Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

11-04-2018 11:04 / Bu xəbər 2504 dəfə oxundu

İlk dəfə olaraq prezident yeddi il müddətinə seçiləcək

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. 

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib - hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat 08.00-da dayandırılıb.

Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir. 215-i  Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılıb.

Məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb.

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 5 milyon 314 min 365 səsvermə hüququ olan şəxsin olduöğunu bildirib. Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

Səsvermə yerli vaxla saat 08:00-da başlayıb, 19:00-da bitəcək.

Azərbaycanda ilk prezident seçkiləri 1991-ci ildə keçirilib, Ayaz Mütəllibov 98,5 faizlə qalib elan olunub. O, 1992-ci ilin martın 6-da Ali Sovetdə istefa verib. 1992-ci ildə keçirilən prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəy 59,4 faizlə qalib elan edilib. Bir il sonra Surət Hüseynovun qiyamı nəticəsində o, paytaxtı tərk edərək Naxçıvandakı doğulduğu Kələki kəndinə gedib. 1993-cü ildə keçirilən növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Heydər Əliyev 98,84 faizlə qalib elan edilib. Heydər Əliyev 1998-ci ildə keçirilən seçkilərdə 77,8 faizlə qalib elan edilib. 2003-cü il prezident seçkilərində onun oğlu İlham Əliyev 76,8 faizlə, 2008-ci il seçkilərində 87,34, 2013-cü il seçkilərində isə 84,55 faizlə qalib elan olunub.

Səsvrmənin başlanması ilə əlaqədar olaraq çıxış edən, MSK sədri Məzahir Pənahov bəyan edib ki, beynəlxalq və yerli müşahidəçilərin, seçkini işıqlandırmaq üçün Azərbaycana gələn KİV nümayəndələrinin, o cümlədən yerli media nümayəndələrinin sayı seçkiyə ölkədaxili və xaricində böyük maraq olduğunu göstərir:

"Mən əminəm ki, vətəndaşlar fəallıq göstərəcək. İnanıram ki, onlar ölkənin gələcəyinə biganə deyillər”.

M.Pənahov qeyd edib ki, MSK demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün hazırlıq işlərini aparıb və səsverməyə hazırlıq bütün beynəlxalq standartlara uyğun aparılıb”.