Hacıbala Abutalıbovun "pulyuyan maşını"

Hacıbala Abutalıbovun

29-03-2018 19:21 / Bu xəbər 8544 dəfə oxundu

Adı Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi və Bakı merinin "pulyuyan maşını" kimi xarakterizə edilən Ramazan Mirzəyevlə bağlı yeni məlumatlar yayılıb.
 
Məlumatlarda "tender kral”ı Ramazan Mirzəyevin əsas şəriklərindən biri Bakı Şəhər İcra başçısı Hacıbala Abutalıbovun olduğu iddia olunur.
 


Ramazan Mirzəyev 

Arqument.Az-a verilən məlumata görə, Bakı meri ilə Ramazan Mirzəyev 10 ilə yaxındır ki, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyiblər: "2009-2017-ci illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə 1 milyarda yaxın vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Hacı Ramazan Mirzəyevin böyük payı olduğu iddia edilir". 
 
Hacıbala Abutalıbovun "pulyuyan maşını" Ramazan Mirzəyevin həm də Rabitə Nazirliyinin sabiq aparata rəhbəri, hazırda dövlət əmlakını mənimsədiyinə görə həbsdə olan Vidadi Zeynalovun yaxın dostu, şəriki olduğu vurğulanır.
 
Məlumatda deyilir ki, Hacıbala Abutalıbovun "pulsilmə" əməliyyatını da məhz Ramazan Mirzəyev və Rafail Mehrəliyev həyata keçirir. Hətta bir müddət öncə Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisi Rəfail Mehralıyevin adı beynəlxalq araşdırmalarda gündəmə gəldi. Belə ki, Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. 
 
"Ramazan Mirzəyevə gəlincə, onun şirkəti olan "Məmmədoğulları” MMC ilə Bakı Şəhər İcra Hakimiyəti arasında bağlanan bir çox müştərək müqavilələri "pulyuyan maşın" əməliyyatına misal göstərmək olar", - məlumatda deyilir. 
 
İndiyə qədər mediada yayılan və təkzib olunmayan məlumatlarda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin bütün avtomobillərinin təmiri ilə "Məmmədoğulları” MMC məşğul olur: "Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülür. Bundan başqa "Bakı Şəhər İcra Hakimiyyəti "Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında kirayə avtomobillər götürərək istifadə edir".
 
Mənbə deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı avtomobillərin təmiri və müxtəlif maşınların meriyaya icarəyə verilməsi "tender kralı” ilə Hacıbala Abutalıbova külli miqadrada qazanc gətirir: "Avtomobillərin təmiri və icarəsi işlərində qiymətlər bir neçə dəfə şişirdilərək dövlət büdcəsi talan edilir. Ancaq Hacıbala Abutalıbovla Ramazan Mirzəyevin Bakı meriyası hesabına pul qazanmaq əməliyyatları bununla bitmir".
 
Ötən il qlobal.az-ın yaydığı məlumatda iddia edilirdi ki, paytaxt meriyasının balansında olan idarə və təşkilatların inzibati binalarının, parkların, səkilərin, təmirində istifadə edilən matreallar "Məmmədoğulları”MMC-dən alınır: "Həmin matrealların qiymətləri ucuz olmasına baxmayaraq, dövlətə dəyərindən bir neçə dəfə baha satılır".
 
Bundan başqa şəhər meriyasının təmir etdiyi bütün yolların asfaltının Ramazan Mirzəyevə məxsus zavoddan alındığı bildirilir: "Şişirdilmiş material əməliyyatlarında Hacıbala Abutalıbovla Ramazan Mirzəyev milyonlara xeyir əldə etdiyini iddia edilir".
 
Məlumatda qeyd olunur ki, sabiq MTN naziri Eldar Mahmudova yaxın münasibətdə olduğu iddia olunan Ramazan Mirzəyevin cari ildə Bakı Şəhər İcra Hakimiyyətinin tenderlərində adı ictimaiyyətə bəlli olmayan, yaxın ətrafının, dostlarının adına rəsmiləşdirilən şirkətlərlə iştirak edir. Ancaq bu heç də o demək deyil ki, "Məmmədoğulları MMC" tender maxinasiyalarından kənarda qalıb: ""Məmmədoğulları" MMC-nin Mədəniyyət və Turizm Nazirliyi ilə də iri həcmdə tender müqavilələri var. "Məmmədoğulları" MMC 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin "qalibi" olub". 

Vidadi Əliyev
 
"Ramazan Mirzəyevin əsas adamlarından biri də Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentində şöbə rəisi vəzifəsində çalışan Vidadi Əliyevdir. Vidadi Əliyev Ramazan Mirzəyevin bir sıra şirkətləri ilə bərabər, həm də onun Zirə qəsəbəsindəki pomidor parniklərini idarə edir", - məlumatda deyilir.
 
Vidadi Əliyev iki il bundan əvvəl Ramazan Mirzəyevlə 10 milyonlarla dəyəri olan tenderdə birgə "qalib" olublar: "Tenderdə "Sədərək bazarı" ətrafında ağır metal konstruksiyalardan 40-a yaxın fermalar yığılmalıdır. Ramazan Mirzəyevlə Vidadi Əliyev bu tenderdə qalib olsalar da, görüləcək işin hələ ki maliyyə məsələlərinə görə dayanıb. Ramazan Mirzəyevin özünəməxsusluğu həm də ondan ibarətdir ki, o nəinki şəriklərini, hətta ən adi işçisini sadə zümrədən seçmir. Çalışır ki, onunla şərik olanların, onun tabeliyində çalışanların böyük vəzifələrdə qohum-əqrabası olsun. Elə Vidadi Əliyevi özünə şərik seçərkən də onun qudasının vəzifəsi mühüm amil olub. Qeyd edək ki, Vidadi Əliyevin qudası sabiq ədliyyə generalı Xanlar Zeynalovdur". 
 
Xatırladaq ki, bir müddət öncə hacı Ramazan Mirzəyevin şirkətində bir çox vəzifəli şəxslərin yaxın qohumlarının çalışdığı barədə informasiyalar yayılmışdı. Məlumatda qeyd olunurdu ki, Təhsil Nazirinin müavini Ceyhun Bayramovun əmisi oğlu Elməddin Bayramovun, Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin xalası oğlu İlqar adlı şəxsin, Hesablama Palatasının şöbə rəisi Firiş müəllimin əmisi oğlu Xəqani Abışovun Ramazan Mirəyevin şirkətində işlə təmin olunublar. 
 
Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən "Kontakt Home” mağazasının və "Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir. 
 
Məlumata görə Ramazan Mirzəyev və Rafil Mehrəliyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa edib. Həmin zavoda onun oğlu, Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin Nicat Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir. 
 
Ramazan Mirzəyev xeyriyyə tədbirində
 
Bir müddət öncə Ramazan Mirzəyevin adı bir sıra xeyriyyə işlərində hallanmağa başladı. Hətta onun rayonda bir şəhidin ailəsinə ev tikib hədiyyə etdiyi deyilirdi. Sonradan Ramazan Mirzəyev nədənsə xeyriyyə "aksiyalarını" dayandırıb.
 
Məlumata görə, buna səbəb Ramazan Mirzəyevin hədəfə gələ biləcəyindən ehtiyat etməsi olub. Yaxınları da ona məsləhət görüblər ki, daha bu cür xeyriyyə işlərini dayandırsın. 
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq, amma qurum rəsmiləri açıqlama verməkdən imtina etdilər...