"Azərbaycan beynəlxalq platformalardan təcrid olunur"

13-03-2017 20:22 / Bu xəbər 1670 dəfə oxundu

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.

Ardınca  Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bəyanat yayaraq Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bildirib.
 
Bəs bundan sonra Azərbaycandakı Koalisiya şurasının taleyi necə olacaq? 

Şuranın üzvü, iqtisadçı Sabit Bağırov Toplum.Tv-yə bildirib ki, bu məsələyə may ayına qədər baxıla bilər: "May ayından gec olmayaraq, ümumi toplantı keçirilib orada şuranın son taleyi həll olunacaq".

Sabit Bağırov
 
"Azərbaycan hər hansı bir öhdəlik götürmək istəmir"

Koalisiya şurasının digər üzvü Oqtay Gülalıyevin sözlərinə görə, MSŞT-ni tərk etməsi ilə bağlı bəyanatı həm hüquqi, həm də MSŞT-nin standartları baxımından qüsurludur:

Oqtay Gülalıyev

"Ona görə qüsurludur ki, əvvəla bu bəyanat tərəflərlə, maraq  qrupları ilə razılaşdırılmadan verilib və eyni zamanda Azərbaycan hökumətinin bu təşəbbüsə qoşulması Nazirlər Kabinetinin 2004-cü ildəki müvafiq qərarı ilə həyata keçirilib.Yəni Şahmar Mövsümovun qurumların hər hansı  rəsmi qərarı olmadan özbaşına bu cür çıxış etməsi müəyyən suallar doğurur. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən əgər hökumət bu mövqeyi rəsmən elan edərsə, bəyanatın arxasında dayanarsa, bu, o deməkdir ki, Azərbaycan hər hansı bir öhdəlik götürmək, xüsusən vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmaq, qanunvericiliyə son illər etdiyi məhdudlaşdırıcı güzəştləri aradan götürmək istəmir. Bir sözlə, məsuliyyətdən yayınmaq istəyir. Bu, Azərbaycanın milli maraqları baxımından düzgün deyil. Azərbaycan beynəlxalq nüfuzlu platformalardan təcrid olunur, eyni zamanda bu, vətəndaş cəmiyyətinin maraqlarına ziddir. Təbii ki, biz koalisiyanın fəaliyyətini davam etdirmək istəyirik və Azərbaycan hökumətini bu bəyanata yenidən baxmağa çağırmışıq. Bu istiqamətdə də müəyyən addımlar atacağıq".

Azərbaycan 2003-cü ildə MHŞT-yə qoşulub. 2009-cu ildən qurumun tamhüquqlu üzvü idi. 

Pərvanə Qurbanlı