Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var

Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var

17-03-2017 15:47 / Bu xəbər 1679 dəfə oxundu

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Anaxəbər.az saytına qarşı cinayət işi açıb. 

İddiada göstərilir ki, sayt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı kommersiya sirrini yayıb. 

"Qaynar"-ın verdiyi xəbərə görə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Anaxeber.az saytında bu qurum haqqında dərc olunan yazılara görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və burda şikayət əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsi (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma) ilə cinayət işi qaldırılıb. 

Bununla bağlı Anaxeber.az saytının baş redaktoru Azər Talıbov "Qaynar"-a bildirib ki, yazılanlara belə bir reaksiya təəccüb və təəssüf doğurur: "Yazılan faktlarla bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyinin öz fəaliyyətində araşdırma aparıb qüsurları aradan qaldırmaqdansa, belə bir addım atması sovet məmur təfəkkürünü xatırladır. Ortada korrupsiya əməli, bu korrupsiyanı təsdiqləyən sənəd və araşdırılası ünvan varsa, hər halda Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu araşdırmalıdı. Lakin çox təəssüf ki, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu etmək əvəzinə bu korrupsiya faktlarını araşdıran mətbuata qarşı cinayət işi açıb".

Baş redaktor bildirib ki, işlə bağlı bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılıb və ifadəsini də verib: "Məlumatlar da, onların əldə olunması da, bu məlumatların həqiqəti əks etdirməsi də açıqdır, istintaqa şikayətçi tərəf də bəllidir. Ancaq işin başqa tərəfi var. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyi tərəfindən mediaya qarşı belə bir davranış ölkə prezidentinin yürütdüyü şəffaflıq, korrupsiyayaya qarşı mübarizə siyasətinə zərbədir. Haqqımda açılan cinayət işinin anormallığının daha bir sübutu odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur və bizim yaydığımız məlumat kommersiya sirri deyil, məhz korrupsiya faktıdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəsi isə bu korrupsiya faktını araşdırmaqdan ibarət olmalıdır. Bütün hallarda mən bu məsələdə Azərbaycan qanunvericiliyinin keşiyində durmağa, gerçək korrupsiya faktlarını ifşa etməyə borclu olan və prezidentin kursuna sadiq qurumların ədalətinə inanıram”.