Müsavat başqanı İsa Qəmbəri təbrik etdi

Müsavat başqanı İsa Qəmbəri təbrik etdi

24-02-2017 13:39 / Bu xəbər 1510 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı İsa Qəmbəri 60 yaşının tamam olması münasibəti ilə təbrik edib. 

Arqument.Az xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli İsa bəy! 

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. 

Siz gənc yaşlarınızdan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda başlanan Milli Azadlıq hərakatının liderlərindən biri olmusunuz. Ömrünüzün böyük bir hissəsini müstəqilliyimizin qazanılmasına, dövlətçiliyimizin bərpasına və Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə mübarizəyə həsr etmisiniz. 30 ildir ki, yorulmadan Azərbaycada vətəndaş cəmyyətinin qurulması və demokratiyanın bərqərar olunması uğrunda gedən mübarizənin liderlərindənsiniz. 

Siz Sovet İmperiyasının hələ qüdrətli olduğu bir zamanda, ötən əsrin 80-ci illərinin ortalarında gənc bir ziyalı kimi ərazilərimizdə daha bir erməni dövlətinin yaradılması projesinin memarlarından və erməni terroru ideoloqlarından biri Zori Balayanın "Ocaq” kitabına cavabınızla start verdiyiniz dövlətimiz və xalqımız uğrunda mübarizənizi fasiləsiz davam etdirirsiniz. 

Sizın Milli Azadlıq Hərakatının liderlərindən, AXC-nin yaradıcılarından, ilk idarə heyətinin üzvü və sədr müavini kimi dövlət müstəqilliyimiz uğrunda mücadiləniz həyatınızın ən şanlı və şərəfli səhifələrindəndir. Siz 1990-cı il yanvarın 20-də Bakı şəhərinə Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri zamanı və şəhidlərimizin dəfnindədə xalqın yanında olmaqla bir daha böyük bir xalq adamı, siyasi lider olduğunuzu təsdiq etdiniz. 1990-cı ildə Azərbaycanın xalq deputatı kimi parlamentdə fəaliyyətiniz, kommunist rejiminə qarşı mübarizəniz, istiqlalçı millət vəkili olmağınız, ardıcıl və prinsipial mövqeyiniz Sizə ictimaiyyət arasında böyük rəğbət qazandırdı. 

1992-ci və 1993-cü illərdə Milli Məclisin sədri kimi Azərbaycanın inkişafında, onun dünya birliyi tərəfindən tanınmasında, ölkədə sabitliyin bərpa olunmasında Sizin böyük xidmətləriniz oldu. Həmin dövrdə qəbul olunan bir çox dövlət əhəmiyyətli qanunlar dövlət quruculuğu sahəsində tarixi rol oynadı. 1992-1993-cü illərdə dəfələrlə Qarabağ bölgəsində olaraq torpaqlarımızın müdafiəsində bir başa iştirak etmiş və bəzi məqamlarda məsuliyyəti üzərinizə götürərək, həyatınız üçün olan təhlükəni nəzərə almadan döyüş əməliyyatlarına rəhbərlik etmisiniz. 1993-cü ilin iyun qiyamından sonra isə Milli Məclisin sədri vəzifəsindən getsəniz də parlamentə qiyamçılara və irticaya qarşı birmənalı, ləyaqətli çıxışlarınız vətənsevərlərin yaddaşında əbədi həkk olunub. Heç təsadüfü deyil ki, göstərdiyiniz cəsarət nümunəsindən təşvişə düşən Əliyev hakimiyyəti Sizi həbs etdi və Siz çağdaş Azərbaycanın ilk siyasi məhbuslarından biri oldunuz. 

Hörmətli İsa bəy! 

Sizin adınız həm də M.Ə.Rəsulzadə tərəfindən təməli qoyulan Müsavat Partiyasının 1992-ci ildə bərpa olunması prosesinə rəhbərlik etməyiniz və partiyanın bərpadan sonra ilk başqanı kimi həmişəlik tarixdə qalacaq. Müsavat Partiyasına 22 ildən çox rəhbərlik etmisiniz. Bu müddət ərzində Müsavat Partiyasının inkişafında, Müsavat ideologiyasının təbliğində, ölkədə demokratiyanın bərqərar olunması uğrunda mübarizədə misilsiz xidmətləriniz olub. Rəsulzadə yolunun ləyaqətli davamçısı və Elçibəyin yaxın silahdaşı kimi Müsavata başğanlıq etdiyiniz dövr Azərbaycanın yeni tarixində mühüm əhəmiyyət kəsb edir. 

2003-cü ildə xalq Siz böyük etimad göstərərək prezident seçmişdi, lakin saxtakar rejim növbəti dəfə seçkilərin nəticələrini dəyişdirərək Sizin qanuni haqqınızı əlinizdən almaqla yanaşı Azərbaycan xalqının tarixi şansının üzərindən xətt çəkdi. 

Siz öz həyatınız, mübarizəniz, vətənpərvərliyiniz, bacarığınızla xalqımızın böyük sevgisini qazanmısınız. Bu gün də rejimə qarşı demokratiya və azadlıq mübarizəsində rolunuz danılmazdır. İnanıram ki, apardığımız mübarizənin nəticəsi olaraq ölkədə demokratik qüvvələrin qalib gələcəyi, Azərbaycanımızın dünya birliyində layiqli yerini tutacağı gün də uzaqda deyil. 

Hörmətli İsa bəy. 

Sizi Azərbaycan cəmiyyuətinin möhkəm dayaqlarından biri hesab edirəm. Sizin kimi görkəmli siyasi xadimlə, şəxsiyyətlə Birgə siyasi fəaliyyətimizə, yaxın münasibətlərimizə görə qürur duyuram. Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şərəfli mübarizə yolunuzda uğurlar arzulayıram”.

Arqument.Az