Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı - STENOQRAM

Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı - STENOQRAM

05-01-2018 17:42 / Bu xəbər 3958 dəfə oxundu

Gülər Qasımovanın "Açıq ədəbiyyat” kitabından bir parça 

1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. 

"Gənc işçi” qəzeti həmin qurultaydakı əsas çıxışların stenoqramını çap edib. Qurultayı 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib. 

Cəfər Cabbarlı: 

- Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından sonra ədəbiyyatımızda böyük yeniliklər əmələ gəlmişdir. Lakin Az.SİTQ bu qərarların həyata keçirilməsi üçün az iş görmüşdür. 

Cavan yazıçılarımızın tərbiyəsi işində ikinci mühüm faktor mətbuatımız və nəşriyyatımızdır. Mətbuatımızda düzgün olmayan tənqidlərin buraxılması gənc yazıçılarımızı yanlış və dolaşıq yola salır. 

Təşkilat komitəsinin orqanı olan "Ədəbiyyat” qəzetəsinə az fikir verilir. Halbuki "Ədəbiyyat” qəzetəsi gənc yazıçılarımızın bilavasitə rəhbəri olmalıdır.

Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Cavidə böylə bir sual verməyə haqlıdır: "Siz - Cavid yoldaş! 14-15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi?” 

Cavid yoldaşdan yeni əsər tələb edənlər əlbəttə haqlıdırlar. Cavidin verdiyi əsərlər bu günün tələbini ödəyə bilmir. 

Cavidin "Peyğəmbər”ində qadına olan baxış tamamilə köhnədir. Hər bir işçi qadın, indi bundan çox-çox irəli getmişdir. Cavid yeni "Peyğəmbər” yeni əsər yaratmalıdır. Onun "Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır. 

Yaxud "Şeyx Sənan”ı alalım. Cavid "Şeyx Sənan”ın yeni quruluşda oynanılmasına təəccüb edir. Əlbəttə, o, əski quruluşda oynanıla bilməzdi. Ona görə oynanıla bilməzdi ki, ondakı ideya, Sənanın panislamizmi bu günə yaramır. Sənanın sözlərini bu gün Lökbatanda oxuyacaq olsanız, sizə gülərlər.
 
Bizim şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər. 

Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bugünkü böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam”.///Kulis.az