Əmr gəlib ki, vətənpərvər olasınız!

Əmr gəlib ki, vətənpərvər olasınız!

26-05-2018 11:02 / Bu xəbər 2496 dəfə oxundu

Azər Rəşidoğlu

Biz bir millət olaraq səmimiyikmi? Səmimiyyət çox mühüm keyfiyyətdir. Ərazisinin 20 faizi işğal edilən, 30 ilə yaxın işğalla barışan, Şuşa və Xocalıdan sonra hələ də qisas barədə düşünməyən bir millətin ədəbiyyata bu qədər həssaslığı nədir, əcaba? 

Əkrəm Əylislinin çox az adamın oxuduğu əsərinə verilən təpki (Əkrəmi mən də qınayıram) erməni-rus işğalçılarına verilsəydi, indi başımızı aşağı salmazdıq başqa millətləri, məsələn, çeçeni, ərəbi görəndə. 

Allaha and içirəm ki, Rüstəm İbrahimbəyovun filminə çox adam baxmayıb, amma hamı söyür, ssenarini də oxumayıb, amma söyür. Çünki əmr belə gəlib, əmr ediblər ki, vətənpərvər olasınız. Qarabağ həssas mövzu imiş. Qarabağ belə həssasdırsa, işğalla niyə barışırıq?! 

Ura-patriorizim naqislikdir, vətənpərvərliklə əlaqəsi belə yoxdur. 

Dövlət telekanalına və rəsmi mətbuata çıxıb, gözünü yumub, ağzını açırsansa, qarşı tərəfin müdafiə haqqını belə tanımırsansa, hanı sənin ədalətin? Kampaniyanın ən adi iştirakçısısan və bu utancvericidir. Hər kəs görür və bilir axı, sən hiddətlənib eləmirsən, özünü əsəbi göstərirsən, hiddətlənmək sənlik deyil, hiddətlənən bir millətin qız-gəlinini 26 il girov saxlamırlar, torpağını əlindən almırlar, üzünə tüpürmürlər. 

Qarabağ hər bir azərbaycanlının namusudur. İşğal olunan da namusumuzdur. Rüstəmi və ya Əkrəmi söyməyə nə var ki? Onlar cavab verməyəcək ki? Uzağı bir əsər yazacaqlar, onu da bəyənməyəcəyik, özü də oxumadan bəyənməyəcəyik, bitəcək məsələ. 

Qarabağla manipulyasiya etməyək. Rüstəmi söyək, döyək, dərisini soyaq, qır qazanında qaynadaq, Əkrəmin qulaqlarını, burnunu, əllərini, ayaqlarını kəsək, gözünü çıxardaq. Bunu edək ki, ürəyimiz soyusun. Soyuyacaqmı? Əsla. Çünki torpağımızı - namusumuzu alıblar, qəzəbliyik, zavallı axtarırıq ki, onu döyək, söyək, özümüzü qəhrəman sayaq. 

Allaha and olsun ki, o filmə baxmamısınız və Allaha and olsun ki, baxmaq fikriniz də yoxdur, səmimi olun, çörəyinizi qazanın, vətəndən danışanlar, gedək, birlikdə torpağı azad edək.

Pedofilə belə söz haqqı tanınır, yazaramı tanınmayacaq? Ölkədə nə qədər vətənpərvər var imiş? Biri, övladı erməni ilə işləyən, video-fotoları olan biri, məni blok edib, yazmışam ki,torpağın işğalı ilə barışmaq olmaz. Guya özü, polisin informatoru olmasına və övladının adının erməni kəşfiyyatı ilə bağlanmasına baxmayaraq, özü vətənpərvər imiş. Digərləri də onun kimi. Milləti qəzet edib, gözümüzə soxurlar. 

P.S. Nə Əkrəmin, nə də Rüstəmin məlum əsərini bəyənirəm, amma hər ikisini nəhəng yazıçı hesab edirəm! 1937-ci il olsaydı, yaxud 1933-cu ilin Almaniyası olsaydı, indi yəqin məni də asacaqdılar. Şükür Allaha, 2018-ci ildir və mən azad bir dünyada yaşayıyam... "Fransız" demiş, millətimə qurban olum, amma siz də millət olun da...///qaynar.info

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.