"Bu proses istənilən dil üçün faciəvi vəziyyətdir"

15-09-2018 02:27 / Bu xəbər 936 dəfə oxundu

Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

Yeni qaydalarla bağlı sosial şəbəkədə və mediada müzakirələr aparılır. Yeni qaydalara təqdir edənlərlə yanaşı, bu dəyişikliklərə etiraz edənlər də var. 

"Dilin köksünü zədələmiş oluruq" 

Filologiya elmləri doktoru Qulu Məhərrəmli Toplum Tv-yə bildirib ki, yeni qaydaların tətbiq olunması ilə dilin köksünü zədələmiş oluruq: "Orfoqrafiya qaydaları ilə bağlı mübahisələrin piqmenti indi xeyli lokallaşıb. Mənim şəxsi mövqeyim dünya dil təcrübələrindən yanadır. Yəni orfoqrafiya lüğətlərinin, dil qaydalarının formalaşmasının konkret  prinsipləri var. Və dünyada 3 prinsip qəbul olunur ki, bunlar - fonetik, morfoloji və tarixi müqayisəli - ənənəvilik prinsiplərdir. Azərbaycan dilinin indiki orfoqrafiya qaydaları həmin 3 prinsip əsasında formalaşıb və bu prinsiplərin bir nisbəti yaradılıb. Dildə sözlər oturuşub, 100 ildən çoxdur ki, bu sözlər dildə mövcud olub. İndi, biz o dilin köksündən bəzi sözləri qopardırıq. Buna müxtəlif qaydalar, prinsiplər tətbiq edirik və yenidən dilin köksünə əlavə edirik. Bu, yolverilməzdir".  

Q. Məhərrəmli qeyd edir ki, yeni maddələrin qəbul edilməsi dilin yaddaşını zədələyəcək, dil daşıyıcılarının bu dilin qaydalarına etibarını və güvənini azaldacaq: "İndiki bu dili yaralama tendesiyası, qayda dəyişmə əməliyyatları heç də Azərbaycan dilinin inkişafına xidmət etmir. Əksinə, bəzi sözlərin yazılış prosesindəki dəyişmələr 25-30 il bu dildə mənfi təsirlərini göstərəcək. Müəyyən dolaşıqlıqlar yaradacaq, dilin yaddaşını zədələyəcək, insanların - dil daşıyıcılarının bu dilin qaydalarına etibarını və güvənini azaldacaq. Hesab edirəm ki, bu  proses istənilən dil üçün faciəvi vəziyyətdir". 

"Dövlət dilimizə təcavüz var"

Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov Toplum tv-yə deyib ki, oturuşmuş qaydalara dəyişiklik etmək anlaşılan deyil: "Məsələn, "ssuda" sözü termindir. Termini necə dəyişmək olar? Mən milli varlığımızın sübutu və əbədi milli sərvətimiz ana dilimizə qəsd görürəm". 
 
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun ictimaiyyətin müzakirəsinə təqdim etdiyi "Orfoqrafiya qaydaları” layihəsində artıq tanınmış, qəbul edilmiş, milyardlarla nüsxələrdə kitablara və xalqımızın zehninə hopmuş, sevə-sevə öyrəndiyimiz Dövlət dilimizə təcavüz var". 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Göytürk isə qoşa "y" hərfinin saxlanmasına etiraz edib: "Akademik İsa Həbibbəylini qeyri-obyektivlikdə, ictimai müzakirənin nəticələrini saxtalaşdırmaqda suçlayanları, bizi isə qeyri-səmimilikdə, sifarişli yazılar yazmaqda ittiham edənləri öz vicdanları ilə baş-başa buraxıram. Susmadıq, mövqeyimizdən geri çəkilmədik, heç kimin şəxsi maraqlarına xidmət etmədik. Bugünkü son müzakirədəki etiraz dolu çıxışımız da bunu bir daha sübut etdi. Bilin ki, son nəfəsimizə qədər dilimizin saflığı uğrunda mübarizə aparacağıq". 
 
Sentyabrın 13-də keçirilən iclasda  "Orfoqrafiya lüğəti" layihəsinin müzakirəsi zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib ki, qoşa "y" samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə 52 səs verildi. Həmçinin qeyd edib ki, 31-ci maddənin lehinə 68, əleyhinə 14 səs, 33-cü maddənin lehinə 77, əleyhinə 8 səs, 40-cı maddənin lehinə 17, əleyhinə 2 səs verilib. 67-ci maddənin lehinə 16, əleyhinə 111 səs verilib. 

Akademik onu da vurğulamışdı ki, vacib olan birlik və həmrəylikdir.  

12 sentyabr tarixində  bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsi Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət etmişdi. 

Edilən müraciətin səbəbi AMEA-nın Orfoqrafiya Komissiyası və Dilçilik İnstitunun nir neçə ay öncə ictimaiyyətə açıqladığı "Orfoqrafiya lüğəti" layihəsi və onun yarada biləcəyi ciddi təhlükələr olub.  

Çoxsaylı müzakirələrin ümumiləşdirilmiş nəticəsinə əsasən  layihənin bəzi maddələri, xüsusilə 22, 37 və 69-cu bəndləri göstərir ki, ana dilinin ənənəsinə və oturuşmuş qaydalarına ciddi müdaxilə faktları var. 

Belə ki, 37-ci bəndə görə əvvəlki orfoqrafiya lüğətlərinin tərkibindəki -iyyat, -iyyət, -iyyə şəkilçisi olan sözlər fonetik prinsipə əsaslanaraq bir y ilə yazılması məqsədəuyğun hesab edilir. 

22-ci bəndə görə  . aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. daxil edilən bir qrup sözün qaynaq dilə uyğunluğu; 69-cu bəndə görə isə əvvəllər apostroflu yazılan sözlərin hecasını digər sözlərlə eyni qaydaya tabe etdirilməsi təklifi irəli sürülür. 

Müzakirələrin məğzinə əsasən nümayəndə heyəti  Orfoqrafiya qaydalarında yamaq kimi görünən, heç bir məntiqə və elmi prinsipə əsaslanmayan 37 və 69-cu bəndlərin layihədən çıxarılmasını təklif etmişdilər". 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitundan təqdim olunan siyahıda aşağıdakı maddələr qəbul edilib: 

- Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi. 
Mövcud variant: ssenari, ssuda. 
Təklif olunan variant: senari, suda.  

- Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi. 
Mövcud variant: boss, brass, ekspress, stress, trass və s. 
Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.  

- Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır. 
Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s. 

 - Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı, ümum-Rusiya, və s. 

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.  

-  Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: 

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi. 

- Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s. 

Samirə Əliyeva