AXCP üzvləri restoranda toy etmələrinə icazə verilmədiyi bildirirlər

AXCP üzvləri restoranda toy etmələrinə icazə verilmədiyi bildirirlər

22-04-2019 16:49 / Bu xəbər 1346 dəfə oxundu

"Baş verənlər hamısı ortadadır"

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov AXCP üzvü Ruslan Nəsirlinin və AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızı Altunay Hacıbəylinin toyunun şadlıq evində keçirilməsinə imkan verməyib.

Bu barədə məlumat ötən həftənin sonu sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib və restoran rəhbərliyi ilə də razılaşıb.

"Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun göstərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada keçirilməsinə mane olublar.

İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Ruslan Nəsirlinin atası Şamil Nəsirlini icra hakimiyətinə çağırtdırıb hədələyib nikahını pozdurmağı deyiblər. Bildirilib ki, əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub”, - sosial şəbəkələrdə bildirilib.

Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova deyilənləri təkzib edib.

R.Ocaqova modern.az-a bildirib ki, rayonda belə bir hal yaşanmayıb:

"Mən özüm sosial şəbəkədə "başçı toya imkan vermir” tipli paylaşımları görəndə, dəhşətə gəldim. Həqiqətən belə bir şey olmayıb. Yəqin ki, kimsə bu məlumatları yaymaqda maraqlıdır. Mən rayonun rəsmi şəxsi kimi tam əminliklə deyirəm ki, bu məlumat həqiqətəuyğun deyil”.

R.Ocaqova xəbərin kim, hansı məqsədlə yayıldığını araşdıracağını bildirib.

Ş.Nəsirli bu məsələ ilə bağlı heç bir şərh vermək istəmədiyini bildirib:

"Baş verənlər hamısı ortadadır. Övladlarımın toyudur istəmirəm qan-qaraçılıq olsun. Ona görədə bu barədə danışmaq istəmirəm”.

Oxşar fikirləri Şamil Hacıbəyli də səsləndirib.

Meydan.tv