermə», «dilənçipayıalma», «əğyarayarolma» «qanundanyankeçmə», «qanundanyankeçən», «qaralarlaoynama», «çıxışçıolma», «çilsifətolma, «çırtıqlayıb-oynama» və sair. Hansını deyəsən? Belə «sözlər» lüğətdə yüzlərlə, minlərlədir. Bu ifadələrin bu sayaq birləşdirilərək, əcaib şəkillərə salınmasının, yaxud sözə oxşaması üçün defislə verilməsinin nə elmi, nə də məntiqi izahı var. Digər anlaşılmazlıq, tədris vəsaitlərinin tərtibində, dövlət qurumlarının rəsmi yazışmalarında masaüstü köməkçi dil vəsaiti qismində istifadə olunan bu kitaba «qazıyıbqurdunçıxaran», «qazıyıbqurdunçıxarma», «meyitatış», «alt-üstgetmə», «biz-bizduran», «biz-bizdurma», «cırrıtgetmə», «ciftolma», «bircüretmə», «bircürə-bircürə», «bircürlük», «birdənçəkən», birdənçəkmə» və sair və ilaxır bu kimi, yüzlərlə mənası bilinməyən, yaxud söz düzəltmək xatirinə eybəcərləşdirilib tanınmaz hala salınan sözlərin, həmçinin müxtəlif heyvan, quş, əşya, bəzənsə, ümumiyyətlə mənşəyi bəlli olmayan lüzumsuz səslərin yerləşdirilməsidir: «qart-qart», «qart-qurt», «qır-qur», «qırt-qırt», «qıs-qıs», «cük-cük», «cırt», «cırtacırt», «cırrıt», «cıqq», «cız-vız», «cur-cur», «cükk», «car-cur» və sair. Məgər bunlar sözdür? Yer üzü, həyat, məişət səslərlə doludur. Hər insan eşitdiyi hər səsi bir cür səsləndirə, ifadə edə bilər. Onda belə çıxır ki, bütün mövcud səslər bu dil vəsaitində yer almalıdır? İt hürüşü «ham-ham» məgər Azərbaycan sözüdür? Üstəlik, bu sözü fərdə aid etməyin - «hav-havlamaq», yaxud «hürüb-mırıldamaq» - mənası nədir? Ümumiyyətlə, burada elə sözlər yer alır ki, oxucuda kitab tərtibçilərinin savadına və təfəkkürünə dərin şübhələr oyadır: «dövlətligörsənmə», «dır-dıretmə», «dit-ditetmə», «dız-dızoynama», «düd-düdetmə», «düsturolma», «dürtükolma», «dövranaçıxma», «döyənəkolma», «donuzbala», «didişməsalma», «diktatorolma», «qazıyıbqurdunçıxarma» və sair və ilaxır.

Lüğətin digər və ən başlıca qüsurlarından biri də, vahid və düzgün yazılış qaydasını təyin etməli olan bu kitabda sözlərin iki, bəzən üç variantda verilməsidir. Burda «alaf» da var, «ələf» də, «altun» da var, «altın» da, «çalpaşıq» da var, «çəlpəşik» də, «qırov» da var, «qrov» da, «kompyuter» də var, «kompüter» də, «ictimaiyyat» da var, «ictimaiyyət» də. Yazılışı bu sayaq, iki-üç varianta verilmiş sözlər lüğətdə yetərincədir. İndi siz təsəvvür edin ki, tədris vəsaitləri, test tapşırıqları sualları və cavabları, eləcə də digər dil və tədris mənbələri, rəsmi yazışmalar və sair, məhz bu kitaba əsaslanaraq hazırlanır, tərtib edilir".

Afaq Məsud yeni bir lüğət hazırladıqlarını söyləyib:

"Bu, Azərbaycan dilinin saf ədəbi sözlərinin toplanacağı, «Azərbaycan dili sözlüyü», yaxud «Azərbaycan dilinin işlək sözlər lüğəti» adlandırılacaq dil vəsaiti olacaq. Bu lüğətdə yer almayan sözlərin, eləcə də yeni yaranan sözlərin toplanması üçün mərkəz yeni proqram üzərində işləyir. Bu proqram ölkənin müxtəlif sahələri üzrə artıq söz müstəvisinə axmaqda olan yeni sözlərin tapılmasında və toplanılmasında çevik resurs rolunu oynayacaq. O, daim yenilənəcək, yeni sözləri toplayıb təqdim edəcək. Odur ki, tələsmirik. Hazırda kitabdan çıxarılan 40 000-dən çox söz təsnifat üzrə işlənməkdə, arxivləşdirilməkdədir. Bu proses, lüğətin hazırlanmasından daha çətin, yorucu və əziyyətli bir işdir. Təsəvvür edin, lüğətdən çıxarılan minlərlə sözün hər birinin nöqsan dərəcəsi üzrə təsnifatın hansı sütununa yerləşdirilməsinə, yaxud minlərlə terminin hansının düz, hansının səhv yazıldığının müəyyən edilməsinə nə qədər vaxt və zehni əmək sərf olunur".

Mərkəzin 2016-cı ildə 100-dən çox dövlət qurumlarının, universitetlərin, nazirlik və komitələrin rəsmi yazışmaları və saytları üzrə dövlət dilinin və tərcümənin tətbiqinə və keyfiyyətinə dair ekspertiza apardığını deyən Afaq Məsud vəziyyətin ürəkaçan olmadığını ifadə edib:

"Bir-iki qurumu çıxmaq şərti ilə istər dilin tətbiqi, istər tərcümə yarıtmaz haldadır. Bəzi qurumların iyirmi, otuz səhifəlik materialında 80-dən çox orfoqrafik, leksik, məna və üslub xətaları aşkarlandı. Tərcüməyə gəlincə, burda vəziyyət daha acınacaqlıdır. Bu barədə dəfələrlə demişəm. Tək diplom tərcüməçiliklə məşğul olmağa əsas vermir. Bizdə isə, əfsuslar olsun ki, hələ də bu sahədə boşluqlar var. Mərkəzin, hələ də tərcüməçiləri akreditə etmək hüququ yoxdur. Şəhərin küçələrini «Tərcümə mərkəzi» adı altında bürüyən tərcümə kotorlarında tərcümə spesifikasını bilməyən səriştəsiz tərcüməçilər ordusu xidmət göstərir. Əfsuslar olsun ki, bu xidmətdən təkcə vətəndaşlar deyil, əksər dövlət qurumları da yararlanır. Eyni mənzərə, təəssüflər olsun ki, orta və ali məktəblər üçün hazırlanan Azərbaycan dili və ədəbiyyatı, eləcə də digər fənnlər üzrə dərsliklərdə, tədris vəsaitlərində, rus bölmələri üçün hazırlanan və bərbad halda tərcümə edilən dil və ədəbiyyat kitablarında da yaşanır. Dilin, ədəbi fikrin eybəcər hala salındığı bu mətnləri, sual və tapşırıqları oxuduqca, dilin və gələcək nəslin halına acımamaq olmur".

A.Məsud televiziya proqramlarında, yayımlanan seriallarda ədəbi dilin tətbiqində mövcud olan boşluqların olduğunu də dəfələrlə desə də, heç bir nəticə hasil olunmadığını ifadə edib:

"Yenə əksər televiziya kanallarında «layihə» sözü aparıcılar tərəfindən «lahiyə» kimi işlədilir. Ən adi, çox işlənən sözlərin səhv tələffuz edilməsi, əlbəttə ki, ürək bulandırır: «matasklet», «pereparat», «sklet» və s. Dublyajla bağlı vəziyyət də eyni ilə belədir. Hələ bu sahələrə müdaxilə edə bilmirik, yalnız tövsiyə veririk".///meydan.tv