Apelyasiya teatrı və intiharlara aparan testlər

Apelyasiya teatrı və intiharlara aparan testlər

23-05-2018 18:37 / Bu xəbər 4536 dəfə oxundu

Nabatəli Qulamoğlu
Təhsil eksperti və DİM yanında İctimai şuranın üzvü

(Bir test tapşırığının izi ilə)

Bütün Azərbaycan ictimaiyyəti hər il tələbə qəbulu prosesini həyəcanla izləyir. Bununla bağlı kifayət qədər şikayətlər olmasına baxmayaraq, Dövlət İmtahan Mərkəzi hər şeyin normal olduğunu bildirməkdə davam edir.  Biz bir neçə ildir ki, qəbul prosesində testdənkənar qəbulun mümkünlüyünə  dair şübhələrimiz olduğunu əsaslandırmışıq, çünki testlər vasitəsilə abituriyentlərə süni maneələr yaradılır. Adətən, mübahisəli məsələlər qəbul imtahanına daşınır, sonra da  bununla bağlı şikayətlər verdikdə apelyasiya komissiyasının üzvləri  öz mülahizələrini əsas götürüb şikayətləri təmin etmirlər.  Abituriyentlərə tələ qurmaq üçün ən çox istifadə olunan mövzulardan biri də omonimlərdir. Əvvəlki illərdə hətta bir sual kitabçasında üç dəfə omonimlərdən istifadə edilmişdir. Bəzən bu köməyə gəlməyndə abituriyentlərin vaxtını almağa hesablanmış testlər salınır. Belə testlərə biz aprel ayının əvvəlində və sonunda keçirilmiş sınaq imtahanlarında rast gəlsək də, ümid etdik ki, bu mənfi hallar qəbul imtahanına daşınmayacaq. Təəssüf ki, qəbul imtahanında daha ciddi problemlərlə üzləşdik. Fikrimizi əsaslandırmaq üçün konkret test tapşırığına müraciət edək. 

II ixtisas qrupu, D variantı, 25-ci sual 

Uyğunluğu müəyyən edin:

1. eyni nitq hissəsinə aid omonimlər 
2. müxtəlif nitq hissəsinə aid omonimlər 
a. ağrı 
b. yataq 
c. qaynaq 
d. daş 
e. kürək

Bu test iki əsasa görə yararsız hesab edilməlidir:

1. Test analitik təfəkkürü inkişaf etdirməyə deyil, yaddaşa hesablanıb və müasir təhsilin mahiyyətinə ziddir. Məhz bu  tipli testlər  şagirdləri məcbur edir ki, gələcəkdə omonimləri adbaad əzbərləsin. Digər tərəfdən, onlar yalnız kiminsə şəxsi mülahizələri hesabına omonim sayılan sözlərin əzbərlənməsinə xüsusi diqqət yetirəcəklər. Biz vaxtilə də belə testləri tənqid etmişdik və omonimlərə aid test tapşırıqlarının konkret modelini təklif etmişdik. Həmin modeldən 2015- ci il (ola bilər, 2016) buraxılış imtahanlarında uğurla istifadə edilmişdi. Distraktorlar +  düzgün cavab  omonimiyanın müxtəlif növlərini  (omonim, omoqraf, omofon, omoform, paronim) kontekstdə  verməklə təşkil edilmişdi. Abituriyentdən uyğunluğu müəyyən etmək tələb olunurdu.  

2. Test mübahisəlidir və testologiyanın başlıca prinsiplərindən biri budur ki, mübahisə doğuran məsələlər qəbul imtahanına daşına bilməz.  

DİM valideynlərin şikayətlərini qəbul etmiş və apelyasiya səhnəsi qurmuşdur. Bu səhnənin əsas oyunçuları da məhz həmin yararsız testi seçib ondan imtahan materialı kimi istifadə edən şəxslərdir. Artıq bütün olaylardan sonra demək olar ki, onlar DİM-in çubuğu ilə hərəkət edirlər.

Biz  tanınmış dilçilər arasında və sosial şəbəkədə - 1300-ə yaxın üzvü olan "Azərbaycan dili və ədədbiyyat müəllimləri”qrupunda sorğu apardıq.  Həm şifahi, həm də yazılı sorğunun nəticələri  elmi mübahisədə iddiaçıların  haqlı olduğunu yüz faiz təsdiqlədi. Sorğunun materiallarını və bu problemlə bağlı  öz araşdırmamızı  DİM-in məsul şəxsi Natiq Əliyevə təqdim etdk. Düşündük ki, danılmaz faktlar qarşısında məcbur olub test tapşırığını abituriyentlərin xeyirinə həll edəcəklər. Natiq müəllim dedi ki, faktları qurumun rəhbəri M. Abbaszadəyə təqdim edəcək, çünki qərar verən məhz odur, halbuki apelyasiyada komissiyanın sədri Tofiq Hacıyev: "Qərar verən mənəm”, - deyirdi. Artıq məlum oldu ki, apelyasiya bir teatr səhnəsidir və bundan sonra cavab gözləməyə dəyməz. 

Keçək problemin elmi tərəfinə...

Əvvəlcə DİM-in öz vəsaitinə müraciət edək. Orada yazılıb: "Hər hansı omonim ən azı iki leksik mənanı, anlayışı ifadə edir. Ona görə də omonimin hər hansı mənası izahlı lüğətdə ayrıca söz kimi verilir” Azərbaycan dili, TQDK, 2010, səh. 46). Bu test tapşırığında mübahisə doğuran YATAQ sözüdür.

İzahlı lüğətdə haqlı olaraq YATAQ  həm çoxmənalı , həm də omonim söz kimi verilmişdir. Ən başlıcası, sözün omonim kimi mənaları daha çoxdur. Xeyli axtarış apardıq. Bizim istinad yerimiz olan rus dilçiliyini də ələk-vələk etdik. 

Çoxmənalı sözlərdən yaranmış omonimləri fərqləndirmək üçün 4 mexanizm vardır:

1. Sözün obyektiv gerçəkliyə uyğunluğuna görə xarakterinin müəyyən edilməsi. Bu o deməkdir ki, "yataq xorası”  ifadəsi ilə yorğan-döşəyi müqayisə edirik.
2. Sözlərin müxtəlif mənalarına sinonimlər tapıb qarşılaşdırmaqla. Deyək ki, fərqli mənada YATAQ sözünə dəfinə, xəzinə, mədən, məcra sözləri müxtəlif məqamlara görə sinonim kimi işlənə bilər və bunlar ilkin mənaya çox uzaqdır.  Məsələn: çay yatağından (məcrasından) çıxmışdı;  yataqda (mədəndə) qəza baş verdi və s. 
3. Mübahisli mənanı ifadə edən sözü başqa dilə tərcümə edib ilkin məna ilə qarşılaşdırmaq (bu barədə aşağıda qeydlər vardır). 
4. Söz yaratmaq üsulu. Sözün mənası parçalanan zaman yeni söz cərgəsi yaranmış olursa, deməli, omonimdir. 

Burada kifayət qədər yeni söz yarana bilir: 1) yataq(enerji), 2) yataq(qiymətli metal), 3)  yataq( çay), 4) yataq (detal hissə), 5)  yataq (xəstəliyin adı, konkret isimdir və ginekoloji termin kimi işlənir). Bu mənaların verilməsində, Azərbaycan dilinin izahlı lüğətinə, prof. M.T. Tağıyevin rəhbərliyi altında hazırlanmış dördcildlik Azərbaycanca-rusca lüğətə və  çoxdilli onlayn lüğətə istinad etmişik.

Necə olur ki, BOĞAZ sözünü omonim sayırıq, çünki coğrafi termindir, amma YATAQ sözünun coğrafi termin kimi konkret tərifi olduğu halda, onu omonim hesab etmirik? Deməli, YATAQ 4 mənada omonimdir. Bu mənaların üçü terminlə bağlıdır, yəni bu söz həm coğrafi, həm texniki, həm də tibbi (ginekoloji) termindir. 

Apelyasiya teatrında ( başqa adlar uyğun gəlmir) komissiya üzvlərinin guya gətirdiyi yeganə arqument bu idi: YATAQ sözü müstəqil işlənə bilmir. Aşağdakı cümləyə diqqət edin, sözün müstəqil (həm də müstəqim) işlənib-işlənməməsini özünüz müşahidə edin:

Abituriyentin haqqını yeyənlər görüm yataq xorası xəstəlindən də betərinə mübtəla olsunlar. 

Bu arada daha iki məqama diqqət etməliyik:

1. Qəbul imtahanlarındakı özbaşınalıq təhsilin keyfiyyət göstəricisini məqsədli şəkildə aşağı salır. Maraqlıdır, Təhsil Nazirliyi niyə susur? Bu məqamda şübhələr daha da böyüyür, deməli, nazirlikdə hesab edirlər ki, abituriyentlərə süni şəkildə yaradılmış maneələr yuxarıdan qaynaqlanır.

 2. 1)  DİM heç vaxt öz işini asan, orta və çətin testlərin balansı əsasında qurmayıb. Asan testlərdən tamamilə imtina edilmişdir. Asan testə bir nümunə deyək. Deyək ki, sadə isimlər (kitab, qələm, ağac) verilir və bunların hansı nitq hissəsinə aid olduğu soruşulur;
 
2) istifadə edilmiş testlərin bəziləri əməlli-başlı abituriyentlər üçün psixi travmadır. Məsələn, A variantı 17- ci  test tapşırığı (1 apreldə keçirilmiş sınaq imtahanı,  2- ci ixtisas qrupu); 

3) tapşrqlar yalnız praktik xarakterli olmalı, abituriyentdən qayda soruşulmamalı, əksinə, o, praktik iş prosesində  qaydanı özü hasil etməlidir.

Yeri gəlmişkən, bizim sərt müqavimətimizdən sonra 20. 05.2018- ci il tarixdə keçirilmiş imtahanda(1- ci ixtisas qrupunu araşdırmışıq), bəzi qüsurlarına baxmayaraq, normal tapşırıqlardan istifadə edilmişdir. Bütün bunlar göstərir ki, hər kəs ayrılıqda küncdə durub ağlamamalı, səfərbər olub DİM-in özbaşınılığına son qoymalıyıq. 

Sözardı: DİM-dən aldığımız son məlumata görə, M. Abbaszadə, bu məsələ ilə bağlı təqdim etdiyimiz təkzibolunmaz faktları kənara qoyub, ekspert şurasını yenidən qəbul edəcək. 

Guya ekspert şurası səhvini boynuna alacaq. 

Müstəqil ekspert şurası olmadıqca belə davam edəcək: həm doğub, həm də göbəyini kəsəcəklər.