Azərbaycana gələn və gedən şirkətlər

Azərbaycana gələn və gedən şirkətlər

12-12-2017 13:29 / Bu xəbər 2923 dəfə oxundu

5 tenderin qalibi olan şirkət ölkəni tərk edib

2017-ci il başlayandan bəri 15-dən çox xarici şirkət nümayəndəlik və ya filiallarını bağlayaraq Azərbaycandan köçüb. Ölkəni tərk edən şirkətlərin çoxu tikinti və mühəndislik şirkətləridir. 

Bu siyahıya aid  Türkiyə tikinti şirkəti "Kutlubey Harita İnşaat Mühendislik Sanaye Ticaret LTD” Azərbaycana 2011-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin satın alınması ilə bağlı elan edilən  2.078.680 məbləğində tender qalibi olandan sonra daxil olub. 1996-cı ildə Türkiyədə Altan Çətinkaya tərəfindən əsası qoyulan şirkət 2011-ci ildən sonra davamlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən elan edilən tenderlərin qalibi olmağa başlayıb. 

2012-ci ildə Bakı şəhəri üzrə daşınmaz əmlak kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin satın alınması ilə bağlı elan  edilən və məbləği 5.995.000 manat olan tenderdə də eyni şirkət yenidən qalib gəlib. 

2015-ci ildə prezidentin fərmanı Azərbaycanda Daşınmaz Əmlak Kadastrı və Ünvan Qeydiyyat xidməti yaradılıb. 

Tenderlərdə qalib gələn "Kutlubey Harita İnşaat Mühendislik Sanaye Ticaret LTD” 2012-ci ildə Azərbaycanda nümayəndəliyini qeydiyyatdan keçirib. Şirkətin "Facebook” səhifəsi isə tamamilə fərqlidir. Səhifədə yerləşdirilən paylaşımlardan isə şirkətin yalnız Azərbaycan üçün işləməsi fikri ortaya çıxır. 6 il ərzində Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən 87 milyon manatdan çox tender udan şirkətin saytı belə fəaliyyət göstərmir. 

2013-cü ildə Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər rayonları üzrə daşınmaz əmlak obyektləri haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi məqsədilə işlərin satın alınması ilə bağlı keçirilən 3.990.000 manat məbləğində tenderin qalibi eyni şirkət, yəni "Kutlubey Harita İnşaat Mühendislik Sanaye Ticaret LTD” olur. 

3 tender qalibi olan şirkət 2013-cü ildə Azərbaycandakı nümayəndəliyini ləğv edir. 

Buna baxmayaraq, nümayəndəliyi ləğv olunan "Kutlubey Harita” 2014-cü ildə  Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin satın alınması ilə bağlı elan edilən məbləği 5.085.009 olan tenderin qalibi olub. 

2016-cı ildə şirkət yenidən nümayəndəliyinin Azərbaycanda ləğv olunduğunu elan edib. 

Nümayəndəliyini ləğv edən şirkət 5 ay keçdikdən sonra yenidən Azərbaycanın Şəmkir rayonunda qeydiyyatdan keçib. Bu ərəfədə şirkət görülən işlərin yekunu olaraq tərtibi və məkan uyğunsuzluqlarının aradan qaldırılması ilə bağlı məbləği 70.668.695 manat olan tenderin qalibi olub. Tenderdə "Kutlubey Harita İnşaat Sanaye LTD” ilə yanaşı 4 türk və 1 Azərbaycan şirkəti iştirak edib. 

Bu il ölkəni tərk etdiyini elan edən şirkətlərdən biri Alman şirkəti "Obermeyer Project Management”-dir. Şirkət 2012-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı Kristal Zalının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin, tikinti, layihə və menecmenti üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı elan edilən  2.598.705 manat dəyərində olan tenderdə qalib gəlib.

Şirkət nümayəndəliyini 2013-cü ildə Bakıda qeydiyyatdan keçirib. Bakı Kristal Zalının işlərini bitirdikdən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Bakı Konvensiya Mərkəzinin tikintisi üzrə layihə və menecment xidmətlərini satın alıb, amma şirkətə bu işləri görmək üçün nə qədər pul verildiyi ilə bağlı məlumat yoxdur. Şirkətin azərbaycanlı işçisi bildirir ki, Bakı Konvensiya Mərkəzi işi bitdikdən sonra heç bir layihə təklifi almadığı üçün "Obermeyer Project Management” ölkəni tərk etmək qərarına gəlib. Şirkətin rəhbəri Evelny Kolbe bildirir ki, ölkəni hansı səbəblərdən tərk etmək qərarı məxfidir və şirkətə məxsusdur. 

Ölkəni tərk edənlər siyahısındakı şirkətlərdən biri də Almaniyaya məxsus "HeidelbergCement”-dir. Sentyabrın 20-də şirkətin Azərbaycanda nümayəndəliyinin ləğv olunması elan edilib. Medianın yazdığı məlumata görə, 2016-cı ildə şirkət Gürcüstana məxsus Sakcementi Sement Zavodundan 75 faiz, Azərbaycana məxsus Qazax  Sement zavodundan isə 50 faizlik pay əldə edib. "HeilderbergCement” və Qazax Sement Zavodu arasında bağlanan müqavilə zamanı şirkətin ödənilmiş nizamnamə kapitalı 9.8 milyon manat olub, 1 il sonra isə kapital 800 milyona çatıb.

Şirkətin Qafqaz üzrə direktoru Michael Hampelin "Ifact”a verdiyi açıqlamaya görə, şirkətin Azərbaycandakı nümayəndəliyi 1 il bundan əvvəl ləğv edilib: 

"Azərbaycanda şirkətimiz məsləhətçi kimi fəaliyyət göstərib, lakin heç zaman Azərbaycanda tikinti materialları istehsal etməmişik”.

"Toyo Engineering Corporation”, "Tech Offshore Marine”, "Compas Development VII Holdings” də 2017-i ildə Azərbaycanı tərk edən şirkətlər siyahısındadır. 

2002-i ildə Yaponiyaya məxsus "Toyo Engineering Corporation” Azərbaycanda filialını yaradıb. Şirkət, 2011-ci ildə "Azərenerji” ASC-ilə 400 meqavatlıq Şimal Qaz Dövri elektrik stansiyasının qurulması ilə bağlı müqavilə imzalayıb. Eyni zamanda şirkət, "Azəriqaz” üçün boru kəməri layihəsini bitirib. Şimal Qaz Dövri elektrik stansiyasının qurulması üçün  "Toyo Engineering Corporation”-a nə qədər pul verildiyi məlum deyil. Müqaviləyə görə, layihə 2011-ci ilin fevral ayından başlayaraq 2013-cü ilin noyabrında başa çatıb. 

Şirkətin nümayəndəliyi Zaur Tacəddinoviç Mehdiyev tərəfindən 2014-cü ildə qeydiyyatdan keçirilib. Vergilər Nazirliyinin qəzetində yazılan məlumata görə, şirkət bu il ölkəni tərk etmək qərarına gəlib. 

"Tech Offshore Marine” (TOM) şirkətinin Azərbaycandakı fəaliyyəti 2014-cü ildən başlayıb. Aslan Manafov tərəfindən qeydiyyatdan keçən şirkət, neft şirkətlərinə mövcud vəziyyəti dəyişmək və ya düzəltmək üçün həllər sistemi təklif edir. Lakin TOM həm Azərbaycanda, həm də Sinqapurda Minisamy Mahendran tərəfindən idarə olunur. 

"Compass Development Holdings VII” 2014-cü ilin noyabrın 14-də Hong Kongda yaradılıb. 1 ay sonra, yəni dekabrın 30-da şirkət Azərbaycanda Nigar Hacıyeva adlı şəxs tərəfindən qeydiyyatdan keçirilib. Bundan bir gün əvvəl, yəni dekabrın 29-da da Nigar Hacıyeva tərəfindən "Compass Offices Services Azerbaijan Limited” qeydiyyata alınıb. Amma qeydlər göstərir ki, hər iki şirkət İngiltərə vətəndaşı olan Alan James Craig Mackay tərəfindən idarə olunur. 

Hər iki şirkətin fəaliyyəti məlum deyil.

İsveç şirkəti, "Azercell” Telekomun 38.1 faiz hissəsinin sahibi "Teliasonera” 2017-ci ilin sona qədər ölkəni tərk edəcəyini bəyan edib. 5 il əvvəl OCCRP və İsveçrə telekanalı SVT-in araşdırmasından "Teliasonera”nın Özbəkistanda 3G lisenziyası əldə etmək üçün hakim ailənin yaxın dostu və biznes tərəfdaşı olan bir şirkətə 320 milyon dollara yaxın rüşvət verməsi məlum olub. İsveç prokurorları Azərbaycanda rüşvət iddiasından sonra istintaqa başlamaqlarına baxmayaraq, iş 2016-cı ildə başa çatıb. 

"Konkret şübhələrimizin olmasına baxmayaraq, əlimizdə yetəri qədər fakt olmadığı üçün rüşvət məsələsini sübut edə bilmirik.” Prokuror Gunnar Steler TT xəbər agentliyinə deyib. 

"Teliasonera Holding BV”-in açıqlamasına görə, tədricən şirkət Avrasiya regionundakı fəaliyyətinə son verəcək.  Şirkət, uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu bildirib. Həmçinin, Nebal və Özbəkistandakı aktivlərini satıb. 

Ölkəni tərk edən şirkətlərlə yanaşı 2017-ci ildə bir neçə şirkət də Azərbaycana gəlmək qərarına gəlib. Bu şirkətlərdən biri də Çinə məxsus Fijutsi şirkətidir.  "Fujitsi”-in saytında verilən məlumata görə, keçən il şirkət şəxsi kompüter və telefon müəssisələrini Çində satmağa çalışıb. 

Bu ilin fevralında qeydiyyatdan keçən digər şirkət isə, "Millers Oil Britain” adlanır.  Noyabrın 23-ü, Azərbaycan Milli Elmlər Akademiyası tədqiqat və texnologiyalara köməklik göstərməklə bağlı yeni şirkətlə əməkdaşlıq edəcəyini elan edib. "Millers Oil” klassik mühərrk yağlarının istegsalı ilə məşğuldur.