Azərbaycanda siyasi adam oğurluğu cinayətləri... - Oqtay Gülalıyev

Azərbaycanda siyasi adam oğurluğu cinayətləri... - Oqtay Gülalıyev

17-01-2017 15:58 / Bu xəbər 2086 dəfə oxundu

Oqtay Gülalıyev,
Hüquq müdafiəçisi 

Niyə bu cinayətlərin üstü açılmır!?

Son illər Azərbaycanda siyasi oğurluq hadisələri genişlənməkdədir. İnsanlar ictimai- siyasi, jurnalist və s. fəaliyyətlərinə, eləcə də maddi durumlarına və vəzifələrinə görə oğurlanıb təhdid olunur, işgəncələrə məruz qalırlar. Oğurluq hadisələrinin arxasında bir çox hallarda mütəşəkkil dəstələr və hakimiyyətin güc strukturları, vəzifəli şəxsləri dayanır. Əksər hallarda isə bu cinayətlər açılmamış qalır. Bir neçə gün öncə tanınmış videoblogger Mehman Huseynovun müəmmalı şəkildə ogurlanıb fiziki zorakalığa və hədə- qorxulara məruz qalması mövzunu yenidən aktuallaşdırıb. 

Gəlin son illər Azərbaycanda həyata keçirilən səs-küylü adam oğurluğu hadisələrindən bir neçəsinə nəzər yetirək:

Oğurlanan MTN əməkdaşı: 14 ildir açılmayan sirr...

Son 15 ildə yadda qalan, daha çox müzakirə mövzusu olan və bu gün də suallar yaradan ogurluq hadisələrindən biri 2003- ci ildə baş verib. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik nazirliyinin əməkdaşı Mahir Abdullayev müəmmalı şəkildə oğurlanıb. Sonradan E. Abdullayevin yaydığı çox saylı videogörüntülərdən aydın olur ki, ogurluq hadisəsi ilə bağlı onunla söhbətə gələn və böyük həcmdə pul qarşılığında Mahir Abduallyevin qaytarılmasını vəd edən şəxslər hakimiyyətdə məsul vəzifə tuturlar. Çox maraqlı və təəccüblüdür ki, həmin şəxslər arasında Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Prezidentin Mühafizə İdarəsində yüksək vəzifə tutan şəxslərlə yanaşı deputat, iş adamları və hətta Bakıda bir rayonun məhkəmə sədri də olub. 

Mahir Abdullayev
 
 
Sorğumuza cavab olaraq Elşad Abdullayev bildirir ki, "keçmiş MTN-in cəllad və qulldurları Akif Çovdarov, Rəsul Rəsulov, Nazim Lətifov, Fikrət Əliyev və Hilal Əsədov Mahir Abdullayevi qaytarmağın müqabilində Heydər Əliyev Fonduna köçürmək üçün məndən 20 milyon ABŞ dolları tələb etdilər. Lakin mən onlara bildirdim ki, 20 milyon dollarım yoxdur və bu qədər pulu ödəyə bilmirəm. MTN generalları bildirdilər ki, "onda 10 milyon dollar təcili Heydr Əliyev Fondunun kassasının pulunu ödəməlisən, sonra da bizə çatanı yavaş-yavaş ödəyərsən” deyib, mənə gah yalvarır, gah da təhdid edirdilər. Mən isə zorla ordan-burdan qardaşım Mahir Abdullayevin qaytarılması üçün Heydər Əliyev Fonduna köçürülməsi adı ilə Akif Çovdarova 2,8 milyon pul verə bildim. Bu barədə də mətbuatda, Avropa Məhkəməsinə və İNTERPOL-a müraciətimdə yazmışam. 

Bununla yanaşı, Heydər Əliyev Fonduna ödəməkdən əlavə Akif Çovdarova, Hilal Əsədova, Rəsul Rəsulova, Nazim Lətifova, PA müdiri Ramiz Mehtiyevin yaxın qohumu MTN polkovniki Fikrət Əliyevə qardaşım Mahir Abdullayevin geri qaytarılması ücün 200 min dollar verdim . Xərac verilməsi prosesini bilavasitə KQB cəlladı Akif Çovdarovun kontrolu ilə Rəsul Rəsulov və Nazim Lətifov icra edirdi. Mən pulların alınması üçün qarant tələb etdim. Şərtləşdiyimiz kimi də məndən pulların alınmasına görə qarant kimi də MTN-in 1-ci müavini Hilal Əsədov Fikrət Əliyevin vasitəsilə mənə Tibb Universitetində dosent işləyən bacısının şeirlər kitabına imza edib göndərdi. Yəni göndərdiyiniz pullar yerinə çatıb”.

E. Abdullayev sorgumuza cavada digər adlar da açıqlayır: "Ramiz Mehdiyevin adı ilə keçmiş deputat Gülər Əhmədova məndən Mahir Abdullayevin qaytarılması ücün 2 milyon ABŞ dolları almışdı. Ramiz Mehdiyevin məhkəməsi və mediası bunu guya Gülər Əhmədovanın mandat alveri kimi Azərbaycan cəmiyyətinə sırıdı. Əslində, mən bu pulu bir zərərçəkmiş olaraq qardaşım Mahir Abdullayevin qaytarılması üşün vermişdim. "Dəmir alverçisi” Arzu Kazımov və DİN-in keçmiş 1- ci müavini Zahid Dünyamalıyev Daxili İşlər naziri Ramil Usubovun adı ilə məni təhdid edərək 3 milyon dollar almışdı”.

HAŞİYƏ. Düzdür həmin şəxslərin bəziləri bu videogörüntülər ictimailəşəndən sonra vəzifəsindən azad edildi və hətta həbs olunanalar da oldu. Amma həmin olaydan sonra işində qalan və hətta vəzifəsi böyüdülərək daha yüksək vəzifəyə təyin olunanlar da oldu. Həmin hadisədən 13 ildən çox vaxt keçməsinə baxmayaraq M. Abdullayevin taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Əksinə hüquq- mühafizə orqanları baş vermiş cinayəti açmaq əvəzinə zərərçəkənin qohumlarını susdurur, onları həbs edir (məsələn, E. Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev 10 il həbs cəzası alıb. red.), ölkədən çıxışına yasaq qoyur.

Sonrakı illərdə bir çox tanınmış tənqidçi jurnalistlər, ictimai siyasi fəallar və vəzifəli şəxslərin özləri, eləcə də ailə üzvləri oğurlandı.

"Cahangir Hacıyevin arvadının ogurlanmasını DİN İdarə rəisi sifariş etdi”

Adam oğurluqları bəzi hallarda ictimai fəalları, jurnalistləri keçərək vəzifəli şəxslərə və onların ailə üzvlərini də əhatə edirdi. Bu barədə ən maraqlı, diqqət çəkən oğurluq hadisələrinin birini Daxili İşlər nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədov bildirib. 

2006- cı ilin avqustun 9-da məhkəmədə ifadə verən Hacı Məmmədov qeyd edib ki, 2005-ci ilin fevral ayında DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirov ona sifariş edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlasın. "Zamirə Hacıyevanı oğurlamazdan bir neçə ay əvvəl Zakir Nəsirov məni yanına çağırıb Cahangir Hacıyevi tanıyıb-tanımadığımı soruşdu. Mən isə bildirdim ki, həmin adam bir dəfə "Qarabulağ"a qonaq gəlib və bir yerdə çörək yemişik. Z.Nəsirovla belə razılığa gəldik ki, Cahangir Hacıyevin arvadını oğurlayıb ondan pul alaq. Sonra isə qadını azad edək. Planı mən qurmuşam. C. Hacıyevin yaşadığı ünvanı müəyyən etdik və Zamirə Hacıyevanı nəzarətdə saxlamağı dəstə üzvü Eldar Rəhimova tapşırdıq. Ötən il fevralın 10-da, nəhayət ki, Zamirə Hacıyevanı qadın salonundan çıxarkən oğurlamağa nail olduq" - deyə H.Məmmədov bildirib. 

Hacı Məmmədov onu da qeyd edib ki, əvvəlcə Cahangir Hacıyevdən arvadını azad etmək müqabilində 15 milyona yaxın avro tələb etmək istəyiblər: "15 milyon deyib 2 milyon avroda dayanmaq fikrindəydik. Fikirləşirdik ki, Cahangir Hacıyev iki günə həmin məbləği bizə çatdıracaq və arvadını azad etdirəcək. Lakin bu, bizim sonuncu əməliyyatımız oldu. Biz Cahangir Hacıyevdən həmin məbləği ala bilmədik, əvəzində isə məni tutub MTN-ə apardılar və Zamirə Hacıyevanı azad etdilər".

Oğurlanan jurnalistin başını kəsmək istəyiblər

Tənqidi yazılarına görə ogurlanıb ağır işgəncələrə məruz qalanlar arasında xeyli jurnalistlər var. Onlardan biri "Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli olub. O, redaksiyanın tapşırığı ilə «varlılar məhəlləsi» kimi tanınan Badamdar villaları ilə bağlı reportaj hazırlayıb qayıdarkən «Qurd qapısı»nın yaxınlığında onu haqlayırlar. 
Fikrət Hüseynli: «Birdən başıma çox güclü zərbə dəydi. Səndələdim. Yadıma gələn o oldu ki, mənim sağ qolumu burdular». Bundan sonra təxminən iki saat Fikrətin huşu özündə olmayıb: «Bu iki saatda mən harada olmuşam, məni niyə aparıblar, meyidimi kimə göstəriblər ki, doğrudan da biz bunu döymüşük, öldürmüşük, bunların heç birini bilmirəm. Bir də onda ayıldım ki, bir ağacın altındayam boğazıma da bıçaq dirənib. Ani olaraq beynimdən keçdi ki, başımı kəsmək istəyirlər».

Son qüvvəsini toplayıb qara maska geyinmiş adam oğrusuna müqavimət göstərəndə bıçaq boğazının altından keçib ağız boşluğuna işləyib: «Bu məqamda xırıldamağa başladım. Onlardan biri dedi ki, deyəsən, öldu. Bundan sonra onlar maşına minib sürətlə uzaqlaşdılar».

Al qan içində olan Fikrəti taksi ilə Təcili-Tibbi Yardım Xəstəxanasına gətirilib. Qanaxmadan huşunu itirmək həddində olmasına baxmayaraq Fikrət telefonla «Azadlıq» qəzetinin direktoru Azər Əhmədova baş verənləri anlada bilib. Əhmədovdan öncə xəstəxanaya polislər gəlib. Polislər onlarla bərabər ilk tibbi yardım otağına girib. Azər Əhmədov Fikrətin jurnalist olduğunu və oğurlanaraq bıçaqlandığını bildirəndə həkimlər ona yardım göstərməkdən imtina ediblər. Qəzetin direktoru ilə həkimlərin mübahisəsinə Fikrətin «yıxılmışam» deməsi son qoyub. Fikrətin bu «etirafından» sonra həkimlər yaraya tikiş qoymağa razılıq verib, polislər isə heç bir qeydiyyat aparmadan xəstəxanadan gedib.

Ertəsi gün Fikrət həkim müayinəsindən keçmək qərarına gəlib: «Başqa bir tanış həkim gəldi. Məni müayinə etdi. Bəlli oldu ki, damarıma hansısa psixotrop maddə vurublar. Dizlərimdə, bədənimin müxtəlif yerlərində yara izləri vardı».

«Azadlıq» qəzeti rəhbərliyinin davamlı təkidlərindən sonra faktla bağlı qaldırılan cinayət işi üzrə təyin olunan məhkəmə-tibb ekspertizası isə bu faktların heç birini qeydə almayıb.

Fikrət Hüseynli bildirir: «Ekspert sübut etməyə çalışırdı ki, guya mən yıxılmışam, boğazıma nə isə batıb. Mənim bədənimdə, paltarlarımda bu qədər aşkar izlər ola-ola ekspertiza saxta rəy hazırladı. İş ondadır ki, indiyə qədər o saxta rəyi də ala bilməmişəm».

İki aydan sonra cinayət törədənlərdən heç birinin izinə düşmək mümkün olmadığından bu iş də bağlanıb.

"Oğurlayıb döydülər, üstümdən maşın sürdülər”

Oğurlanaraq döyülüb ölümcül vəziyyətə salınan jurnalistlərdən biri "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev olub. Mərhum jurnalist Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı keçirilən dəyirmi masaların birində təklif olunub ki, qəzetlər «Elmarın ölümündə kimdən şübhələnirsiniz» başlığı altında sorğu keçirərək nəticələri qəzetlərdə dərc etsinlər. Oxucuların gəldiyi nəticə hakimiyyətin yüksək dairələrinin xeyrinə olmadığı üçün bir çox qəzetlər nəticələri çap etməyib. «Bizim yol» qəzeti isə nəticələri dərc edib. Bahəddin Həziyev də elə həmin günlərdə oğurlanıb.
 
Bəhəddin Həziyev
 
Oğurlanması hadisəsini Bahəddin Həziyev belə təsvir edir: «Hər hey çox ani baş verdi. Ancaq o adam indi də mənim gözlərimin qarşısındadır. Mən həmin adamı istintaqa təsvir də etmişəm. Mənə bəlli olmayan səbəblərdən istintaq onun fotorobotunu çıxarmadı. Tez başıma kisəni keçirdilər, əllərimi bağladılar, başladılar elə maşındaca döyməyə. Deyirdilər ki, sən çoxdan bu işlə məşğulsan, yazırsan, elə bilirdin, cavab almayacaqsan».

15-20 dəqiqə keçəndən sonra onu maşından endirib bir evin həyətinə gətiriblər. Burada onu yenidən döyməyə başlayıblar: «Biri deyirdi ki, elə edin, iz qalmasın. Başqa birisi isə deyirdi ki, iz qalsa da, qalmasa da biz artıq bunu geri qaytara bilmərik, başına güllə vuraq, ataq dənizə».

Ancaq sonradan plan dəyişib. Redaktoru yenidən maşına mindiriblər: «Məni yolun qırağında düşürdülər, sonra sürətlə gəlib maşınla üstümdən keçdilər. Səhərə yaxın çoxlu itlər gəldi. Hardasa, bir 15-20 it olardı. Səslərindən belə saymışdım. Sonradan fikirləşirəm ki, deyəsən, onların yanında bir nəfər də vardı, çünki mənim kürəyimə balaca bir daş dəydiyini hiss etmişdim. Bir balaca tərpənən kimi mənə hücum etmək istəyirdilər. Ancaq tərpənməyə heç taqətim də qalmamışdı».

Başına torba keçirilmiş, əlləri bağlı, ayaqları isə sındırılmış Bahəddin Həziyevi hava işıqlaşanda nəhayət ki, yoldan keçən bir maşının sürücüsü görüb. Polis və təcili yardım redaktoru xəstəxanaya çatdırıb: «Ayağım beş yerdən sındırılmışdı. Sınıqlar çox mürəkkəb idi. O qədər mürəkkəb idi ki, heç əməliyyata belə almadılar, yalnız konservativ yolla düz 10 ay xəstəxanada və evdə müalicə olundum».

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində qaldırılan cinayət işi isə düyünə düşüb: «Heç bir şübhəli şəxs müəyyən olunmayıb, heç kimin fotorobotu hazırlanmayıb. Ona görə də bəlli deyil ki, istintaq nəyin əsasında aparılır. Artıq hər kəsə bəllidir ki, bu cinayət açılmayacaq…»

Oğurlayıb ayağından asdılar...

Hazırda həbsdə olan Azadlıq qəzetinin redaktoru, vicdan məhbusu Seymur Həzi yazılarına görə bir neçə dəfə təhdid və zorakılığa məruz qalıb. Onun özünün mediaya verdiyi məlumata görə, ilk dəfə 2005-ci ildə oğurlanıb, 2 saat zirzəmidə ayağından asılı saxlanılıb.

Daha sonra 2010-cu ilin mayında saxlanılıb. Həmin vaxt döyülən jurnalistə İlham Əliyevdən yazmamaq tövsiyə olunub.

Növbəti dəfə 2011-ci il martın 26-a keçən gecə oğurlanaraq işgəncələrə məruz qalıb. O ogurlanma hadisəsini belə təsvir edir: «6 nəfər maskalı məni döyə-döyə mindirdilər mikroavtobusa. İçəridə vurdular, başıma maska keçirdilər. Təxminən 20-25 dəqiqə yol gəldik, bir evə gətirdilər, ev təzə tikilmiş evə oxşayırdı. Orda maskamı götürdülər. Rusdilli, idman cüssəli idi hamısı. Orda məni palçıqda sürüdülər, videoya çəkdilər, yəqin kiməsə göstərəcəkdilər. Sonra gətirib bir yerdə küçədə tulladılar, başımda maska, əlim bir qat «skoçla» bağlı. Ayıldım gördüm bir bina var, yaxınlaşdım. Oğlandan soruşdum ki, bura haradır, dedi bura Binəqədidir».
Seymur Həzi
 
S. Həziyev hesab edir ki, döyülməsi yazıları ilə bağlıdır: «Azərbaycanda mətbuat oxuyan bilir ki, ancaq İlham Əliyevdən yazıram, hətta nazirlərdən də yazmıram. Əsas fəaliyyətim «Azadlıq» qəzetinin şərhçisi kimi ölkə başçısının fəaliyyətini təhlil etməkdir. Bu, mənimlə bağlı 3- cü hadisədir. 2005-ci ildə oğurlanmışam, 2 saat bir zirzəmidə ayağımdan asılı saxlanmışam. 2010-cu ilin mayında saxlanmışam, təcridxanada məni saat yarım döyüblər, yumşaq desək, İlham Əliyevdən yazmamağı tövsiyə ediblər».

2001-ci il iyulun 3-də «Bakı-xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev də oğurlanıb. Ona qarşı işgəncə verməsələr də, əllərini, gözlərini bağlayıb şəhərdə maşınla bir neçə saat gəzdiriblər. Onun qarşısında siyasi xarakterli tələblər qoyublar: "Siyasi və jurnalist fəaliyyətimi dayandırmağımı tələb edirdilər. Dediklərinə əməl etməsəm, məni və ailə üzvlərimiz daha dəhşətli işgəncələrlə üzləşə biləcəyimizlə hədələyirdilər».

Bu siyahını uzatmaq olar. Sonrakı dövrlərdə digər jurnalistlər, iş adamları, tanınmış şəxslərin ailə üzvləri də tamah və siyasi məqsədlə oğurlanıb.

Oğurlanıb döyülən jurnalistlər tənqidi yazılarına görə bu amansız münasibətə məruz qalıblar. Nəzərə alanda ki, Fikrət Hüseynli, Seymur Həzi, Bahəddin Həziyev və eləcə də digər jurnalistlər hakimiyyətdə təmsil olunan vəzifəli şəxslər haqqında yazdıqları tənqidi yazılara görə oğurlanıb döyülüblər, onda olayın arxasında kimlərin dayandığı aydınlaşır.

Adam oğurluğunun davamı - Mehman Hüseynov...

Tanınmış videobloger Mehman Hüseynovun bir neçə gün bundan öncə ogurlanaraq işgəncələrə məruz qalması Azərbaycanda son illərin adam ogurluğunun silsilə davamıdır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Mehman Hüseynov ölkədə hökm sürən yarıtmaz idarəçiliyi, məmurların dəbdəbəli həyat şəraitini, onların korrupsiya əməllərini videogörüntülərlə çəkib ictimailəşdirən az saylı bloggerlərdən biridir. Onun Facebook səhifəsində minlərlə izləyicisi və dəstəkləyənlər var. 

O, 09 yanvar 2017- ci ildə gecə saatlarında ogurlanıb və 15 saat harda olduğu məlum olmayıb. Hətta yaxınları onun yoxa çıxması ilə bağlı DİN- in 102 Qaynar xəttinə müraciət ediblər. 
 
Mehman Hüseynov
 
Polisdən verilən məlumatda Mehman Hüseynovla bağlı onlarda məlumat olmadığı bildirilib. Amma 15 saat sonra bəlli olub ki, Mehman Hüseynov Nəsimi rayon 22- ci polis bölməsindədir. Onunla təmas qurmağa cəhd edilsə də vəkili və ya ailə üzvləri ilə əlaqə saxlamağa imkan verilməyib. 

Onun bildirdiyinə görə bütün bu müddət ərzində o, işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Başına torba keçirilərək 4 saat başı aşağı saxlanılıb, təhqir edilərək döyülüb. Nəsimi rayon məhkəməsində o, huşunu itirib və yıxılıb. Təcili yardım həkimləri ona iki iynə vurub, daha sonra polis onun bu vəziyyətindən istifadə edib və hansısa kağızları imzalamağa məcbur edib. 

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynovun bədənində işgəncə izləri olub. Geniş ictimai qınaq və təpkidən sonra o polislərin iştirakı ilə Nəsimi rayon məhkəməsinə gətirilib. 200 manat cərimə olunaraq sərbəst buraxılıb.

"Adam oğruları”nın şəxsi həbsxanaları...

"Məni öldürməyə Eldar Mahmudov imkan vermədi”

Verilən məlumatlara görə təhlükəsizlik və güc strukturlarında çalışan "adam ogurları” ogurladıqları adamları saxlamaq, onlara işgəncə vermək, təhdid etmək, istədiklərini almaq üçün xususi həbsxanaları olub. Məsələn, fəaliyyətinə xitam verilmiş ABU- nun sabiq rektoru Elşad Abdullayev bildirir ki, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun bir neçə gizli həbsxanası olub və o öz qurbanlarını, ogurladıqları adamları gətirib burda onlarla haqq-hesab çəkirmiş: 

"Akif Çovdarovun şəxsi həbsxanalarına təpədən dırnaga qədər müasir silahlarla silahlanmış qara maskalılar təcili yardım maşınında ‘’könüllü’’ aparırdılar. Onun bir neçə yerdə, məsələn Xınalıqda gizli həbsxanası var idi. Qarabulaq Hacı Məmmədovun polis qəbirstanlığı idisə, Xınalıq Akif Çovdarovun KQB-in ölüm qəbirstanlıgı idi. Danışıqlarından başa düşürdüm ki, onların xərac təklifini qəbul etməyənləri Xınalığa "qonaq” aparırılar. 

Akif Çovdarov Patamdar və Novxanıdakı bağ evinidən də şəxsi həbsxana kimi istifadə edirdi. Mən Akif Çovdarovun Novxanı bag evinin Quantonamasında fiziki təzyqə məruz qaldım, nədənsə məni öldürməyə Eldar Mahmudov icazə vermədi.

Akif Çovdarovun məxfi Masazır həbsxanasında olmuşam. Məni ora aparıb şantaj edib ki, pulu tez ödəməlisən, bir qəpiyini də gecikdirmək olmaz. Yoxsa səni Mahirin yanına göndərəcəyik. Akif Çovdarovun Masazır həbsxanası haqqında jurnalist Eynulla Fətullayevin mediadakı foto açıqlamalarından bilirsiniz, amma, yuxarda qeyd olunan faktlar "MTN işi” məhkəməsində aşkarlanmadı, bilinmədi, ört-basdır edilir. Hesab edirəm ki, Akif Çovdarovun Masazır həbsxanasında pamidor istilikxanasında çalışan, fotoloru təqdim olunan Nəqliyyat Polisinin əməkdaşları Azərbaycanda adam ogurlugu cinayətlərinin aktiv subyektləridir”.

Elşad Abdullayevin bildirdiyinə görə Akif Çovdarovun Rusiyada da gizli həbsxanaları olub. Onun Sverdlovski vilayətinin Verxniy Ture rayonunda işlətdiyi taxta-şalban sexində, Nalçik şəhərinin yaxınlıgında Nijni Novoqord rayonunda, Dagıstan Respublikasının Kaspiyski rayonu yaxınlıgında Lavaşinski Qalasında gizli həbsxanaları fəaliyyət göstərib.

Siyasi adam oğurluğu niyə baş verir?

Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda siyasi adam ogurluğu hadisələrinin baş verməsi hakimiyyətin xarakterindən, mahiyyətindən və cəzasızlıq sindromundan doğur. Çünki mövcud hakimiyyət öz varlığını korrupsiya, yalan, qanunsuzluq, dərəbəylik, məmur özbaşınalığı və avtoritar repressiya üzərində qurub. Mövcudluğunu qorumaq üçün zor aparatından istifadə edən hakimiyyət bu zorun yeriməsi üçün yetişdirdiyi adamları sonradan idarə və ram edə bilmir. Nəticədə dövlətin gücü ilə meydana çıxıb zorakalığı rəsmi siyasətə çevirənlər sonradan dövlətin sütunlarını sarsıdıb onun özünə problem yaradır. Son 15- 20 ildə adam ogurluğu və bir çox üstü açılmayan qətillərin bir ucu hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərə gedib çıxır. Məhz bu səbəbdən həmin cinayətlərin bir çoxunun gerçək səbəbləri və üstü açılmır. Dövlətin gücündən istifadə edib insanları ogurlayan, onlara işgəncə verən, mülkini, pulunu əlindən alan, reketçiliklə məşğul olan şəxslər cəzalandırılmayanda belə bu tip cinayətlərin davamlı olacağı şübhəsizdir.

Məğzindən, mahiyyətindən və niyyətindən asılı olmayaraq adam ogurluğu ən ağır cinayətlərdən sayılır. Bu cinayətin dövlət qurumları səviyyəsində vəzifəli şəxslər tərəfindən tamah və siyasi məqsədlər üçün həyata keçirilməsi isə ikiqat cinayətdir. Təəssüf ki, ölkəmiz və insanlarımız hələ də adam oğurluğu cinayətindən sığortalanmayıb. Bu cinayətlərin tam şəkildə aradan qaldırılması üçün ölkədə demokratik cəmiyyət qurulmalı, qanunlar bütün gücü işə işləməli, məhkəmələr müstəqil fəaliyyət göstərməli, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarət olmalı, ölkəmizin beynəlxalq öhdəlikləri möhkəmlənməlidir.
 
Yazı müəllifin şəxsi feysbuk səhifəsindən götürülüb.