“Hökumət doğru hesablama aparmır” - Natiq Cəfərli

“Hökumət doğru hesablama aparmır” - Natiq Cəfərli

09-03-2017 19:52 / Bu xəbər 3160 dəfə oxundu

Borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği  2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub. Adambaşına düşən xarici dövlət borcu isə 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.

Məlumatı "Report” yayıb. 

Bəs görəsən, bu borc Azərbaycanın potensialına uyğun olaraq qorxulu hədd hesab edilirmi?

Toplum TV bu suala cavab tapmağa çalışıb.

"Azərbaycan hökuməti doğru hesablama aparmır”. 

Bunu iqtisadçı Natiq Cəfərli Toplum Tv-yə açıqlamasında deyib. 
Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun hesablanma aparılsa, əslində, açıqlanan dövlət borcu 2 dəfə artıq olmalıdır: 

"Azərbaycan hökuməti doğru hesablama aparmır. Dünyada qəbul olunmuş bir qayda var ki, dövlət borcu həm dövlətin özünün birbaşa aldığı borc sayılır, həm də dövlət zəmanəti ilə alınmış borclar da dövlət borcu sayılır. Hətta bəzi ölkələrdə kommersiya təşkilatlarının borcu da ümumi borcun tərkib hissəsi kimi qeyd olunur. Azərbaycanda isə dövlət borcundan daha çox dövlət zəmanəti ilə dövlət şirkətlərinin aldığı borclar təşkil edir. Məsələn, SOCAR-ın xarici borcu dövlətin aldığı borc səviyyəsindədir. Bundan başqa, AZAL-ın, "Azərenerji”nin və digər dövlət şirkətlərinin də dövlət zəmanəti ilə alınmış borcları var ki, bu da dövlət borcu səviyyəsində hesablanmalıdır. Beynəlxalq standartlara uyğun hesablanma aparılsa, görərik ki, əslində, açıqlanan dövlət borcu 2 dəfə artıq olmalıdır. Azərbaycan sürətlə borclanır. Bu haqda hökumət ciddi bir tədbir görmür. Əslində, hazırda danışıqlar gedir və bir çox layihə üzrə Azərbaycan kəskin şəkildə borclanmağı nəzərdə tutur. Gələn 2 ildə hökumətin azı 8 milyarda yaxın yeni borc alma ehtimalı var. Bu məsələlər Azərbaycanda borcun necə kəskin artdığını və gələcəkdə böyük təhdid yarada biləcəyini söyləməyə əsas verir. Cəmi 2 il bundan öncə Azərbaycanın xarici borcu ümumi daxili məhsula olan həcmində cəmi 7-8 faiz idi. Bu da çox yaxşı göstərici sayılırdı. İndi isə tək dövlət borcunun səviyyəsi 25 faizi keçib. Dövlət zəmanəti ilə alınmış borclar da hesablansa, artıq dövlət borcunun ümumi daxili məhsula nisbəti 60 faizə yaxınlaşıb”.

"Nə qədər az olsa, o qədər yaxşıdır"

Deputat Vahid Əhmədov isə açıqlamasında qeyd edib ki, Azərbaycanda dövlət borcu həmişə aşağı səviyyədə olub: "Dövlət borcu nə qədər az olsa, o qədər yaxşıdır. Azərbaycanda dövlət borcu həmişə aşağı səviyyədədir. Elə dövlətlər var ki, dövlət borcu dövlət büdcəsinin faizi qədərdir. Bir zamanlar qoruyub saxlaya bilmişik, amma indi neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dövlət borcunda da müəyyən problemlər yaradır”.
2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3 faizə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4 faizə bərabər olub. 

Hesabata əsasən, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.

1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Alya A.