Binaların istismara verilməsi tezləşdiriləcək

Binaların istismara verilməsi tezləşdiriləcək

19-02-2019 17:06 / Bu xəbər 1178 dəfə oxundu

Prezident İlham Əliyev fevralın 19-da bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətni AZƏRTAC-da yayılıb.

Fərmanla 2019-cu il yanvarın 1-dək bütün mərtəbələri, yan divarları və dam örtüyünün tikinti-quraşdırma işləri başa çatan yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyən edilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) 2 aya binanın istismara hazır olması ilə bağlı rəy hazırlayıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bina standartlara cavab verirsə, 7 günə onun istismarına icazə verib bu barədə Tikintilərin Dövlət Reyestrinə və FHN-ə yazılı məlumat göndərməlidir.

Sənədə görə, rəy müsbət olmadıqda, göstərilmiş çatışmazlıqlar 5 aya aradan qaldırılarsa, təkrarən FHN-ə müraciət edilə bilər.

Nazirlər Kabineti icazənin formasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla 15 günə müəyyən etməlidir.

Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Verilən məlumata görə, Bakıda yüzlərlə istismara qəbul edilməyən, lakin tikintisi başa çatmış binalar var. Buna səbəb kimi binanın layihəyə uyğun tikilməməsi, layihədə göstərilən torpaqdan kənara çıxması, qaz, elektrik təminatına dövlət qurumlarından icazə alınmaması və başqa hallar göstərilir.