Barmaqlarını qana batırıb Ərkin divarlarına yazdılar: "Yaşasın Azərbaycan" - Cəmil Həsənli

Barmaqlarını qana batırıb Ərkin divarlarına yazdılar:

12-12-2018 17:13 / Bu xəbər 1225 dəfə oxundu

Cəmil Həsənli, 
Tarix elmləri doktoru, professor

Bu gün 21 Azər hərəkatının 73-cü ildönümüdür. 73 il öncə Təbrizdə Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvəri başda olmaqla 11 nazirdən ibarət milli hökumət yaradıldı. 

Bu tarixi hadisəni o dövrün şairləri belə vəsf edirdilər:

Seçdi ellər xəlq içindən şövq ilə on bir vəzir, 
Olmaya yadlar əlində xəlqimiz bir də əsir! 
Doğma dildə körpələr verməkdə indi səs-səsə,
Ağuşun açmış elə, gəl-gəl deyir hər mədrəsə. 
Qoy məzarından durub əhsən desin Sərdarımız, 
Qoy baxıb övladına fəxr eyləsin Salarımız!

Dostlar bütün İranda müstəbid Rza şah Pəhləvinin heykəlləri birinci olaraq 21 Azər hərəkatından sonra Təbrizdə yaxıldı. Yerinə Gülüstan bağında Səttərxanın, Bağırxanın abidələri qoyuldu. 

Türk dili dövlət dili oldu, ana dilində məktəblər açıldı, Təbriz universiteti, Təbriz radiosu, Təbriz filarmoniyası fəaliyyətə başladı. Hər iki valideynini itirmiş uşaqlar üçün pərvəriş evləri açıldı. Hökumət millətin kimsəsiz qalmış uşaqlarına sahib çıxdı. 

21 Azər hərəkatı dövründə Güneydə yaşayan xalq özünü ölkənin, vətənin sahibi kimi hiss etdi. Üzərindən 73 il keçməsinə baxmayaraq, üzərinə müxtəlif rənglərdə kölgə salınmasına baxmayaraq 21 Azəri, Pişəvəri başda olmaqla bu hərəkatın qəhrəmanlarını yaşadan da onun milli qayəsidir. Bu hərəkat haqqında dərin bir araşdırma aparmağı milli borc bildim. Həmin araşdırma, Bakıda, Harvardda, Oksfordda, Moskvada, İstanbulda və digər yerlədə nəşr olundu. Tarixin yadigarı olan Ərk qalası Təbriz fədailərinin daha bir qəhrəmanlığının şahidi oldu. Qalada son döyüşləri aparan 5 nəfər fədai üç gün İran əsgərlərinə müqavimət göstərdi. 

Son nəfəslərində barmaqlarını vətən torpağına tökülmüş qanlarına batırıb Ərkin divarlarına "YAŞASIN AZƏRBAYCAN" yazdılar. Ərk fədailərinin qəhrəmanlığı dildən-dilə düşdü, nəsildən-nəslə keçdi və yenə də onların ruhu Qoca Təbrizin üzərindədir.

Ərk qalası

(Təbriz - gözəl şəhər silsiləsindən)

Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan, torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə – yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.

Rəsul Rza
1958