Əfqanıstan rəsmiləri ilə Taliban arasında danışıqlar Bakıda keçirilməyəcək (Yenilənib)

Əfqanıstan rəsmiləri ilə Taliban arasında danışıqlar Bakıda keçirilməyəcək (Yenilənib)

25-06-2018 16:54 / Bu xəbər 1693 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Əfqanıstan Prezidenti Əşrəf Gani ilə "Taliban” hərəkatının nümayəndələri arasında görüşün Kabildə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. 

Bu barədə H.Hacıyevin mətbuat üçün yayımlanan açıqlamasında deyilir. 

Onun sözlərinə görə, bununla bağlı Kabildə tədbirin keçirilməsi planlaşdırılır. 

Bakıda baş tutacaq tədbirlə bağlı isə, H.Hacıyev qeyd edib ki, 28 iyun tarixində Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək. 

"Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir”.

***

Görüş Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı çərçivəsində olacaq

Bakıda iyunun 28-də Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.

"APA” agentliynin diplomatik mənbələrə istinadən verdiyi xəbərə əsasən, toplantı zamanı Əfqanıstan rəsmiləri və "Taliban” arasında sülh danışıqları aparılacaq. 

Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək.

"Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.

"Taliban” Əfqanıstanda puştunların 1994-cü ildə yaratdığı hərəkatdır. Taliblər 1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanda hakimiyyətdə olublar.

2001-ci il 11 senytabr terror aktından sonra ABŞ "Taliban” hərəkatına qarşı hərbi əməliyyatlara başlayıb və əfqan müxalifətinin dəstəyi ilə hərəkatı hakimiyyətdən kənarlaşdırıblar.

"Taliban” hərəkatı hazırda Əfqanıstan ərazisinin bir çox hissəsinə nəzarət edir.