Bakıda 4 binanın həyətinə çoxmərtəbli tikilinin özülü qazıldı: Sakinlər etiraz edir (VİDEO)

Bakıda 4 binanın həyətinə çoxmərtəbli tikilinin özülü qazıldı: Sakinlər etiraz edir (VİDEO)

11-02-2019 15:52 / Bu xəbər 1193 dəfə oxundu

Bu gün Nəsimi rayonunda bir qrup sakin binalarının həyətində çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz edərək problemlərini ictimailəşdirmək qərarına gəliblər. 

Belə ki, 4-cü mikrorayon, Cavadxan 68 ünvanında yaşayan sakinlər 4 binanın ortaq sahəsi olan ərazinin zəbt edilməsindən narahatlıqlarını dilə gətiriblər. 

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, 50-yə yaxın sakin binanın qarşısına toplaşaraq tikinti işinin dayandırmasını tələb ediblər.

Çoxmərtəbəli binanın inşası "Memar İnşaat 2017” MTK tərəfindən aparılır. Şirkət 2018-ci ilin yay aylarından tikintiyə başlasa da, sakinlərin çoxsaylı şikayətlərinə görə bir müddət iş dayandırılıb. Lakin son günlər tikinti şirkəti yenidən qazıntı işlərinə başlayıb. 4 binanın həyətində böyük bir ərazi hasarlanıb, 5 metr dərinliyində özül qazıb. Tikinti şirkəti binanın inşaa planını da lövhədə göstərib. Həmin lövhədə 16 mərtəbəli binaya Dövlət Ekspertiza İdarəsinin 16.03.2018-ci il tarixli, N250043 nömrəli qərarı da əks olunub. Çoxmərtəbəli binanın tikintisinin 2020-ci ilin avqust ayında yekunlaşacağı qeyd olunub. 

Sakinlər bildirdilər ki, dəfələrlə kimliyi bəlli olmayan tikinti şirkəti nümayəndələrinin fiziki və psixoloji zorakılıqlarına məruz qalıblar: "Bir ildən çoxdur ki, bu şirkət müxtəlif yollarla bizi təhdid edir. Sakinləri qorxutmağa çalışırlar. Hətta bir dəfə şirkət iki-üç nəfər adamlarını qadınların üstünə saldı. Dərhal qonşulardan biri Daxili İşlər Nazirliyinin "102” xidmətinə xəbər verdi. Polislər hadisə yerinə gələn zaman həmin şəxslər qaçdılar. Bu barədə aidiyyatı qurumlara çoxsaylı müraciət etmişik. Nəsimi Rayon İcra Hakimiyyəti əraziyə gələrək, şirkətin işini dayandırdı. Lakin bir neçə aydan sonra yenə işə başladılar. Bu şirkətin arxasında kimlər durduğu bizə də maraqlıdır. Biz sakinlər sonu ölüm olsa belə, mübarizəmizi davam etdirəcəyik”.

Sakinlər qeyd etdilər ki, 2017-ci ildə "Fidan” MTK tərəfindən bu ərazidə bina inşası planlaşdırılsa da, sakinlərin xahiş və müraciətləridnən sonra ölkə başçısının tapşırığı ilə həmin ərazidə tikinti işləri dayandırılmışdı.