Əhsən Nuruzadəyə hökm oxundu

Əhsən Nuruzadəyə hökm oxundu

07-03-2018 00:51 / Bu xəbər 2409 dəfə oxundu

Dindar fəal 7 il müddətinə azadlıqdan məhrum edildi

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda onun vəkili Fariz Namazlı müdafiə çıxışı edib. O, ittihamların əsassız olduğunu, Ə.Nuruzadənin fəaliyyətinə görə həbs edildiyini deyib.

Əhsən Nuruzadə son sözündə bildirib:

"Azərbaycanda mənim kimi günahsız, şərlənib həbs olunan yüzlərlə məhbus var. Onların da böyük bir hissəsi inanclılardır. Siz bilirsinizmi ki, həmin inanclı qardaşlarımızın ailələri hansı çətinlikləri çəkir? Toplaşıb, o ailələrə yardım aparanda görmüşdüm, qardaşlarımızdan elələri var ki, övladları çanta, dəftər olmadığından məktəbə gedə bilmir. Elə uşaqlar var ki, qarındolusu yemək yeyə bilmirlər, ac yatırlar. O uşaqların bu cür əziyyət çəkmələrinin səbəbkarı onların atalarını şərləyib həbs edənlərdir. Amma onların ah-naləsi, göz yaşı bir gün günahkarları tutacaq”.

Sonuncu dəfə həbs edilməmişdən əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iki dəfə həbs edildiyini və ona xəbərdarlıq edildiyini deyən Ə.Nuruzadə bildirib ki, birinci dəfə altı gün "bandotdel”də saxlanılıb:

"Deyirdilər ki, "sənin siyasətlə, Xalq Cəbhəsi ilə nə işin var? Taleh Bağırzadəni niyə müdafiə edirsən? Özün kasıb adamsan, məhbus ailələrinə hardan pul verirsiz, hansı təşkilatdan pul alırsız?” Mən də dedim ki, "Vicdanlı qardaşlar təşkilatı”ndan. Öz aramızda qəpik-qəpik ianə toplayıb, ailələrə yardım edirik. İanənin nə olduğunu bilmirdilər”.

Ötən iclasda prokuror çıxış edib və Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və "Müsəlman Birliyi” Hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.