Azərbaycanlı idmançı qış olimpiadasında finişə çata bilməyib

Azərbaycanlı idmançı qış olimpiadasında finişə çata bilməyib

22-02-2018 15:19 / Bu xəbər 2614 dəfə oxundu

Ölkəni idman karyerasını başa vuran avstriyalı təmsil edib

Azərbaycanın Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiadasında yeganə təmsilçisi, əslən avstriyalı Patrik Braxner çıxışını başa vura bilməyib.

P.Braxner slalom yarışında iştirak edib.

Digər növ olan nəhəng slalom yarışlarına isə o, ümumiyyətlə qatılmayıb.

Bu, qış idman növlərinin ənənəsi olmayan Azərbaycan üçün illərdir təkrarlanan haldır.

Öz idmançıları olmaması səbəbindən Azərbaycan digər ölkələrdən öz yığmalarına düşə bilməyən idmançıları cəlb edərək, qış olimpiadasında təmsil olunur. Təbii ki, öz ölkələrində nəticələr baxımından yığmaya düşməyən idmançılar, olimpiadalarda da layiqli nəticə göstərə bilmirlər.

Belə ki, 1998-ci ildə Naqano olimpiadasında Azərbaycanı təmsil etməli olan Elbrus İsakov xəstələndiyi üçün slalom yarışlarına çıxmayıb. 
Elə həmin E.İsakov 2002-ci ildə Sol Leyk Sitidə slalomda çıxışını başa bura bilməyib.

Vankuverdə 2010-cu il olimpiadasında Azərbaycanı təmsil edən Sedrik Nots nəhəng slalomda 72-ci yer tutub, slalomda isə çıxışını başa bura bilməyib. Elə həmin olimpiadada Azərbaycanı təmsil edən digər idmançı Qaya Bassani Antivari nəhəng slalomda 57-ci yer tutub, slalomda çıxışını başa bura bilməyib.

"Soçi 2014” olimpiadasında elə həmin Patrik Braxner nəhəng slalomda 53-ci yer tutub və slalomda çıxışını başa bura bilməyib. Vankuverdən bizə tanış olan Qaya Bassani Antivari isə nəhəng slalom və slalomda ümumiyyətlə starta çıxmayıb.

Maraqlıdır ki, bu il Pxençanda keçirilən olimpiadada Azərbaycanı təmsil edən Patrik Braxner 2017-ci ilin yazında idmançı karyerasını bitirib.

Qərb mətbuatına müsahibə verən idmançı deyib ki, Avstriyanın paytaxtı Vyanada böyük şirkətlərin birində texniki şöbədə işləməyə başlayıb. 2017-ci ilin dekabrında isə ona Bakıdan zəng vurub, olimpiadada iştirak etmək təklifi veriblər.

"Mənə dedilər ki, Azərbaycanı təmsil etməli olan idmançı zədə alıb, ona görə də olimpiadaya gedə bilməyəcək. Məndən bir neçə saat ərzində cavab verməyimi xahiş etdilər. Qısa düşünəndən sonra onlara zəng vurub, razılığımı verdim”, P.Braxner deyib.

P.Braxner əlavə edib ki, olimpiadaya hazırlıq onun işinə mane ola biləcəyindən ehtiyat edərək, məşqləri işdən əvvəl səhər saatlarında və istirahət günlərində edib.

"Futbol+” qəzetinin yazarı Amal Abuşov Meydan TV-yə deyib ki, Azərbaycanın qış olimpiada yarışlarına qatılmasında ilkin məqsəd özünü nümayiş və "idman ölkəsiyik” şüarını tamamlamaqdır.

"Əslində, iştirak xatirinə iştiraka çalışırıq. Əgər belədirsə, Azərbaycan öz idmançısı ilə bunu etməlidir, əcnəbi idmançı ilə yox. Nəticədə avstriyalı idmançı 25-ci saniyədə yerə yıxılmaqla məsxərə obyektinə çevrildi. Sanki taleyin acı istehsazıdır. Baş verən hadisə onu göstərdi ki, əcnəbi idmançı seçərkən də peşəkarlığa üstünlük verilmir və hansısa məqsədlər naminə həyata keçirilir”.

Amal Abuşov

Amal Abuşov bildirib ki, Azərbaycanda qış idman növlərinin ənənəsi, yaxud şərait və maraq yoxdursa, imtina etmək olar:

"Niyə özümüzü məcbur etməyə çalışırıq. Azərbaycanda heç vaxt buz meydançaları olmayıb. Şahdağda indi-indi nələrsə yaradılır. Amma orada da həvəskar səviyyədədir. Yalnız xaricdə, məsələn, Rusiyada yaşayan istedadlı həmyerlimizi tapıb resurslarından yararlana bilərik. Amma hazırkı şəraitdə perspektiv görünmür. Onsuz da şərait və ənənələri olan idman növləri də böhran keçirir, güləş, futbol və digər sahələr tələblərə cavab vermir”.