"Dövlət iqtisadiyyatın bütün sahələrindən çəkilməlidir" - ŞƏRH

21-06-2017 18:41 / Bu xəbər 1805 dəfə oxundu

İyunun 20-də prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. 

Fərmana görə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb. 

Natiq Cəfərli: "Reklam bazarındakı məhdud rəqabətli mühiti də yerlə bir edəcək"

Yeni yaradılan qurumla bağlı Toplum.Tv-yə danışan iqtisadçı Natiq Cəfərli hesab edir ki, dövlət bacardıqca iqtisadiyyatın bütün sahələrindən çəkilməlidir və rəqabətli şəraiti gücləndirməlidir: 

"Ötən il qəbul olunan yol xəritəsində də hökumət vurğulayıb ki, iqtisadiyyatdan bacardıqca çəkiləcək və azad rəqabətə şərait yaradacaq. Amma təəssüf ki, biz bunu görmədik. Son verilən fərman reklam bazarındakı məhdud rəqabətli mühiti də yerlə bir edəcək. Bundan sonra da reklam bazarı bir dövlət agentliyinin əlində cəmləşəcək. Azad iqtisadiyyat isə azad rəqabət olan mühitdə formalaşır. Hansı ölkədə ki, reklam  bazarı daha rəqabətli şəraitdə fəaliyyət göstərir, o ölkədə iqtisadiyyat da çoxşaxəli modern mühitdə fəaliyyət göstərir. Çünki reklam ticarətin və rəqabətin motoru rolunda çıxış edir". 

N. Cəfərli vurğulayıb ki, dövlətin elan etdiyi yol xəritərələri ilə atdığı addımlar arasında ciddi təzad var: "Azərbaycanda bunun bir əldə cəmləşməsi dolayısıyla ona sübutdur ki, ölkədə iqtisadiyyat dövlətin nəzarətindədir. Biz iqtisadiyyatın dövlətdən ayrılmasını gözləyirdik, tam tərsi baş verdi. Bu da yaxşı bir şey deyil". 

Vahid Əhmədov: "Bu fərman dövlət büdcəsinə əlavə vəsait qazandıracaq"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov Toplum Tv-yə bildirib ki, bu, düzgün qərardır: "Hesab edirəm ki, dövlət başçısı belə bir agentlik yartmaqla çox düzgün qərar qəbul etdi. Ötən il qəbul olunan qanundan sonra bir sıra biz il ərzində  bir sıra qanunlara dəyişiklik elədik. Amma bütün bunlara baxmayaraq, reklamdan gələn gəlirlər müəyyən istiqamətdə istifadə edildi. Bu yolla reklam haqda qanuna riayət olunacaq, reklamla bağlı bütün məsələlər qanunauyğun olaraq öz yerin tapacaq və dövlət büdcəsinə vəsait daxil olacaq".

Deputat dövlət büdcəsinə reklamdan daxil olan vəsaitin gözləniləndən az olduğunu deyib: "Bizim hesablamalarımıza görə dövlət büdcəsinə ildə təxmini 200-500 milyon manata yaxın vəsait daxil olmalı idi. Faktiki olaraq isə 50-60 milyon vəsait daxil olub. Bunun qarşısının alınması üçün belə bir addım atıldı. Hesab edirəm ki, bu fərman dövlət büdcəsinə əlavə vəsait qazandıracaq".

Pərviz Əzimov: "Nizamnamə açıqlanandan sonra bilinəcək"

Marketoloq Pərviz Əzimov deyir ki, yeni yaradılan agentliyin nizamnaməsi tam açıqlanmadığından iş fəaliyyətinin də necə olacağını təsəvvür etmək çətindir: "Bu vaxta qədər buna hər şəhərin icra hakimiyyətinin tərkibində olan reklam şöbəsi baxırdı. Əgər eyni iş yeni yaradılan qurum edəcəksə, bu, yaxşıdır. Çünki əvvəlki sistem marketoloqlar və ya təhcizatçıların işini artırırdı. Hər rayon və ya şəhər icra başçısı ilə ayrıca əlaqədə olmaq, reklam qaydalarını müəyyənləşdirmək, rüsumu ödəmək lazım idi. İndiki qurumun yaradılmasının məqsədi vahid sistemdirsə və əvvəl ayrı-ayrı icra hakimiyyəti reklam şöbəsinin gördüyü işi bir qurum yerinə yetirərsə, bu, yaxşı haldır".

P. Əzimov bildirib ki, qeyd olunan nəzarət əvvəl də olub: "Sadəcə, görünən odur ki, əvvəlki sistem təkmilləşib və vahid sistemə çevrilib. Fərmanın məqsədi, doğrudan da, budursa, müsbət haldır. Çünki artıq biz Qazaxda da, Bakıda da, Masallıda da reklam lövhəsi asmaq üçün bir quruma müraciət edəcəyik. Reklamın 1 kvadrat metri üçün qiymət artımı olmasını gözləmək olar. Ancaq vahid sistemlər, adətən, bu qiymətlərin aşağı düşməsi ilə nəticələnir. Çox az ehtimalla qiymət məsələsindən narahatam. Başqa şeylər nizamnamə açıqlanandan sonra bilinəcək". 

Prezident İlham Əliyev iyunun 20-də bununla bağlı fərman imzalayıb.

Fərmana görə, Dövlət Reklam Agentliyi publik hüquqi şəxsinin yaradılmasında məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni təmin etməkdir.

Agentliyin fəaliyyətinə prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək.

İlham Əliyevin digər sərəncamı ilə Aydın İbadov agentliyin direktoru təyin edilib.

Pərvanə Qurbanlı
Toplum.Tv