Arif Hacılı: "Dünya dəyişib, Azərbaycan da dəyişəcək!"

Arif Hacılı:

20-02-2019 02:10 / Bu xəbər 1328 dəfə oxundu

"Dünya dəyişib, Azərbaycan da dəyişəcək! Təəssüf ki, indi Azərbaycanda nəinki çoxpartiyalı heç təkpartiyalı sistem də yoxdur".

Bunu Müsavat başqanı Arif Hacılı prezidentin köməkçisi Əli Həsənovun "facebook” səhifəsində müxalifəti tənqid edən yazısına münasibət bildirərkən deyib.

A. Hacılı bildirib ki, çoxpartiyalı sistemin mövcudluğunu iddia etmək üçün bütün siyasi partiyalara bərabər imkanlar yaradılmalı, ölkədə azad siyasi rəqabət şəraiti təmin edilməlidir: "Partiyaların ölkənin siyasi həyatında iştirakının mexanizmləri qurulmalı, müxalifət də siyasi sistemin tərkib hissəsi olmalıdır. Azərbaycanda isə nəinki müxalifət partiyaları, heç iqtidar partiyası sayılan YAP da siyasi sistemin tərkib hissəsi deyil. YAP ölkənin daxili və xarici siyasətinin müəyyənləşməsində, idarəçilikdə, kadr siyasətinin formalaşmasında iştirak etmir. YAP hakim elitanın təzyiq qrupu, hakimiyyətin daxili opponentlərə qarşı istifadə etdiyi bir qurumdur. Bu partiya dövlət büdcəsindən milyonlar alsa da, rəsmi və qeyri-rəsmi yollarla külli miqdarda maliyyə vəsaitlərinə nəzarət etsə də idarəetmə sisteminə müdaxilə imkanına malik deyil".

"YAP rəhbər strukturlarının hətta ölkənin, regionun həyatına dair məsələləri müzakirəyə çıxarmaq hüququ yoxdur. Bir ara Sosinternə daxil olan bu partiyanın amalı, ideoloji xətti nədir? Sağçıdırmı, solçudumu bilən yoxdur. Əli Həsənov Müsavat Partiyasının Avropa Liberal Demokratik İttifaqına daxil olmaq üçün nələrdənsə imtina etdiyini yazır. Müsavat müsavatçı partiyadır. Biz ALDE-yə öz proqram və nizamnaməmizdə heç bir dəyişiklik etmədən qəbul olunmuşuq. Bununla Avropanın 70 siyasi partiyası, Avropa Parlamentinin çoxsaylı üzvləri ilə yaxın əlaqələr qurmuşuq. Bu əlaqələrimiz, qurduğumuz münasibətlər yalnız Müsavatın deyil, bütün Azərbaycanın mənafelərinə xidmət edir. Biz nə şimalçı, nə qərbçi, nə şərqçi partiyayıq. Müsavat Azərbaycançı partiyadır. Siyasi xəttimizin, amalımızın mahiyyəti himnimizdə deyildiyi kimi "gah meydana, gah zindana girərək" 100 ildən çox müddətdə apardığımız mübarizə ilə insanların şüurunda həkk olunub", - Hacılı qeyd edib. 

Onun sözlərinə görə, ölkədə jurnalist və blogerlərin həbs olunduğu bir vaxtda söz azadlığından danışmaq doğru deyil: "Bütün yerli TV kanallarının hakimiyyətin nəzarəti altında olduğu, hətta İctimai TV - də həftədə yarım saat efir vaxtı tələb edən Müsavat Partiyasına imtina edildiyi, qəzetin bir mədəniyyət növü, sivilizasiya nümunəsi kimi sıradan çıxarıldığı, jurnalistlərin, blogerlərin, sosial şəbəkə fəallarının həbsdə olduğu ölkədə hansı söz azadlığından, plüralizmdən danışmaq olar?"

"Sovet dövründə kommunistlər elektrik lampasına "İliç lampası" adı qoymuşdular. Təbliğat elə aparılırdı ki, guya sovet hakimiyyəti qurulmasa elektrik işığı olmayacaqmış. Azərbaycana 200 milyarda yaxın neft dolları gələcəkdi də, bu vəsaitlərin 10 faizi dəyərində yollar salınmayacaqdımı? Məktəblər tikilməyəcəkdimi?", - bildirib. 

"Azərbaycan müstəqil olsa, göydən qızıl yağacaq" demişiksə, düz demişik. Əvvəla, müstəqilliyin özü elə qızıldan da qiymətlidir. İkincisi, bu illər ərzində ölkəyə yalnız təbii sərvətlər hesabına daxil olan vəsaitlər israf edilməsə, oğurlanmasa, düzgün istiqamətləndirilsə indi Azərbaycan dünyanın ən inkişaf etmiş, ən firavan ölkələri sırasında olardı. Olacaq da. Bizim bitib-tükənməyən sərvətlərimiz, zəhmətkeş və vətənpərvər xalqımız, azad, hüquqi dövlət qurmağa iradəmiz var. Dünya dəyişib, Azərbaycan da dəyişəcək!", - Arif Hacılı vurğulayıb. 

Fevralın 18-də Prezidentin köməkçisi Əli Həsənov "facebook” səhifəsində müxalifəti tənqid edən yazı paylaşıb. O, fevralın 19-da paylaşdığı yazıda Müsavat Partiyasının Avropa Liberal Demokrat İttifaqına  üzv olmasını tənqid edən fikirlər də səsləndirib.