Birinci qrup əlil Hadı Rəcəbliyə açıq məktub yazdı

Birinci qrup əlil Hadı Rəcəbliyə açıq məktub yazdı

04-12-2018 17:35 / Bu xəbər 1177 dəfə oxundu

''Bunu özümə qarşı təhqir və ölümümə verilmiş bir fərman hesab edirəm''

Birinci qrup əlil Rəfail Ağamir oğlu Quliyev Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə açıq məktub yazıb.

Müəllif məktubun bir surətini də Meydan TV-yə göndərib.

Rəfail Quliyev yazır:

"Hörmətli Hadı müəllim! Mən əlil arabasında olan 1-ci qrup əliləm. Sizin 2019-cü il üçün təqdim etdiyiniz yaşayış minimumu haqqında qərarınız mən və mənim kimi əlillərin yaşayışını nəzərə almadan verilə biləcək bir qərardır. Nümunə üçün sizə bir ayda istifadə etdiyimiz vacib olan vasitələrin siyahısını təqdim edirəm. Bəzi əlillərdə, bu, daha çox ola bilər. Mən bunu yüngül dərəcədə olan əlillər üçün öz misalımda qeyd etmişəm.

1. Pampers (bez) 1 qutu (30 ədəd) 33.55 manat ( bəzi əlillər bundan 2 qutu işlədirlər)

2. Uroloji problemləri qarşılamaq üçün ləvazimatlar təqribən 50 manat (ən aşağısını götürmüşəm)

3. Şampun 3×6.50=19.5 manat (bəzən 4 flakon işlədilir)

4. Sabun 2, ya 3 ×1.20= 2.40 və ya 3.60 manat

5. Yod, spirt, spirtli komfra, perekis - ümumilikdə təqribən 10 manat

6. Pambıq, bint (yaxud cuna) təqribən 5-6 manat

7. Yataq yarası üçün ən ücüz maz "Levomikol” - 1 tubası 2.80-3.20 manatarası dəyişir. Yaxşı halda ayda 3-4 tuba işlədilir. Təqribən 12 manat təşkil edir.

Bunlar toplam təqribən 145 manat edir. Bir yataq xəstəsi olan əlil özünü gigiyenik qaydada qorumaq istəyirsə, bunlardan mütləq istifadə edir və bu proses hər ay təkrarlanır. Yox, əgər buna əməl etməsə, qısa zamanda bədəndə çürümə prosesi başlayır”.

Rəfail Quliyev məktubunda daha sonra yazır:

"Cənab Hadı Rəcəbli, sizin təqdim etdiyiniz yaşayış minimumuna uyğun olaraq bir əlilə 155 manat müavinət verilir. Əlil bunun 145 manatını lazımi ləvazimat və preparatlara xərclədi. Bəs özü nə yeməlidir? Hələ geyimini, kommunal xərclərini demirəm. Xüsusən bu dərəcəli əlillərin istiliyə çox ehtiyac duyduqlarını nəzərə alsaq, payız, qış aylarında onlar istiliyə yaxşı halda ayda 50-60 manat xərcləməli olurlar. Bütün bunları siz bilməli və qərarı ölkə başçısına təqdim edərkən bunları nəzərə almalı idiniz. Bunları nəinki nəzərə almamısınız və hələ bunu bizə qarşı böyük diqqət və qayğı hesab edirsiniz. Mən bir əlil olaraq bunu özümə qarşı təhqir və ölümümə verilmiş bir fərman hesab edirəm. Bu, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkənin öz vətəndaşına qarşı ən böyük hörmətsizliyidir. Mən bir əlil olaraq buna açıq surətdə etirazımı bildirirəm. Xahiş edirəm bunu nəzərə alasınız!”

"2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub. 

Hadı Rəcəbli parlamentin iclasında bildirib ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur. Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır.