Azər Qasımlı: "Hakimiyyət ATƏT-ə görə qurultayımıza mane ola bilmədi"

Azər Qasımlı:

09-04-2018 15:46 / Bu xəbər 2697 dəfə oxundu

"REAL-ın indi qurultay keçirməsi ATƏT-in seçkiqabağı müşahidə missiyasının burda olması ilə bağlıdır. Hakimiyyət qurultay keçirməyimizə müdaxilə edə bilmədi". 

REAL sədrinin sözçüsü, onun siyasi məsələlər üzrə katibi Azər Qasımlı AzadlıqRadiosuna deyir.

Aprelin 7-8-də REAL Hərəkatının qurultayı keçirilib və onun partiya olmasına qərar verilib. Niyə məhz indi keçirildi qurultay? Bundan sonra partiya kimi fəaliyyət göstərəcək siyasi qurumun hədəfləri nədir? Azər Qasımlı AzadlıqRadiosunun suallarını cavablandırır.

- Azər bəy, qurultay, az qala, yarıgizli, səssiz-səmirsiz keçirildi. Bu, Azərbaycanda ilk təcrübədir, səhv etmiriksə. Niyə belə?

- Bəli, bu, ilk təcrübədir. Niyə belə? Çünki bizə yer vermirdilər. Biz keçən ilin sentyabrından aprelə qədər qurultayın keçirilməsi üçün yer ayrılması məqsədilə bir çox yerə, həm dövlət qurumlarına, həm də özəl qurumlara müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət edərək başqa siyasi partiyaların qurultay keçirdikləri ünvanlardan birində bizə yer ayrılmasını istəmişik. Amma bu yerlərin heç biri ilə bağlı bizə müsbət cavab verilməyib. Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə üç dəfə müraciət etmişik. Son məktubumuzun üstündən, demək olar, bir aya yaxın vaxt keçsə də, cavab almamışıq. Nə telefonlara cavab verirlər, nə də idarədə doğru-dürüst söz deyirlər. Amma məsələ bundadır ki, biz istədiyimiz yerləri başqa partiyalara qurultay keçirmək üçün verirlər. Bizim gördüyümüz odur ki, hakimiyyətin REAL-a yanaşmasında ayrıseçkilik var. İstər Demokrat Partiyasının qərargahında, istərsə də Müsavat Partiyasının qərargahında tədbir keçirmək istədiyimizi biləndə onlara ciddi təzyiqlər edildi. Gördük ki, bizə yer verməyəcəklər, başqa yerdə də qurultay keçirmək imkanımız yoxdur, alternativ yolla keçirməyə qərar verdik və buna da nail olduq.

- Niyə məhz indi - seçkiqabağı?

- Bunun indi keçirilməsi ATƏT-in seçkiqabağı müşahidə missiyasının burda olması ilə bağlıdır. Hakimiyyət bizim qurultay keçirməyimizə müdaxilə edə bilmədi.

- Spontan qərar idi bu?

- Planlı qərar idi. Məhz bu ərəfədə baş tutması ATƏT missiyasının burda olması, pis-yaxşı seçki dönəminin olmasına bağlıdır. Biz yenidən rəsmi qurumlara müraciət edib yer istəmişdik. Cavab verilmədi. Missiya rəhbəri ilə görüşmüşdüm, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna məktub göndərmişdik. Amma gördük ki, bunun da təsiri olmadı. Ona görə də qərar verdik ki, seçkilərdən qabaq bu addımı ataq.

- Azər bəy, partiyanın hədəfləri nədir?

- Məqsəd partiyanı gücləndirməkdir. O cümlədən də seçki kampaniyalarında aktiv iştirak etməkdir. Yəni plan bundan ibarətdir. İlqar Məmmədov partiyanın sədri seçildi. Onun həbsdən çıxarılması üçün təbii ki, müəyyən işlər görülməlidir və bunu da görəcəyik.

- REAL sədrinin həbsdən çıxarılması yönündə hansı işləri görəcəksiniz?

- Həm ölkə daxilində informativ iş aparacağıq, həm xarici qurumlarla işləyəcəyik, həm də aksiyalar planlayırıq. Bu istiqamətdə addımlar atılacaq. Bu, yaxın perspektiv üçün nəzərdə tutulub.

- Yaxın dövr üçün REAL-ın ən böyük planı nədir?

- Ən böyük plan seçkilərdə iştirakdır. Siyasi təşkilat olaraq parlament və bələdiyyə seçkilərində iştirak edəcəyik. Yaxın perspektivdə əsas iştirak edəcəyimiz proseslər bunlardır. Amma yenə deyirəm ki, İlqarın həbs məsələsi də var və indiki mərhələdə onun azadlığa çıxması partiyanın başlıca işlərindən olacaq.

- REAL hərəkatdan partiyaya çevrildi. Bu sizə siyasi qurum olaraq hansı imkanları yaradır? Partiyaya çevrilməni zəruri edən nə idi?

- Partiya olmaq bizə ciddi şəkildə heç bir imkan yaratmır. Heç bir. Azərbaycanda istər seçkilərlə bağlı qanunvericiliyi, formalaşan sistemi, yəni Konstitusiyada təsbit olunan sistem, istərsə də ölkədəki siyasi ab-havanı, vəziyyəti, şəraiti nəzərə alanda partiya olmaq heç bir üstünlük yaratmır. Amma məsələnin başqa bir tərəf də var. Əsas tərəfi də odur əslində. O da ondan ibarətdir ki, partiya olmaqla siyasi iddiamızı ortaya qoymuş oluruq. Məsələnin məğzi budur. Partiyanın qeydiyyatına gəlincə, qeydiyyatımız olsaydı, daha yaxşı olardı, bunun müsbət tərəfləri də var. Düzdür, mən inanmıram ki, indiki mərhələdə qeydiyyata alsınlar. Ancaq irəlidə yəqin, qeydə alacaqlar.

AzadlıqRadiosu