Əbülfəz Məlikovun qorxulu “Tulçinka”sı - Ekspert danışır

Əbülfəz Məlikovun qorxulu “Tulçinka”sı - Ekspert danışır

13-10-2016 00:22 / Bu xəbər 4708 dəfə oxundu

Azərbaycanda idxal monopoliyasına nəzarət edən "Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov mediada ölkəyə zəhərli kərə yağları gətirməkdə ittiham olunur. Amma bir müddətdir ki, Məlikov haqqında yayılan məlumatlarla bağlı heç bir açıqlama vermir, yayılan xəbərləri nə təsdiq, nə də təkzib edir... 

Arqument.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, baş monopolist Əbülfəz Məlikov xeyli vaxtdır, Rusiyada müxtəlif kimyəvi vasitələrlə hazırlanmış yağları Azərbaycanda kərə yağı adı altında satır. Belə ki, Əbülfəz Məlikovun birbaşa inhisarında olan "Tulçinka” yağları məhz Rusiyada bu yolla hazırlanır, Azərbaycan istehlakçılarına isə kərə yağı adı təqdim edirilir. Bazardakı konyuktura isə Əbülfəz Məlikovun istəklərinə tam cavab verir. Yəni nisbətən keyfiyyətli yağların bazarda baha olması "Tulçinka”nın reallaşmasını şərtləndirir. 

Ekspertlər hesab edir ki, "Tulçinka” yağlarının təmiz məhsul olmadığını müəyyənləşdirmək üçün ekspertizaya ehtiyac yoxdur. Bu məhsulların keyfiyyətsizliyi ilk baxışdan müəyyən olunur. 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Arqument.az-a açıqlamasında hər ay bazarda satılan keyfiyyətsiz yağlarla bağlı onlarla şikayət aldığını bildirir. Onun sözlərinə görə, istehlakçıların şikayət etdiyi yağlar arasında "Tulçinka” da var: "Bu yağlar qarışıqlardan hazırlanmış və insan sağlamlığı üçün zərərli məhsullar hesab olunur. Təəssüf ki, ölkədə müstəqil ekspertiza olmadığından bazardakı zəhərli məhsullar barədə müvafiz tədbirlər görmək mümkün olmur. İqtisadiyyat və Sənaye Nazirliyi isə prezidentin sahibkarlıq subyektlrində 2 il müddətinə yoxlamaların dayandırılması barədə verdiyi sərəncamı əsas götürərək, heç bir addım atmır. Bunun isə gələcəkdə çox fəsadları olacaq. 2 ildən sonra belə keyfiyyətsiz məhsullarlar mübarizə aparmaq çox çətin olacaq. 

Sahibkarlıq subyektləri üçün prezidentin məlum sərəncamı əlverişli şərait yaradır. Ancaq bundan sui-istifadə halları müşahidə edilir. Hesab edirəm ki, nə qədər rəqabət olmayacaq, bazarlarda zəhərli məhsullar həmişə olacaq. Bu problemi bazar özü yoluna qoymalı və müvafiq qurumlarda tədbirlər görməklə yanaşı əhalini bu istiqamətdə məlumatlandırmalıdır”.

Ekspertin fikrincə, kərə yağı alan istehlakçı ilk növbədə aldığı məhsulun qablaşdırılmasına deyil, onun bərk və yumşaq olmasına fikir verməlidir: "Təmiz kərə yağları bərk formada olur. İstehlakçılar buna diqqət etməlidir. Kərə yağının iyinə aldanmasınlar. Xüsusi kimyəvi maddələr qatmaqla bu iyi almaq olur”.

Qeyd edək ki, "Trans Broker” MMC-nin rəhbərliyi ölkəmizə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla, az qala milyardlarla qazanc əldə etmələri heç kimə sirr deyil. Bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov və onun işçiləri isə hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. 
 
Arqument.Az
Məsud