Elmar Məmmədyarov Sergey Lavrova cavab verdi

Elmar Məmmədyarov Sergey Lavrova cavab verdi

17-01-2017 18:04 / Bu xəbər 1309 dəfə oxundu

''Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq''

Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun açıqlamalarına cavab verib.

Sergey Lavrov yanvarın 17-də keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirib.

Elmar Məmmədyarov isə APA-ya eksklüziv müsahibəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir:

"O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələridir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu çağırış deyil, BMT TŞ-nın tələbidir”.

Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərinə də münasibət bildirən E.Məmmədyarov deyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis mümkündür. Əgər razılığa gəlinsə, bu, gələcəkdə muxtar respublika ola bilər.

XİN rəhbəri rusiyalı həmkarının aprel döyüşlərinin səngiməsində Rusiyanın rolunu qeyd etməsi fikrinə də toxunub:

"Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq”.

Jurnalistin "Lavrov bloqqer Aleksandr Lapşinin azad olunması məsələsinə də toxunub. Bu barədə nə deyə bilərsiniz” sualına nazir belə cavab verib:

"Bu sırf hüquqi müstəvidə baxılan məsələdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində "İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”.