Əxlaq nədir?

Əxlaq nədir?

22-06-2018 17:05 / Bu xəbər 4910 dəfə oxundu

Səməd Rəhimli 
Hüquqşünas
 
Gəlin, başdan başlayaq və ilk bu sualı verək: əxlaq nədir?

Əxlaq sosial normaların (qaydaların) bir növüdür. Misal üçün hüquq kimi. Hüquq da sosial normaların bir növüdür. Hüquq rəsmi davranış qaydalarını tənzimləmək üçün nəzərdə tutulan sosial normadır və dövlətin gücü ilə tətbiq edilir.

Bəs əxlaq necə sosial normadır? Əxlaq xeyir və şər, doğru və səhv məsələlərini tənzimləyən sosial normadır. Onun üçün əsas məsələ xeyir və şərin, doğru və səhvin təyin edilməsidir. Belə təyinat isə ancaq ictimai müzakirə ilə mümkündür. Başqa sözlə, hüququn legitimliyi dövlətin gücündən gəlirsə, əxlaqın legitimliyi ictimai müzakirədən gəlir. Eləcə də əxlaq legitimliyini ictimai müzakirədən aldığı üçün onun aparatı da, bir qayda olaraq, "ictimai qınaq" olur.

Bundan əlavə, bütün sosial normalar kimi əxlaq da müəyyən ictimai münasibətlər zəminində formalaşır. 

Məsələn, feodal-tayfa münasibətlərinin əxlaqı ilə sivil (vətəndaşlıq) münasibətlərin əxlaqı arasında fərq olur.

Nəticə olaraq, hansısa davranış qaydasının əxlaq sayılması üçün onu ilk əvvəl ictimai müzakirə ilə müəyyən etməliyik. Yaxşı, bizdə insanların ictimai yerlərdə necə geyinməsi və buna dair xeyir-şər, doğru-səhv məsələləri ictimai müzakirənin predmeti olubmu?

Xeyr. 

Bizdə məsələ belədir təxminən: 1930-cu illərdə yazıb-oxumaq öyrənən tayfa adamları vəzifəyə gəliblər. Öz təfəkkürlərinin təmsil edən feodal-tayfa əxlaqını da özləri ilə birlikdə vəzifəyə gətirib ordan cəmiyyətə təlqin ediblər. Bununla da indiki dominant feodal-tayfa əxlaqı formalaşıb.

Biz bu cür sovet təlqini feodal-tayfa əxlaqını riayət etməyə borclu deyilik. Feodal-tayfa əxlaqı legitim deyil. Çünki ictimai müzakirənin nəticəsi deyil. Əxlaq da bu cür feodal-tayfa təfəkkürünün təmsilçilərinin inhisarında deyil və olmamalıdır.

Biz təzə cəmiyyətik (yəni təzə müstəqil olmuşuq). Bizim əxlaqımız hələ formalaşmayıb tarixi olaraq. Ona görə də biz əxlaq qaydalarını ictimai müzakirəyə çıxartmalıyıq. Bu müzakirələrin mümkün nəticələri bizim əxlaqın legitimləşdirmə vasitəsi olacaq.

Əxlaqın ictimai müzakirəsi də meyarsız olmamalıdır təbii ki. Biz bəşəri tarixin bir hissəsi olan əxlaq fəlsəfəsinə əsaslanmaqla Azərbaycan əxlaqının ictimai müzakirəsini aparmalıyıq.

Onların (sovet reliktlərinin) əxlaqı feodal-tayfa əxlaqıdır, bizim (vətəndaşların/sivillərin) əxlaqımız isə sivil və rasional əxlaqdır. 

Bizim sivil və rasional əxlaqımız legitimdir.

Yazı müəllifin feysbuk profilindən götürülüb.