Almaniyadan deportasiya olunan şəxs saytları məhkəməyə verəcək

Almaniyadan deportasiya olunan şəxs saytları məhkəməyə verəcək

11-03-2018 01:47 / Bu xəbər 1131 dəfə oxundu

''Mən Almaniyada özümü heç vaxt keçmiş polis əməkdaşı kimi qələmə verməmişəm''

Almaniyanın Zelb şəhərindən ailəsi ilə birlikdə Azərbaycana deportasiya olunduğu deyilən Səid Camalov saytları məhkəməyə verəcək. 

Səid Camalov Meydan TV-yə açıqlamasında deyib ki, saytlarda onun barədə yazılan məlumatlar tamamilə yanlışdır və o, artıq həmin saytları məhkəməyə vermək üçün vəkil tutub.

Ötən həftə bir neçə sayt, azərbaycanlı polis əməkdaşının təcili olaraq Azərbaycana deportasiya olunması barədə xəbər yaymışdı.

Xəbərdə Səid Camalovun Azərbaycanda polis əməkdaşı olduğu, rəhbərliklə aralarında baş vermiş insidentdən sonra işdən uzaqlaşdırıldığı, daha sonra isə yeni işindən narazı olması səbəbindən Avropaya getdiyi bildirilir. Lakin Səid Camalov bunları təkzib edir:

"Mən Almaniyada özümü heç vaxt keçmiş polis əməkdaşı kimi qələmə verməmişəm. Hər şey səhv tərcümələrin məhsuludur. "Verkehrsorganisation” nəqliyyatın təşkili və ya tənzimlənməsi kimi tərcümə olunur. Mən Azərbaycanda "Yol hərəkətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil almışam. Lakin mən heç vaxt polis işləməmişəm, heç vaxt da keçmiş polis işçisi olduğumu dilə gətirməmişəm. Bizim Almaniyaya getmə səbəbimiz isə sağlamlıqla bağlı problemlər olub.

Bu gün mən həmin saytların yazdığı yanlış məlumatlara görə Azərbaycanda problemlərlə üzləşmişəm. Məni sərhəddə iki saat sorğu-sual etdikdən sonra, nəhayət, ölkəyə buraxdılar. Həmin günün səhəri isə iki polis əməkdaşı evimə gəlib və məni DİN-ə aparıblar. Orada mənə bildiriblər ki, mən Almaniyada özümü polis kimi qələmə verməklə, Azərbaycan polisinin adına ləkə gətirəcək bir addım atmışam. Mən bunun yalan olduğunu onlara dedim. İndi isə hamıya bir daha bəyan etmək istəyirəm ki, bu, yanlış məlumatdır və mən özümü heç vaxt polis kimi qələmə verməmişəm.

Belə saytların insanlarla ünsiyyət qurub onlardan gerçəyin necə olduğu barədə araşdırma aparmadan məlumat dərc etməsi yolverilməzdir. Çünki onların məsuliyyətsizliyi ucbatından vətəndaşlarla dövlət orqanları arasında problemlər yaşanır. Bu problemlərin məsuliyyəti birbaşa yanlış xəbər yazan saytların boynuna düşür. Mən tezliklə onları məhkəməyə verməyi düşünürəm”.