Əli Kərimli sərbəst buraxıldı

Əli Kərimli sərbəst buraxıldı

19-11-2018 13:31 / Bu xəbər 1858 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli və digər fəallar sərbəst buraxılıb.

Bu barədə Məlumata görə, bu gün, noyabrın 19-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinib. 

AXCP sədri 2500 manat cərimə edilib. 

Ə. Kərimli məhkəmə qarşısında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, saxlanılması qanunsuz olub: "Mən bu gün məhkəmədə Şəhidlər Xiyabanının hansı dövlət tədbirinə görə bağlandığının açıqlanmasını tələb etdim, bizə dedilər ki, turistlərə görə bağlanıb. Bu gün biz göstərdik ki, heç kim Şəhidlər Xiyabanını Azərbaycan xalqının üzünə bağlaya bilməz. Növbəti tarixi gündə yenə də birlikdə Şəhidlər Xiyabanına yürüyəcəyik”.

Həbs edilənlərdən hələlik 6 nəfər cərimə olunaraq sərbəst buraxılıb: 

Ramid Nagiyev - 400 manat 
Fatimə Mövlamlı - 500 manat
Sərdar Cəfərov - 400 manat
Nurlan Libre - 500 manat
Ramiz Cəfərov - 500 manat
Tahir Həsənli - 400 manat

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. 

Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsinə aparılmışdılar. 

Ümumilikdən 30-a qədər şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli sərbəst buraxılmışdı.