Həbs edilmiş blogerin səhhətinin pisləşdiyi deyilir

Həbs edilmiş blogerin səhhətinin pisləşdiyi deyilir

13-12-2017 17:04 / Bu xəbər 1836 dəfə oxundu

İnzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində saxlanılan bloger Namiq Sadıqlının səhhəti kəskin şəkildə pisləşib, bu barədə Turan-a onun vəkili Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, son günlər ona 4 dəfə "təcili yardım" çağırılıb və bir dəfə hətta şəhər klinik mərkəzinə aparılıb.

Fəal bildirib ki, həkimlər onu xəstəxanada saxlamaq istəyiblər, amma hüquq-mühafizə orqanlarının nümayəndələri buna icazə verməyiblər və o, təcridxanada müalicə alır.

Sadıqlı soyuqdəymədən, güclü daxili ağrılardan şikayət edirdi. Amma onu saxlanma məntəqəsinə tez qaytardıqlarına görə dəqiq diaqnoz qoyulmayıb.

Səhhətindəki problemlərə baxmayaraq, Sadıqlı ruh yüksəkliyini qoruyub saxlayır və həmkarlarına salam göndərib.

Vəkil həmçinin Sadıqlının həbsi ilə bağlı apellyasiyaya baxılmasının əsassız olaraq uzadıldığını bildirib.

Mustafayev hələ dekabrın 6-da Nəsimi rayon məhkəməsinə şikayət verib. Qanuna görə birinci instansiya məhkəməsi dərhal şikayəti Apellyasiya Məhkəməsinə göndərməli idi. Apellyasiya Məhkəməsi şikayət daxil olduqdan sonra bir gün ərzində ona baxmalıdır. Amma artıq bir həftə keçib.

Vəkil hazırda apellyasiyanın harada olduğunu bilmir.

Nəsimi rayon məhkəməsinin qərarı ilə Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı dekabrın 1-də polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) 30 gün müddətinə həbs edilib. Partiya nümayəndələri siyasi motivlərlə təqib edildiyi qənaətindədirlər.