Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

06-12-2017 02:40 / Bu xəbər 2418 dəfə oxundu

Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı qərar qəbul edib. 

AŞNK Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə riayət edib-etməməsini müəyyən etmək üçün Avropa Məhkəməsinə sorğu göndərib. 

Bu barədə məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov öz "Facebook” səhifəsində paylaşıb. 

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 16-da İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan etmişdi.

Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarı ilə bağlı Azərbaycan hökumətindən tələb edir ki, ReAL sədri dərhal azadlığa buraxılmalıdır. 

Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını vurğulayıb.

Noyabrın 29-da Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) qərarına cavab verib.

Cavabda bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Rəsul Cəfərov deyir ki, AŞNK-nın bu qərarı Avropa Şurası tarixində ilkdir:

"Bu qərarın əhəmiyyətini bu cür görürəm: Birincisi, Skeptiklərin gözləntilərinin əksi olaraq NK mövqeyindən geri çəkilmədi və İlqarın qeyd-şərtsiz azadlığa çıxması üçün əlində olan yeganə mexanizmi işə saldı. Fikrimcə, bunu çox gec etdilər, amma heç olmamaqdansa, gec olması yaxşıdır.

İkincisi, "qərarda dərhal azadlığa buraxılmalıdır ifadəsi yoxdur" kimi söz-söhbətlərin üstündən xətt çəkildi və hökumətin son istifadə etdiyi bu arqumentin qəbul edilmədiyini göstərmiş oldu”.

Qərarın lehinə 47 üzv dövlətdən 39-u səs verib.