Gürcüstan hökumətindən tələb: "Fərman Ceyranlını dərhal azad edin"

Gürcüstan hökumətindən tələb:

11-12-2018 03:12 / Bu xəbər 1134 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurası Gürcüstanda saxlanılaraq 6 il azadlıqdan məhrum olunan professor Fərman Ceyranlı ilə bağlı etiraz bəyanat yayıb

Milli Şura bəyan edib ki, rəsmi ittihama görə Fərman Ceyranlı rəhbərlik etdiyi, Tiflis şəhərində fəaliyyət göstərən "Lanset” klinikasında qaraciyər transplantasiyası zamanı xəstənin həyatını itirməsində günahkar bilinir:

"Milli Şura əminliklə qeyd edir ki, bu, siyasi həbsdir və Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Professor Fərman Ceyranlının Tiflisdə, AXCP sədrinin müavini Gözəl Bayramlının Gürcüstan-Azərbaycan sərhədində və tənqidçi-araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tiflisdən oğurlanaraq Bakıya gətirilib, həbs olunması ilə eyni dövrdə baş verib. Belə ki, bu hadisələr, hökumətin müxalifətə qarşı böhtan və qarayaxma siyasətinin əsas təbliğat ruporlarından olan haqqin.az saytının, yuxarıda adları çəkilən şəxslərin həbs edilməsi tələbilə hökumətə müraciətindən az sonrakı dövrə təsadüf edir. Həmin müraciətdə deyilirdi ki, Fərman Ceyranlı Tiflisdə siyasi mühacirlərin fəaliyyətinin koordinasiyası və müxalifətin maliyyələşdirilməsi ilə məşğuldur”.

Bəyanatda vurğulanır ki, Əfqan Muxtarlının 2017-ci ilin may ayının 29-da Tiflisin mərkəzində oğurlanaraq Azərbaycana gətirilməsində Gürcüstanın dövlət orqanlarının əməkdaşlarının iştirak etməsi təkzibedilməz faktdır: "Məhz o səbəbdəndir ki, indiyədək Gürcüstan tərəfi yerli vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların ciddi tələblərinə baxmayaraq, bu cinayətin üstünü açmayıb. Hətta ölkə prezidenti Georgi Marqvelaşvilinin işə qarışması da bu işə yardım edə bilməyib. Fərman Ceyranlının həbsi, aparılmış istintaq və davam edən məhkəmə prosesi göstərdi ki, bu iş də Əfqan Muxtarlı məsələsində olduğu kimi Azərbaycandan alınmış sifariş əsasında təşkil edilib və bir əməliyyatın tərkib hissəsidir”.

Bəyanatda bildirilib ki, Tiflis Apelyasiya Məhkəməsinin prosesi dəfələrlə təxirə salması, süni şəkildə uzatması və hələ də hökm çıxarmaması, bu həbsin siyasi sifariş olduğunu göstərir. 

Demokratiya sahəsində inqilabi dəyişikliklərə imza atmış, postsovet ölkələri arasında hüquqi dövlət standartlarına ən çox yaxınlaşmış, NATO və AB üzvlüyünün bir addımlığında olan Gürcüstanda bu cür hüquqi özbaşınalığın baş verməsi çox üzücüdür: "Gürcüstanın dövlət orqanlarının qeyri-legitim, korrupsiyaçı və cinayətkar Əliyevlər rejiminin öz opponentlərinə qarşı çirkin üsullarla mübarizəsində yer almasından dərin narahatlıq bildirir və Fərman Ceyranlının dərhal azad edilməsini tələb edirik”.

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib.

O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.