"Bir neçə universitet bağlana bilər" - Açıqlama

17-01-2017 19:44 / Bu xəbər 3444 dəfə oxundu

"Özəl universitetlərin bəzilərinin işi pul toplamaqdır, camaatı soyub talamaqdır”.

Bunu Toplum.Tv-yə təhsil eksperti Nabatəli Qulamoğlu "Təfəkkür" Universitetinin bağlanmasını şərh edərkən deyib. 
Image result for Nabatəli arqument.az
Ekspert bildirib ki, sözügedən ali məktəbin bağlanma səbəbi tələbələrin bu universitetdən üz döndərməsidir: "Burda söhbət bütün özəl universitetlərdən getmir. Məsələn, Qafqaz Universiteti də, Xəzər Universiteti də özəl universitetdir, amma Xəzər universiteti daha da öz nüfuzunu möhkəmləndirir və tələbə qəbulunu davam elətdirir. Burada söhbət "Təfəkkür" və "Odlar Yurdu" kimi universitetlərdən gedir. Məsələ bundadır ki, "Təfəkkür" Universiteti uzun illər bu işlərlə məşğul olub. "Odlar Yurdu" Universiteti də həmçinin. Bunların hamısının işi pul toplamaq, camaatı soyub pul almaqdır. Onlar təhsil vermək iqtidarında deyillər. Bu gün artıq bəllidir ki, bu universitet kadr yetiştirmir. Əgər kadr yetiştirmirsə, onda orda oxumaq da mənasızdır və təbii olaraq tələbələr orada oxumaqdan imtina edirlər. Bağlanmasının da əsas səbəbi budur. Əgər tələbələr bu universitetdə oxumaqdan imtina edirlərsə, demək, maliyyə çatışmazlığı var. Onu da deyim ki, bu qaçılmaz prosesdir. Bu ilk dəfə rastlaşdığımız hal deyil. Güman edirəm ki, Azərbaycanda kifayət qədər təhsil verməyən, sadəcə, pul yığan özəl universitetlər var”. 

Nadir İsrafilov: "Yaxın 1-2 ildə bir neçə universitetin bağlanması baş verə bilər”.
Image result for Nadir İsrafilov
Təhsil eksperti Nadir İsrafilov isə bağlanan universitetlərin siyahısının genişlənə biləcəyini vurğulayıb: "Universitetlərin bağlanmasını təkcə maliyyə ilə əlaqələndirmək olmaz. Bu özəl universitetdir. İkincisi də ki, burada söhbət təkcə universitetlərdən getmir. Bir sıra orta ixtisas təhsili müəssəsələrinin bağlanması və yaxud digər ali təhsil müəssəsələrinin də bitirilməsi üzərində işlər gedir. Biz müstəqillik əldə etdikdən sonra, yəni 1990-cı illərdə sosial-iqtisadi sahələrdə müəyyən boşluqlar əmələ gəldi. Bu keçid dövrünün fəsadları idi və bu boşluqdan istifadə edərək ölkəmizdə ali və orta ixtisas təhsil müəssəsələrinin sayı yağışdan sonra çıxan göbələklər kimi artmağa başladı. Digər tərəfdən bilirsiniz ki, bazar iqtisadiyyatıdır. Onlar da rəqabətə davam gətirmədilər. Azərbaycan Beynəlxalq Universiteti də o vaxt bağlandı. Müəllimlər universitetinin neçə filialında korrupsiya faktları aşkarlandı, bunlar da bağlandı. Müəllimlər İnstitutunun özü Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildi. Bu saat bir sıra kolleclər ali məktəblərin nəzdinə verilir. Bu rasionallaşdırma və optimallaşdırma baxımından görülən işlərdir. Həm də "Təfəkkür" Universitetinin lisenziya müddəti də artıq başa çatıb.  Ola bilər ki, yaxın 1-2 ildə bir neçə universitetin bağlanması baş verə bilər. Burada tələbələrin köçürülməsində, diplomlarının alınmasında problemlər yaşanır. Ümid edirəm ki, Təhsil Nazirliyi həmin tələbələrin müvafiq ixtisaslarla və müvafiq ali təhsil müəssəsələrində yerləşdirilməsində öz imkanlarından, öz potensiallarından istifadə edəcək”.

Asim Mollazadə: "Tələblərə uyğun olmayan universitetlərin fəaliyyəti dayandırılmalıdır”.
Related image
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Asim Mollazadə "Təfəkkür" Universitetinin bağlanma səbəbini belə şərh edib: "Universitetin bağlanma səbəbi, zənnimcə, yetərincə keyfiyyətli təhsil verə bilməməsi ilə bağlıdır. Mənə elə gəlir ki, universitetin bağlanmasında müəyyən qədər Təhsil Nazirliyinin də istəyi olub. Azərbaycanda təhsil sistemində çox ciddi islahat həyata keçirilməlidir ki, həm özəl universitetlərdə, həm dövlət mülkiyyətində olan universitetlərin səviyyəsi beynəlxalq səviyyədə, Avropada "Baloniya" sisteminin tətbiq etdiyi ümumi kurikuluma uyğun olsun. Mənə elə gəlir ki, tələblərə uyğun olmayan universitetlərin fəaliyyəti dayandırılmalıdır”.

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti ötən ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Nazirlik məlumat yayıb ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunub. 

Ali Zeynal