Cəbhəçilər də DİN-də dindirildi

Cəbhəçilər də DİN-də dindirildi

17-04-2018 17:32 / Bu xəbər 2460 dəfə oxundu

Aprelin 17-də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və təşkilatın Gənclər komitəsinin rəhbəri Emil Səlimovun Daxili İşlər Nazirliyində dindirilib.

Bu haqda onların özləri məlumat verib.

İ.Hüseyn və E.Səlimovun Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ifadələri alındığı bildirilir.

Hər iki cəbhəçi idarədə araşdırması aparılan cinayət işi üzrə ifadə verdiklərini açıqlayıblar. Ancaq onlar cinayət işinin detalları haqda məlumat verməyiblər. 

Bu, istintaqın davam etməsi ilə izah edilib.

İ.Hüseyn və E.Səlimov şahid qismində ifadə verdiklərini bildiriblər.

İ.Hüseyn Milli Şura və Müsavat Partiyasının son mitinqlərinin aparıcısı olub.

Gənc cəbhəçilərin ifadəsinin alınması ilə bağlı rəsmi açıqlama verilməyib.

Baş verənlərin səbəbini də DİN-dən öyrənmək mümkün olmayıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də dünən, aprelin 16-da DİN-in eyni idarəsində ifadə vermişdi. 

O.Gülalıyev dindirmədən sonra bildirmişdi ki, onu aidiyyəti olmayan bir cinayət işinə görə çağırıblar. Cinayət işinin detalları haqda danışmayan hüquq müdafiəçisi hesab edir ki, DİN-də sorğu-sual edilməsi əslində fəaliyyəti, sosial şəbəkələrdəki çıxışları ilə bağlıdır.

«Açıqlamalarım son vaxtlar müxalifətçi gənc Fatimə Mövlamlı ilə bağlı olub. Daxili işlər nazirinə, baş prokurora bu işlə bağlı müraciətim də olmuşdu», - hüquq müdafiəçisi qeyd etmişdi.

Hüquq müdafiəçisinin adını çəkdiyi F.Mövlamlı müxalifətçidir. Ötən ayın sonunda yaxınlarına istinadən onun yoxa çıxması haqda xəbərlər yayılmışdı. Onun Milli Şura və Müsavat Partiyasının mitinqindən sonra həbs edildiyi güman edilirdi.

Bundan əvvəl isə onun özü gənclərin keçirdiyi «Diktatoru tanıdaq» aksiyasına görə polisə çağırılaraq hədələndiyini açıqlamışdı.

Bu açıqlamaya da hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmamışdı.

Aprelin 5-də Gülalıyev də daxil olmaqla, hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri, ictimai fəallar tədbir keçirərək, Mövlamlının yoxa çıxmasından narahatlıq ifadə etmişdilər. Ancaq elə həmin gün axşam F.Mövlamlı Facebook səhifəsində öz videomüraciətini paylaşmışdı. Orada gənc qız bildirmişdi ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

Bununla belə, o, sonra yenidən videomüraciət yayıb. O, həmin müraciətində isə aprelin 5-dəki çıxışını təkzib edib və bildirib ki, martın 31-də tutularaq 5 gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində saxlanıb.

Gənc qız həmçinin, açıqlamasında onun vasitəsilə AXCP-nin gənc fəallarına təxribat hazırlandığını iddia etmişdi.

Gənc qızın bu açıqlamasına da Daxili İşlər Nazirliyindən hər hansı münasibət almaq mümkün olmayıb.

Ancaq Azərbaycanın hüquq mühafizə orqanları bu vaxta qədər insanların siyasi əqidəsinə görə şərlənməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib ediblər.///Azadliq.org