Bakıda ''Radioquraşdırma'' zavodunda güclü partlayış - VİDEO

Bakıda ''Radioquraşdırma'' zavodunda güclü partlayış - VİDEO

07-02-2018 03:03 / Bu xəbər 2896 dəfə oxundu

FHN: "Yanğın söndürülüb”

Fevralın 6-da, axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki "Radioquraşdırma” Zavodunda partlayış baş verib, yanğın olub.

"Üfiq” İstehsalat Birliyinin tabeliyində olan zavodda baş verən yanğının səbəbləri məlum deyil.

Ərazidə olan Xətai Rayon Polis İdarəsini rəis müavini Fəxrəddin Əliyev hadisədən xəsarət alanın olmadığını deyib:

"Yanğın hadisəsi baş verib, haradasa 100 kvadratmetr yer yanıb. Yanğının nədən baş verməsi araşdırılır, səbəbini birazdan biləcəyik”.

Ətrafda yaşayam sakinlər isə partlayış səsindən qorxduqlarını deyirlər.

"Evdə oturmuşduq, partlayış səsi gəldi. Çölə çıxıb gördük ki, polislər yığılıb. Zavodun içinə də buraxılış yoxdur”-hadisənin şahidi Toğrul Rzayev bildirib.

Fövqəladə Hallar Nazirliyi (FHN) "Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı məlumat yayıb.

Nazirlik bildirir ki, hadisə ilə bağlı saat 19:17 radələrində məlumat alıblar:

"İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək”, – məlumatda vurğulanır.