Cənab prezident, havalar pis keçir...

Cənab prezident, havalar pis keçir...

13-12-2018 23:01 / Bu xəbər 1733 dəfə oxundu

Şəmşad Ağa

Bu, uzaq keçmişdə olmayıb, amma yaxın tarixdə də deyildi; onda hələ Azərbaycan tarixinin ən faciəvi "parlament müzakirə yeri deyil" cümləsi Oqtay müəllimin dilindən səslənməmiş, Rövnəq müəllim "pəncərələri açıq qoyursunuz, qaz çıxır", Hadi müəllim, "söyməyin, nəvələrim oxuyur" deməmişdi. 

Onda hələ feysbuka da yenicə öyrəşməyə başlayırdıq. Mark da indiki qədər həyatımıza oturmamış, feysbukda da "demokratiya carçıları", "milli vətənpərvərlər" ordusu yaranmamış, "feminist hüquq müdafiəçiləri" şəbəkələşmiş şəkildə, həm də dəstəbədəstə məişətə nüfuz eləməmişdilər.

Deyəsən, onda hələ Astronomiya fənni də orta məktəbdən yığışdırılmamış, şanlı hökumətimiz də kosmoqonik arzularımızın "Məhsul"unu dərməmişdi. 

Proses yaratmasaq da, düşünürdük ki, proses özü bizi yaradacaq, hansısa demokratiyanın bətnindən ölü, ya diri bayıra atacaq... 

Heç biz onda ağlımızın ucundan da keçirmirdik ki, 2003-də "bizi küçələrdən yığışdırtdıran" ABŞ səfirliyinin demokratiyası bir gün "qoz-fındıq islahatı" adı altında "pendir" bağlayacaq. 

Amma hələ də nəyəsə ümid edirdik. Hər gün bir bəhanə tapıb başımızı qatırdıq ki, nəsə olacaq. Sanki harasa tələsirdik, amma hara, özümüz də bilmirdik. Bilmirdik ki, əslində, heç "tələsən yerimiz də yoxdur".

Heç gözləmirdik də günün birində - daxili təlatümlərimiz, iztirablarımız bülleten şəklində əfruzların yaxasından seçki, oradan da hər hansı bir zibil qutusuna atılacaq.  

Bu o vaxt idi ki, deyəsən, Hüseynqulu Bağırov prezidentin hansısa bir iradına: "Cənab prezident, çalışarıq, havalar yaxşı keçsin", - demişdi. 

Hə, onda şanlı nazirimizin bu fikri diqqətimizi çəkməsə də, troposferdə inversiya yaratmış, Əflatun müəllimin dediyi kimi, "Bozon qatı"nda yepyekə bir dəlik açmışdı. 

Sizə qəribə gəlməsin, "çalışarıq, havalar yaxşı keçsin"in dünya elmində analoqu yox idi. Məhz ona görə də nəinki bu Vanqasayağı deyimi çözə bilməyən Astronomiya fənni, hətta Coğrafiya fənni də tədrisdən çıxarılsa, təhsilimizin imicinə heç bir kölgə düşməyəcəkdi. 

Bunu niyə yazdım: 

Eşitdim ki, Hüseyn müəllim bu yaxınlarda iki-üç jurnalisti məhkəməyə verib, həbs etdirməklə hədələyir. 

"Diffamasiya"nın anası ağlar qalmış bir məmləkətdə bu, təəccüblü görünməsə də, Hüseyn müəllimin belə bir addım atması bir qədər qəribədir. 

Müəllim nazir olduğu dövrdə jurnalistləri ən az məhkəməyə verən məmurlar sırasında yer alırdı, özü də əməllicə iş-güclə məşğul idi. İxtisasca tarixçi - arxeoloq olduğundan hətta ağacların kəsilməsinə qarşı çıxır, əksinə, arxeoloji qazıntı nəticəsində kökündən çıxartdırırdı ki, izi-tozu qalmasın, ekoloji problem yaratmasın... 

İndi isə müəllim işsizlikdən əziyyət çəkir, bekarçılıqdan məmurların təbirincə desək, jurnalist-murnalist tutdurur. Ona görə də onun yenidən ekoloji posta qaytarılmasına ciddi ehtiyac vardır, çünki bu aralar havalar çox pis keçir...