Avtoritarizm necə möhkəmlənir: ideologiyasız sistem sayəsindəmi?!

Avtoritarizm necə möhkəmlənir: ideologiyasız sistem sayəsindəmi?!

08-01-2018 18:25 / Bu xəbər 1456 dəfə oxundu

Elman Fəttah

Tarixə nəzər salsaq, klassik avtoritar və totalitar sistemlərin yaranma, ayaqda qalma səbəbi kimi, ilk növbədə, onların sahib olduqları ideologiyaları göstərə bilərik.

İdeologiyasız, yəni klassik olmayan avtoritarizmə gəlincə, bunu nəzəri baxımdan "modern avtoritarizm” də adlandırmaq olar...

Ənənəvi yanaşmaya inansaq, avtoritar rejimlərin ideologiyasının olmaması onların zəif yeri kimi qiymətləndirilir.

Əslində əksi də doğrudur: ideologiyasızlıqları avtoritar rejimlərin sanki bumeranq effektli "qalxanı” kimidir.

Bəla da elə ondadır ki, bu cür avtoritar rejimin "Axilles dabanı”na zərbə endirmək, yəni onun ideologiyasının "pis” və ya "mənfur” olmasını əsaslandırmaq mümkün olmur. Axı o, yoxdur...

İdeologiya inanılan nəsnədir. Rejimin propaqanda dəstəsinin alovlu çıxışları sizi yanıltmasın. Bu, sadəcə, reklam-piar işidir.

"Modern avtoritar” rejimlərə qarşı çıxmaq da məhz bu səbəbdən çətindir. Çünki onların mənasız söz yığınından başqa bir ideologiyası yoxdur. Sarkazmları çıxsaq, bu söz yığınının bəzən heç cavab veriləsi tərəfi belə olmur.

Məhz bu ideologiyasızlıq da müasir avtoritarizmin xalq tərəfindən standart dövlət kimi yox, holdinq kimi alqılanmasına səbəb olur. Belə rejim insanların şüuruna ictimai maraq anlayışının əvəzinə yerləşdirdiyi "bazar kültürü” ilə avtoritar kapitalizmin sütunları üzərində siyasi avtoritarizmin möhkəm karkasını qurmağı hədəfləyir.

Üstəlik, onun ideologiyasızlığı demokratik dünyadan gəlməli olan təzyiqləri də əhəmiyyətli ölçüdə azaldır.

Bir halda ki bu cür rejimlərin ideologiyası yoxdur, deməli, olmayan şeyi ixrac etmək kimi bir niyyətləri də yoxdur.

Belə niyyətləri yoxdursa, təhdid də təşkil etmirlər. Demokratik dünya isə təhdid olaraq görmədiyi rejimlərə qarşı münasibətdə sistemli təzyiq siyasəti yürütmür. Yəni yanaşma təxminən belədir: təhdid yoxdursa, niyə əməkdaşlıq olmasın?!

O başqa məsələdir ki, bu cür rejimlərin ən azı teorik olaraq ciddi təhdid ünsürü olması demokratik cəmiyyətlərin baxışında, liberal düşüncəli akademik çevrələrin təhlillərində antiinsanı idarəetmə kimi tənqid olunur və hətta sahib olduqları demokratik cəmiyyətlər üçün gələcəyin real təhdidi kimi qiymətləndirilir.

Demokratik dünyanın siyasi mərkəzləri isə bu həssaslığa yaxşı halda növbətçi bəyanatlarla cavab, pis halda isə iqtisadi əməkdaşlıq zərurəti ilə izah veririlər. Çünki onların siyasi yanaşmasına görə vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur: "Mübarizə azad və avtoritar dünya arasında deyil, azad və azadlığa meyllənən dünya arasındadır”.

Təsbit belə yanlış olunca, yürütdükləri siyasət də onlara görə, əlbəttə ki, sistemli təzyiq yox, "demokratiyaya inandırma yolu ilə islahatlara cəlb etmə” olmalı imiş.

Təbii ki, son 20 ildə yeridilən bu siyasət tamamilə iflasa uğradı. Nəticə etibarilə postsovet ölkələrinin avtoritar rejimləri demokratiyaya inanıb islahat etmək yolunu yox, avtoritarizmi daha da möhkəmləndirmə yolunu seçdilər. Bəziləri Azərbaycan kimi bir az da irəli gedib "müasir avtoritarizmə” monarxist elementlər də əlavə edərək sistemi daha da möhkəmləndirəcəklərini düşünürlər.

Belə vəziyyətdə ideologiyasız rejimlərə qarşı ideoloji hərəkat baş tutmur. Baş tutan isə sadəcə, barışmaz və əyilməz əqidə adamlarının lokal etirazlarıdır ki, buna da belə rejimlər repressiyanı şiddətləndirməklə özlərinin nə qədər qüdrətli olduqlarını nümayiş etdirmək fürsəti kimi yanaşır...

Bir digər yanlış isə açıq sərhədlərin avtokratiyaya zərbə olması qənaətidir. 19-cu əsrin ortalarında Rusiyaya gedən fransız aristokratı Markiz de Kustin qayıdanda deyirdi: "Rusiyanın siyasi sistemi Qərblə 20 il azad əlaqədə olsa, tab gətirə bilməz".

Onun deyimi bu gün artıq ümumi qənaətdir; sərbəst hərəkət azadlığı insanları başqa cür həyat tərzlərini görməyə və beləliklə, dəyişikliklər üçün tələbkar olmağa həvəsləndirir. Maraqlıdır, həqiqətənmi, sərbəst hərəkət azadlığı avtoritar rejimləri sarsıdır? Stalin buna birmənalı olaraq inanırdı. O, yeganə günahları Avropanı görmək olan milyonlarla sovet insanını sürgünə göndərmişdi. Amma baxın, Putin Stalin deyil. O, müasir avtoritarizmin ən mənfur nümayəndəsi kimi Rusiyanı bir gün sovetist, bir gün rasist, bir gün imperialist, bir sözlə, vahid ideologiyasız idarə edir. O, insanlara səyahət etməyə imkan verərək idarə edir. Bəli, hərəkət azadlığı dövlətə insanları təqib etməkdə bəzi məhdudiyyətlər yaradır, ancaq o həm də rejimin yaşamasına da imkanlar tanıyır...

Necə yaradır?

Seymur Martin " Siyasi (polikal men) adam” kitabında bu məsələni çox gözəl izah edir. Məsələn, o yazır:

"SSRİ ona görə yıxılmadı ki, insanlar tamamilə azad olmaq istəyirdilər. Ona görə yıxıldı ki, insanlar müəyyən azadlıqlar istəyirdilər”.

SSRİ elə bir qapalı ölkə idi ki, insanlar, sadəcə, sərbəst şəkildə dünyanı gəzə bilmək azadlığını əldə etmək üçün tamamilə azad olmağa məcbur idi. "Bəzi azadlıqlar naminə tam azadlıqlar uğruna” başlanan və anti ideoloji əsasları yaradıla bilən hərəkatlar SSRİ-ni yıxdı.

Yeri gəlmişkən, son 20 ildə SSRİ-nin çökməsi ilə bağlı saysız hesabsız məqalələr, elmi işlər yazılıb. Ən ağlabatan yanaşma budur ki, "Yenidənqurma”nın elan edilməsinin səbəbi kommunizmə olan inamın sarsılması ilə bağlı deyildi. Əksinə, Qorbaçov inanırdı ki, bu islahatlarla əsl sosializmin demokratik kapitalizmdən daha üstün olduğunu sübut edəcək. Di gəl ki, nəticə fiasko oldu. Çünki "yuxarı”dan başlanan islahatçılıq elitanın əsiridir və düzgün qərarlar qəbul edə bilmək üçün zəruri olan bir şeydən, həqiqətləri yetəri qədər sezmək imkanından məhrumdur. Nəticə etibarilə də estableşmentin özünü təftişi özünü islaha gətirib çıxarmadı, inqilablarla yekunlaşdı.

O başqa söhbətin mövzusudur ki, inqilablar kommunist elitalarla, müxalifətin ortaq istəyi şəklində baş vermiş oldu. Kommunist elitalar öz rejimlərini islah edə biləcəkləri ümidi ilə onun ölümünə töhfə verirkən, müxalifət də reallıqda kökünü tam qazımağı arzu etdiyi sovetizmin sonuna, guya islahat istədiklərini qələmə verməklə çıxmışdı.

Əsas mövzuya qayıtsaq, yekunda onu deyə bilərik ki, postsovet ölkələrində, konkret olaraq Azərbaycanda indi insanlar qismən "azad”dırlar. İstədikləri ölkəyə sərbəst gedib-gələ bilirlər. Dolayısıyla nə milyonları səfərbər edəcək ("bir azadlıq naminə tam azadlıq” uğrunda böyük hərəkata zəmin yaradan) ideologiya var, nə də klassik buxov...

Bu baxımdan daha mənfi anlamdakı miqrasiya azadlığı da "modern avtoritarizm”in özünə təhdid gördüyü azadlıq deyil, əksinə böyüyən təhlükəyə qarşı antibiotik effektli zərərsiz azadlıqdır. Yəni müasir avtoritarizmin müasir sürgünüdür: göndərmirsən, amma təşviq edirsən...

Üstündə çox dayanmaq istəmirəm, amma bir misal da məşhur Fransa inqilabından gətirək. XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Eyni dövrün İngiltərəsi isə bir qədər fərqli, parlamentar sistemə sahib monarxiya, Maqna- Kartadan üzü bu yana müəyyən qədər demokratiya tarixi olan imperiya idi. Amma Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri, mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan 1789-cu il inqilabı İngiltərədə yox, Fransada baş verdi.

Məncə, bunun ən ciddi sosial izahı həmin dövrün İngiltərəsindən "Yeni Dünya”ya (Amerikaya) yönələn böyük miqrasiya axını idi. Baş verə biləcək inqilabın hərəkətverici qüvvəsi olan bu axın İngiltərəni tərk edəndə Fransada artıq ideoloji tamamlanma yaşayırdı.

Heç təsədüfi deyil ki, başqa ölkələrdə tətbiqi heç vaxt uğurlu alınmayan möcüzə demokratiyanı yeni qitədə məhz bu miqrantlar qurdular və Fransa inqilabının böyük dalğasını bütün dünyaya yaydılar.

Bu yazıda məqsəd "tez-anti tez” baxışı ilə yaxşı olan şeyin əslində pis şey olduğu və ya pis olan şeyin əslində yaxşı olduğunu əsaslandırmaq deyil, əlbəttə. Məqsəd konkret olaraq bizim ölkədə yumşaq avtoritarizmin hansı səbəbdən möhkəmlənən avtoritarizmə yuvarlandığını və bizim bunun qarşısını ala bilməməyimizə yeni izahlar gətirmək idi. Müzakirə ediləsi məsələlər çoxdur. Axı nəyə görə demokratiyanın imitasiyası siyasəti Gürcüstanda demokratiyaya keçidlə, Azərbaycanda isə avtoritarizmin möhkəmlənməsinə keçidlə nəticələndi?! Hansı daha çox qanunauyğunluqdur?! Bunun nəzəri tərəfinə qalaq-qalaq yazılar həsr etmək olar. Praktik tərəfi isə bundan ibarətdir ki, bizim ölkədə demokratiyaya rəvan keçidin transformasiya imkanları artıq çoxdan tükənib. Bütün demokratik institutların öz funksionallığını tamamilə itirdiyi indiki vəziyyətimizdə əliyevlər idarəetməsi, təəssüf ki, demokratiyaya keçidlə yekunlaşmayacaq. O, sadəcə, çökəcək.

Bəs bu tənəzzül sonda böyük etiraz dalğasınamı çevriləcək, yoxsa çöküş sonrası bütün ölkə qurşağımıza qədər yığılacaq bir zibillikmi olacaq?! Məhz bu suala tapa biləcəyimiz cavab bizim hansı strategiya qurmalı olduğumuzu müəyyən edəcək. Və ya biz o məchul sonu gözləmədən "ideologiyasız avtoritarizmə necə qalib gəlməli?!” sualına cavab tapmalı və buna görə strategiya müəyyən etməliyik...

Meydan.tv