Ağsu sakini: Burada insan yaşamaz, insafınız olsun

Ağsu sakini: Burada insan yaşamaz, insafınız olsun

14-12-2018 17:14 / Bu xəbər 1321 dəfə oxundu

"Bu boyda ailə anamın 260 manat pensiya pulu ilə dolanırıq''

"Üç azyaşlı övladım, həyat yoldaşım və xəstə anamla qəza vəziyyətində olan evdə yaşayırıq. Hər gecə səksəkə, qorxu içərisindəyəm ki, ev başımıza uçacaq, qalacağıq altında".

Bunu Meydan TV-yə Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi, 4 saylı evdə yaşayan 36 yaşlı Murad Soltanov deyir. 

Onun sözlərinə görə, ev təxminən 60-70 il öncə palçıq və kərpicdən tikilib: "Ağsuda bu vəziyyətdə ikinci bir ev tapa bilməzsiniz. Bir gün uçub-dağılacaq, körpə uşaqlarım altında qalacaq".

Şikayətçi deyir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etsə də, heç bir nəticəsi olmayıb:

"Evin şəkillərini çəkib, məktubla yolladım. On gün çəkmədi heç, Ağsu Rayon İcra Hakimiyyətindən tökülüb, gəldilər. İki-üç nəfər yığıldı, evin orasına-burasına baxdılar, dedilər ki, bəs, bayır hissəsində suvaq işləri edə bilərik. Mən də cavab verdim ki, evin bayır hissəsini yalandan bəzəyib, suvamağa ehtiyac yoxdur. Saldım onları otağa, dedim ki, baxın, heç mal tövləsi belə deyil. Burada insan yaşamaz, insafınız olsun. Heç bir nəticəsi olmadı, gəldikləri kimi də çıxıb getdilər".

Murad Soltanov 

"Bütün bunlar azmış kimi, işığımı da kəsiblər. "Azərişıq"dan gəlib, dedilər ki, 700 manat borcun var. Mən də dedim ki, hər ay 30 manat ödəyəcəyəm, amma işığı kəsməyin. Bildirdim ki, evdə xəstə anam, körpə uşaqlarım var. Anamın şəkəri var, həm də dializ xəstəsidir. O, qardaşımın ölümündən sonra şoka düşdü, çıxmır, beynində quruma gedir. Təbii ehtiyaclarını ödəyə də bilmir. Həyat yoldaşım olmasa, ona heç kim baxmaz. İşığımızı kəssəniz, yaman günə qalacağıq. Heç nəyə əhəmiyyət verməyib işığı kəsdilər. Dedilər ki, yox, bizə əmr olunub, sizin işığınız kəsilməlidir. İlyarımdır ki, işıqsız qalmışam. Qonşudan elektrik xətti çəkmişəm. Hər ay ona 10 manat pul verirəm. Bunu bilib, "Azərişıq"dan gəldilər, dedilər ki, qonşuya, sənə elektrik xətti verdiyi üçün cərimə yazacağıq. Sonra da başladılar ki, pulun hamısını birdəfəlik ödəməlisən. Mən heç ay ərzində 300 manat qazanmıram. 700 manatı necə ödəyim? Normal işim olsa, həmin pulu ödəyərəm, heç gözümə də görünməz. Bu boyda ailə anamın 260 manat pensiya pulu ilə dolanırıq. Özüm də fəhlə işləyirəm. Daimi işim olmur".

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirdilər ki, şikayətə baxılıb: "Nümayəndələr göndərdik, evə baxdılar. İcra Hakimiyyətinin elə bir büdcəsi yoxdur ki, kiminsə evini təmir etsin".

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Meydan TV-yə bildirdi ki, həmin şəxsin işığı yalnız ayda 100 manat ödəniş etdiyi təqdirdə, bərpa edilə bilər.