Atası: Mehman Hüseynov aclığı dayandırmayıb

Atası: Mehman Hüseynov aclığı dayandırmayıb

08-01-2019 16:20 / Bu xəbər 1467 dəfə oxundu

Mehman Hüseynov: "İttihamlar uydurma vә yalandır”

2 il azadlıqdan məhrum edilmiş bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov yanvarın 8-də Bakı İstintaq Tәcridxanasında oğluyla görüşüb.

Rafiq Hüseynov Meydan TV-yə deyib ki, Mehman Hüseynovla bir saatdan çox söhbət ediblər: "Mehman aclığı dayandırmayıb, halsız vә zәif görünürdü. Mәn ondan qida qәbul etmәyini xahiş etdim. Ona meyvә vә başqa yemәklәri aldım, xahiş etdim ki, hamsını yesin. Bilmirәm, mәnә qulaq asacaq ya yox”.

Rafiq Hüseynov bildirib ki, Mehman Hüseynov nәzarәtçini döymәdiyini söylədi: "Hәmin zaman mәn orda olmamışam, başqa yerdә çay içirdim. İttihamlar uydurma vә yalandır, Mehman belə dedi”.

Rafiq Hüseynov müәssisә rəhbərliyinin onu yaxşı qarşıladığını bildirib:

"Müəssisə rәhbәri söz verdi ki, gәlәcәkdә bizim görüşlәrimizә mane olmayacaq”.

Atası qeyd etdi ki, İstintaq Tәcridxanasında Qırmızı Xaç Beynәlxalq Komitәsinin nümayәndәlәrini görüb: "Çox güman ki, onlar Mehmanla görüşә gәliblәr”.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.