Əliyevlərlə bağlı maltalı jurnalistə məlumat ötürən şəxs polisə təslim olub

Əliyevlərlə bağlı maltalı jurnalistə məlumat ötürən şəxs polisə təslim olub

22-03-2018 13:21 / Bu xəbər 2494 dəfə oxundu

Avropa Parlamenti bəyanat yayaraq Yunanıstanı mənbənin təhlükəsizliyini təmin etməyə çağırıb

Maltalı jurnalist Dafne Karuana Qaliziaya (Daphne Caruana Galizia) məlumat ötürdüyü deyilən rusiyalı Maria Yefimova Yunanıstan polisinə təslim olub. Onun jurnalistə Əliyevlərlə bağlı məlumat ötürdüyü bildirilir.

Dafne Karuana Qalizia ötən il oktyabrın 16-da öldürülüb. Malta polisi onun avtomobilində bomba partladıldığını açıqlayıb.

Həmin ilin iyun ayında Karuana Qalizia Maltanın Baş naziri Cosef Muskatın adının korrupsiyada hallanmasını səbəb göstərərək erkən seçki çağırışı etmişdi. 

Onun sözlərinə görə, kiçik Maltada yerləşən bank sənədləri göstərir ki, Muskatın həyat yoldaşının Panamada şirkəti var və həmin şirkətlə Azərbaycanda müəyyən bank hesabları arasında böyük məbləğdə pul köçürmə əməliyyatları həyata keçirilib. 

Həm Muskat, həm də həyat yoldaşı ittihamları rədd edərək, Karuana Qalizianı böhtan atmaqda günahlandırıblar. Muskat növbəti seçkilərdə asanlıqla yenidən seçilib.

Qısa müddət öncə Karuana Qalizia öz bloqunda müxalif siyasətçiləri sərt tənqid edib.

Məlumatlara görə, Maria Yefimova Karuana Qaliziaya deyib ki, Azərbaycanın hakim ailəsinin 1 milyon avronu Maltanın Baş nazirinin həyat yoldaşı Mişel Muskatın hesabına köçürülməsinə dair sənədləri görüb.

Azadlıq Radiosu yazır ki, Avropa Parlamentinin üzvləri martın 20-də bəyanat yayaraq Yunanıstan hakimiyyətini onun təhlükəsizliyini təmin etməyə çağırıb. Qadın Afinada polis məntəqəsinə gedib.

Noyabrda Avropada Yefimovanın həbsi ilə bağlı order çıxarılıb.

Bundan öncə isə o, Karuana Qaliziaya Malta və Azərbaycan hökumətləri arasında mümkün qanunsuz əlaqələr barədə yazısı üçün vacib informasiya verməkdə suçlanıb.

Avropa Parlamenti bəyanatında Yefimovanı "Maltada korrupsiya və çirkli pulyuma üzrə təhqiqatda vacib şahid” adlandırıb.

O, ötən il özü və ailəsi üçün qorxduğunu deyərək Maltadan qaçıb. 

Malta və Kipr hakimiyyəti fərqli əsaslarla onun barəsində həbs qərarı çıxarıb.

Maltadakı qərar bu ölkədə qeydiyyata alınmış "Pilatus Bank”-ın ittihamı əsasında çıxarılıb. 

Yefimova bankda çalışarkən ondan oğurluq etməkdə suçlanır. Bu bankın adı korrupsiya iddialarının əsasında durur. Yefimova isə ittihamları danaraq banka qarşı iddia qaldırıb.

Kiprdə həbs qərarı burada qeydiyyatdan keçmiş "Fragrance Distribution”-un oxşar mənimsəmə ittihamı əsasında çıxarılıb. 

Qadın Maltaya köçməzdən öncə burada çalışıb. Yefimova bu ittihamı da təkzib edir.

Yunanıstan onu bu ölkələrdən birinə ekstradisiya etməklə bağlı qərar verməlidir.

Avropa Parlamentinin Yunanıstandan olan üzvü Stelios Koloqlu (Stelios Kouloglou) deyib ki, onun Maltaya mümkün ekstradisiyası həyatına təhlükə yaradar:

"Maria Yefimova barəsində həbs qərarı Malta hakimiyyətinin gülünc ittihamlarına söykənir”.

Stelios Koloqlunun deməsinə görə, Yefimovanın Yunanıstanda yaşam izni alması üçün müraciət hazırlamasına kömək edir.

Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Ana Qomes (Gomes) AB ölkələrindən tələb edib ki, Yefimovaya informasiya ötürücüsü statusu, ciddi risk altında olduğundan ona sığınacaq, yaxud beynəlxalq qoruma verilsin.